Dövlət Komitəsində cari ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib Hadisə

Dövlət Komitəsində cari ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib

Hicran Hüseynova: "Qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruzqalma riskini azaldır"

"Texniki, innovativ, neft sənayesi və digər sahələrdə təhsil alan qadınların sayı artır". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tədqiqatların analizi də onu göstərir ki, qadınlar dövlət sektorunda işləmək arzusundadır. Statistik rəqəmlər də onu təsdiq edir ki, qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda işləyir:"Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir təcrübə var. Dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Dövlət Gömrük Komitəsində 2-ci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20%-ə qədər yüksəlmişdir. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq. Digər dövlət qurumlarında da belə bir imtahan testləri aparmaq niyyətindəyik".
"Bu il sosial siyasətin tərkib hissəsi kimi ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üçün daha güclü mexanizmlərin yaradılması sahəsində mühüm işlər görülüb"-deyən Hicran Hüseynovanın sözlərinə görə, 2018-ci il Azərbaycan üçün çox əlamətdar hadisələrlə zəngindir. Bütün sahələrdə dinamik inkişaf təmin edilib və bu proses davam etməkdədir.
H.Hüseynova qeyd edib ki, qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir.
Onun sözlərinə görə, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruzqalma riskini azaldır: "Ölkədə ömür uzunluğunun artması əməkqabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil almaq və yeni peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır".
H.Hüseynova bildirib ki, qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var: "Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri buna əyani misaldır. Yeri gəlmişkən qeyd edim ki, bu il biz Resurs Mərkəzlərinin sayını 8-ə çatdırmışıq. Bu Mərkəzlər Qusar, Zaqatala rayonları və Bakının Xəzər rayonlarında yaradılıb. Regional Mərkəzlərin fəaliyyəti gündən-günə genişlənir və yerli əhali real nəticələri görür. İl ərzində Mərkəzlərin fəaliyyətindən 20 748 vətəndaş bəhrələnib".
Komitə sədri təəssüflə bildirib ki, bu gün dünyada ailələrin sayının azaldığını müşahidə edirik:"Bir çox ölkələrdə isə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. Dünyada son 53 ildə boşanmaların sayı 2 dəfə artıb, nikahların sayı da bir o qədər azalıb. Biz bu gün ətrafda nə görürük? Ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır. Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır".
H.Hüseynova əlavə edib ki, bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini ötüb.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda 2 milyon yüz mindən çox ailə var. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var: "Lakin qeyd etməliyəm ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Biz araşdırırıq ki, ailələrdə hansı risklər var? Bu neqativ tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik?"
H.Hüseynova qeyd edib ki, ilk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.
Onun sözlərinə görə, ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün "Ailə psixoloqu" institutunun yaradılması da qarşıda dayanan məsələlərdəndir.
Komitə sədri hesab edir ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür: "Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki, bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır".
H.Hüseynova deyib ki, ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır: "Biz görürük ki, insanlar öz ailə üzvləri ilə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz valideynlər və uşaqlarla görüşlər keçirir, texnologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk. Eyni zamanda, ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün "Ailəlikcə kitabxanaya" layihəsi keçirilir. Bu, həm uşaqlarımızın kitaba, mütaliəyə marağını artırır, həm də ailə üzvlərini bir- birinə daha da mehriban edir. Baxmayaraq ki, ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə qanunvericilik bazası yaradılıb".
Komitə sədri bildirib ki, bununla yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir.