Mətbuatda fərdi üslub yoxdur Hadisə

Mətbuatda fərdi üslub yoxdur

Dekabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası və KİVDF- nin birgə dəstəyi ilə "Azərbaycan media məkanında ədəbi dilin qorunmasına dəstək" layihəsi çərçivəsində iyun-noyabr aylarında (2018- cil il) aparılan monitorinqin nəticələri açıqlandı. Tədbirdə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, akademik Nizami Cəfərov və media kapitanları iştjrak edib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov qeyd etdi ki, monitoriq 25 mətbuat orqanında aparılıb: "Monitorinqlərin nəticələri mətbuata daim açıqlanıb. Monitorinq zamanı mətbuatda daha çox durğu işarələrinin, Azərbaycan dilinin leksik və qrammatik normalarının pozulduğunun şahidi olduq. Ümumilikdə isə 14 mindən çox səhv aşkarlanıb".
Azərbaycan Mətbuat Şurasının dil üzrə monitorinq qrupunun rəhbəri İlham Abbasov"Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək" layihəsi çərçivəsində keçirilən "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda monitorinqin 15 qəzet və 10 elektron mətbuat orqanında aparıldığını bildirdi: "Son 6-7 ildir ki, Azərbaycan mətbuatında davamlı olaraq bu cür monitorinqlər aparılır. 2011-ci ildən aparılan monitorinqlər zamanı nə Dilçilik İnstitutu, nə də Dil haqqında Dövlət Proqramı imzalanmamışdı. Mətbuat Şurasının monitorinqləri sayəsində biz dilin problemləri barədə mövcud qurumların, rəsmilərin diqqətini cəlb etdik. Mətbuat və KİV qarşısında Azərbaycan dilinin qrammatik, leksik qaydalarının qorunması, əməl etmək öhdəliyi var".
İlham Abbasov bildirdi ki, "Mətbuatda şifahi nitqdə və yazıda Azərbaycan dilinin istifadəsi zamanı bir çox anlaşılmaz ifadələr müşahidə olunur. Biz Azərbaycan dilində mövcud olan anlayışların ingilis variantını istifadə edirik. Bəzi qurumların qısaltmaları, abreviaturalarının Azərbaycan variantı deyil, ingilis dilində olan variantı istifadə edilir. Məsələn, UNEC və s. Son dövrlərdə İqtisadiyyat Universiteti israrla tələb edir ki, mətbuat ali məktəbin adının abreviaturasının məhz ingilis dilində olan formasını yazsın. Bu doğru deyil".
Mütəxəssis qeyd edib ki, son dövrlərdə Azərbaycan dilinin normalarına riayət olunması üçün zəruri tədbirlər görülür: "Təəssüf ki, bu qədər diqqətin yönəldilməsinə baxmayaraq səhvlər hələ qalır, yəni çoxdur. Yaxşı cəhət odur ki, mətbuatda leksik pozuntular xeyli azalıb, amma qrammatik və üslubi pozuntular hələ də qalır. Azərbaycanda çıxan istənilən mətbuat orqanında, istənilən yazıçının əsərində vergül səhvi var.
Daha sonra çıxış edən monitorinq qrupunun üzvü Bəhrəm Məmmədov monitorinq aparılan qəzet və saytlardan nümunələr səsləndirdi. Ekspert bildirdi ki, mətbuatda səhvlər daha çox tərcümə edilən xəbərlərdədir: "Müsahibə zamanı jurnalist müsahibin fərdi və yazılı nitqi arasında fərqi duymur. Reportaj zamanı isə jurnalist məsələnin mahiyyətini bilmədiyi üçün səhvlərə yol verir. Monitorinq zamanı isə daha çox qrammatik səhvlərə rast gəlindi. Cümlə üzvləri düzgün sıralanmır, bəzən isə cümlədə ikinci dərəcəli cümlə üzvləri var, amma mübtəda yoxdur. Bu cür səhvlər Azərbaycan mətbuatında yetərincədir".
AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy mətbuatda səhvlərin çox olmasını qeyri-peşəkarların bu sahədə həddən artıq olması ilə əlaqələndirdi: "Dilin qaydalarını bilməyən jurnalist doğru yaza bilərmi? Nöqsanları aradan qaldırmağın yeganə yolu dili sevməkdir. Qəzetlərdə, redaksiyalarda redaktorlara, korrektorlara ehtiyac var. Durğu işarələri ilə bağlı institut əməkdaşları ayrıca dərslik hazırlayırlar."
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cəzaların icrası üçün tədbirlər planı hazırlandığını vurğulayan direktor bildirdi ki, bununla bağlı Dilçilik İnstitutuna məktub daxil olub. Bir çox ölkələrdə ədəbi dil normalarının pozulmasına görə inzibati cəza tədbirlərinin tətbiq edilməsi təcrübəsi var."
Akademik Nizami Cəfərov monitorinq qrupunda çalışan ekspertlərə təşəkkür edərək bildirdi ki, qeyd olunan bütün səhvləri jurnalistin səhvi kimi qələmə vermək yanlışdır: "Məlumdur ki, bu gün redaksiyalara hər kəs yazı göndərir. Buna baxmayaraq, bu cür monitorinqlər davamlı aparılmalıdır. Bu məsələ dövlət başçısını da narahat edir. Deməli, bizlər bu problemin aradan qalxmasına çalışmalıyıq.Aparılan monitorinqlərin nəticəsində dil normalarının düzgün işlənməsinə diqqətin artdığı, səhvlərin azaldığı göz qabağındadır: "Bu gün dillə bağlı ən böyük narahatlıq mətbuatdadır".
Nizami Cəfərov bildirdi ki, bu gün Azərbaycan mətbuatında publisistik üslub çökür: "Fərdi üslub isə heç yoxdur. Bu gün mətbuatda daha çox siyasi və elmi üslub geniş yayılıb. Qeyd olunan səhvlər publisistik üslubda deyil. Düşünürəm ki, monitorinq yazılı və elektron mətbuatla yanaşı, televiziya və radioda da davamlı olaraq aparılmalıdır. Monitorinqin nəticəsində redaksiyaların, redaktorların fəaliyyətinin hansı səviyyədə olması aydın görünür."
KİVDF-nin icraşı direktoru Vüqar Səfərli səhvlərin çoxunu texniki səhv adlandırdı: "Bu gün qəzetlərin maliyyə vəziyyəti hər kəsə məlumdur. Maliyyə problemi səbəbi ilə qəzetlərdə köməkçi redaktor, korrektor vəzifələri ləğv edilib. Bir redaktor gündəlik yayımlanan qəzetlərdə dərc olunan bütün yazıları eyni dəqiqliklə oxuya bilməz. Buna baxmayaraq, monitorinqlər davamlı aparılmalı və nəticələr əsasında tövsiyyələr, problemin həlli yolları da açıqlanmalıdır."
Mətbuat Şurasının Dil Komissiyasının rəhbəri Nəsir Əhmədli qeyd etdi ki, dil millətin varlığıdır: "Dilimizin hansı səviyyədə qorunması bizlərdən asılıdır. Biz dilimizi yad ünsürlərdən uzaq tutmalıyıq."
Mətbuat Şurasının Dil Komissiyasının rəhbəri çıxışı zamanı bir sıra təkliflərini tədbir iştirakçılarına təqdim etdi:
1) Redaksiyalarda çalışan jurnalistlər attestasiyadan keçməlidirlər.
2) Redaksiyalarda çalışmaq istəyən yeni əməkdaşlar Azərbaycan ədəbi dil normalarından imtahan versin.
3) Redaksiyalar və saytlar kadr seçimi zamanı jurnalistika və filologiya ixtisasını bitirən məzunlara üstünlük versinlər.
4) Redaksiya və saytlarda yazılara görə məsuliyyət daşıyan redaktorlar yüksək əmək haqqı ilə işə cəlb olunsunlar.
5) Azərbaycan ədəbi dilinin normaları əsasında vəsaitlər dərc olunsun.
6) BDU jurnalistika fakültəsinin əsasında ödənişli kurslar təşkil olunsun.
7) Jurnalistlər üçün mütəmadi mütəxəssis təlimləri keçirilsin.
8) TV, radio, qəzet və saytlarda dillə bağlı verilişlərə, yazılara diqqət yetirilsin.
9) Redaktorlar AMEA Dilçilik İnstitutu və filologiya fakültəsi olan universitetlərlə sıx əməkdaşlıq etsinlər.
Sonda tədbir iştirakçıları monitorinqin nəticələri ilə bağlı öz fikirlərini səsləndirdilər.