“Mühəndislər üçün biznes təhsili” layihəsi Hadisə

“Mühəndislər üçün biznes təhsili” layihəsi

Bakı Ali Neft Məktəbinin (BANM) BP şirkəti ilə birgə həyata keçirdiyi "Mühəndislər üçün biznes təhsili" layihəsinin bağlanış mərasimi olub. BANM-dən bildirilib ki, proqram Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması məqsədilə reallaşdırılıb. BANM-ın rektoru Elmar Qasımov bildirib ki, "Mühəndislər üçün biznes təhsili" proqramı innovativ təhsil layihəsi olaraq gənc mühəndislərin sosial bilik və bacarıqlarının formalaşmasına öz töhfəsini verib. Rektor layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə BP şirkətinə öz təşəkkürünü bildirib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycanın uzunmüddətli tərəfdaşı olan BP şirkəti üçün sosial sərmayələr arasında təhsil sahəsinin hər zaman önəmli olduğunu vurğulayıb. O, yüksək texniki biliklərə sahib olan gənclərin çox zaman sosial bacarıqlara ehtiyacı olduğunu və bu proqramın həmin tələbələrin karyera qurmasına kömək edəcəyini bildirib.
Tədbirdə, həmçinin proqramın iştirakçıları çıxış edərək tədris olunan modulların yeni sosial biliklərin əldə edilməsində rolundan danışıb və təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Daha sonra proqramı uğurla başa vuran 56 iştirakçıya sertifikatlar təqdim edilib. Tədbirdə, həmçinin ən yaxşı üç təlimçiyə sertifikat verilib. Layihədə BANM-in tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin, Bakı Mühəndislik Universitetinin və digər universitetlərin tələbələri iştirak ediblər.