Tolerant ölkədə məzhəb qarşıdurması mümkünsüzdür Hadisə

Tolerant ölkədə məzhəb qarşıdurması mümkünsüzdür

Azərbaycanda hətta başqa dinlərə bu qədər dözümlü yanaşıldığı halda, məzhəbçi zəmində qarşıdurmaya ümumiyyətlə real əsas yoxdur

Cavid

Regionda məzhəb düşmənçiliyinin qızışdırılması, bu yöndə gərginlik yaradan xəbərlərin dövriyyəyə buraxılması, eləcə də xüsusən də radikal dini qrupların dini zəmində düşmənçilik yaratmağa yönəlmiş çağırışlar Azərbaycan cəmiyyətində də müəyyən narahatlıq yaradır.
Qeyd edək ki, Azərbaycanda uzun illər boyu oturuşmuş tolerantlıq ənənələri mövcud olub. Ancaq son illərdə, xüsusən də Suriyada savaş başladıqdan sonra Azərbaycanda bəzi radikal dini qrupların təmsilçilərinin Yaxın Şərqdəki proseslərə qatılmasının və Suriya və İraqdakı hərbi-siyasi proseslərdə iştirakının, özlərinin "cihad" adlandırdıqları qanlı münaqişəyə cəlb olunmaları, üstəlik bu prosesə daha çox insanı cəlb etmək cəhdlərinin də şahidi oluruq.
Suriyada savaşın davam etməsi və ayrı-ayrı mənsub azərbaycanlı "cihadçı"ların bu savaşa qatılması və bir çoxlarının öldürüldüyü də faktdır. Doğrudur, bu günədək Azərbaycanda məhz məzhəbi yöndə qarşıdurma və ya terror cəhdi olmayıb. Ümumiyyətlə üzdəniraq məzhəbçi qarşıdurmalara heç zaman meydan olmamış Azərbaycanda bu zəmində təfriqəçiliyin olması ehtimalı yoxdur.
Ancaq narahatedici məqam ondan ibarətdir ki, Azərbaycanda məzhəb qarşıdurmasının yaranmasında maraqlı qüvvələr ola bilər. Bu qüvvələrin qızışdırması nəticəsində dini vəziyyəti gərginləşmək, qarşıdurmalar yaratmaq cəhdləri mümkündür. Hecə ki, bir neçə gün əvvəl mediada xaricdəki vəhhabi alimlə danışan Azərbaycan vətəndaşının ona yönəldici suallar vermişdi və cavabında gərginlik yaratmağa səbəb ola biləcək fətvalar almışdı.
Bu baxımdan ictimaiyyətin, xüsusən də media təmsilçilərinin və din sahəsində çalışan qurum və şəxslərin daha diqqətli olması gərəkdir.
Ötən gün Sabirabadda bir vəhhabinin zorla saqqalının qırxılması ilə bağlı məsələnin bəzi qüvvələr tərəfindən şişirdilərək qarşıdurmasına çevirmək cəhdləri də narahatlıq doğurur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə də bu olaya sərt reaksiya verib və bəyanatla çıxış edib: "Bu addımı kim atıbsa çox ciddi səhv edib və həmin şəxs özbaşınalığa görə cəzasını almalıdır".
A.Paşazadə bu addımın daha çox təxribat xarakterli olduğunu deyib, hansı qüvvələrinsə ölkədə daxili sabitliyi pozmaq istədiyini bildirib: "Ölkə daxilində məzhəbdaxili qarşıdurmalar yaratmağa qadir qüvvələr yoxdur. Ayrı-ayrı şəxslər arasında kiçik söz-söhbət ola bilər, amma bu elə şəxslər arasında məsələ kimi də qalacaq. Azərbaycanda geniş mənada dini tolerantlıq var, bu səbəbdən məzhəblərarası toqquşmaların baş verməsi mümkün deyil".
QMİ sədri mətbuata tövsiyə verməyi də unutmayıb. Onun fikrincə, mətbuat bu məsələyə həssas yanaşmalı, hadisəni şişirtməməlidir: "Mətbuat bu məsələyə həssas və ölçülü-biçili yanaşmalıdır. O ki, qaldı kimlərinsə neçə maşınla buradan Sabirabada hərəkət etməsi, vəhhabilərin kimlərəsə kütləvi hücum etmələri kimi əsassız xəbərlərin yayılmasına, bu daha çox hadisələrin qızışdırılmasında maraqlı olan qüvvələrin təxribatına oxşayır".
Onu da qeyd edək ki, Pew Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, bəzi müsəlman dövlətlərində məzhəblər arası gərginlik olsa da, Azərbaycanda bu təhlükə yoxdur. Mərkəz Azərbaycan, İran, İraq, Livan və Əfqanıstanda 5 minə yaxın müsəlmanı danışdırıb.
Sorğuda məqsəd məzhəblər arası münaqişənin olub-olmadığını və varsa, səbəblərini ortaya çıxarmaq olub.
Sorğuda ilk sual radikal qruplar və məzhəblər arası gərginliklə bağlı olub. Livanda rəyi soruşulanların 67, İraqda 53, Əfqanıstanda 44, İranda isə 23 faizi ciddi şəkildə bu cür problemlərinin olduğunu düşünür.
Azərbaycanda isə müsəlmanların 98-i nə məzhəblərarası gərginlikdən, nə də radikallardan şikayətçidir.
Maraqlıdır ki, sorğunun keçirildiyi ölkələrdə dini etiqad azadlığının durumu haqda fikirlər də ölkələr üzrə dəyişir. Livanda bütün müsəlmanların 90, İranda 84, Əfqanıstanda 72, İraqda isə cəmi 48 faizi istədikləri kimi dinə etiqad edə bildiklərini deyir.
Azərbaycanda isə dini etiqad azadlığının durumu hər 10 müsəlmandan 7-ni qane edir.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayılın fikrincə, Azərbaycan cəmiyyəti kifayət qədər tolerantdır. Başqa dinlərə bu qədər dözümlü yanaşıldığı halda, məzhəbçi zəmində qarşıdurmaya ümumiyyətlə real əsas yoxdur. Ümumiyyətlə Azərbaycanda məzhəb söhbəti məscidlərdən kənarda gündəmə gətirilmir: "Məsciddən kənarda sünni-şiə qarşıdurması yoxdur, heç vaxt da olmayıb. Bu da onunla bağlı idi ki, bir sıra rayonlarda məscid tək olur, orda ibadət edənlər arasında fərqli mövqelər o zaman ortaya çıxır. Qarşıdurmaya gəlincə, bu gün cəmiyyətdə bu müstəvidə qarşıdurma yoxdur".
İ.İsmayıl onu da bildirib ki, əgər bu gərginlik məsciddən kənara çıxacaqsa, bunu yenə elə məsciddəkilər edəcək. Başqa adamlara təsir göstərmək, onları öz sıralarına cəlb etmək metodlarından yararlanmaq cəhdləri ola bilər: "Necə ki, vəhhabilər insanları öz tərəflərinə çəkmək üçün xüsusi vasitələrdən istifadə edirlər. Bu proses nəzarətdən çıxarsa, radikallaşar, radikallaşdıqda isə qarşıdurma yarana bilər. Bu istiqamətdə verilən anonsa ciddi reaksiya olmalıdır. Din, məzhəb pərdəsi altında fəaliyyət göstərməyə başlayanda hətta bütövlükdə toplum narazı olsa da, ona qarşı aktiv etirazını bildirmir, çünki onlar Allahın, peyğəmbərin, müqəddəslərin adından danışırlar. Məzhəblər arasındakı ilkin gərginlik təzahürlərinə ciddi yanaşılmalıdır. Bunun qarşısı həm xüsusi xidmət orqanları tərəfindən alınmalı, həm də maarifləndirmə işi aparılmalıdır".
Ekspert bildirib ki, bu kimi təhlükələr həm İrandan, həm də Rusiyadan gəlir: "İrandan tamam başqa istiqamətdə gəlir. Deyim ki, burda radikal şiələr var, terror törədəcəklər, yox! Zaman-zaman bu istiqamətdə cəhdlər olub. Şimaldan da belə təhlükələr gəlib. Onlar üçün maraqlı deyil ki, burda hansı məzhəb dominantlıq təşkil edəcək. Onlar üçün bu ölkədə qarışıqlıq olması, təzyiq altında qalması maraqlıdır ki, yeri gələndə bundan maksimum istifadə eləsinlər.
Yadınızdadırsa, burda yəhudi müəllimin öldürülməsi ilə bağlı fətva verilmişdi, amma sonradan terrorun qarşısı alındı. Burda məqsəd kimisə öldürmək deyil, Azərbaycanı təzyiq altında qoymaq idi. O cümlədən, Şimali Qafqazdan gəlib burda təbliğat aparanlar... Bax, bu məqamlar Azərbaycan üçün təhlükə vəd edir".
Ekspert Ələsgər Məmmədli isə bildirib ki, hadisəyə düzgün hüquqi qiymət verilməlidir: "Sabirabadda baş verən hadisə sıradan bir hadisə deyil. Bu hadisənin təxribata çəkmək cəhdi olduğu qənaətinə gələ bilərik. Təxribatçı bir şəxs digər bir şəxsi təhqir edir, saqqalını kəsir. Bu hadisə xuliqanlıq, xırda məişət zəminində münaqişəyə bənzəmir. Baş verənlərə hüquqi qiymət verilməlidir ki, daha da dərinləşməsin. Qaldı ki, məzhəblərarası gərginlik barədə iddialara, ümumilikdə, Azərbaycanda dini qarşıdurmalar yox səviyyəsindədir. Xırda qarşıdurmalar ola bilər. Ancaq kütləvi şəkildə məzhəb münaqişəsi yoxdur".
Digər ekspert Şahin Həsənli isə qeyd edib ki, bu hadisə birmənalı şəkildə pislənməlidir: "Hüquqi dövlətdə belə addımların atılması yolverilməzdir. Təqsirkarlar cəzalandırılmalıdır. Mən bunu məzhəb qarşıdurması hesab etmirəm. Baş verənlər dinə o qədər də bağlı olmayan insanlar tərəfindən yaradılmış hadisədir. Amma Azərbaycanda dini qarşıdurma mümkün deyil. Ölkədə oturuşmuş, dinlərarası münasibətlər var. Bu tipli hərəkətlərin həddən artıq şişirdilməsinin, uzadılmasının, yanlış informasiyaların yayılmasının tərəfdarı deyiləm. Kimsə sosial şəbəkələrdə hər hansı statusu yazırsa, mətbuat bunu hər hansı bir cərəyanın fikri kimi tirajlamamalıdır".
Qamət Süleymanov isə məscidlərdə təbliğatın düzgün aparılmadığını deyib: "Bu cür problemlər ara-sıra baş verir. Ola bilər ki, daha əvvəl belə hadisələr bu qədər ictimailəşdirilməyib. Zərərçəkən şəxs başına gələnləri polisə deməmişdi. Videonun yayılması hadisənin ictimailəşməsinə səbəb oldu. Baş verənlər, sadəcə, qurulmuş bir plandır. Bu məsələdən istifadə edənlər ola bilər. Bu cür hadisələr pislənməlidir, qarşısı alınmalıdır".