Musiqili Teatrın kollektivindən Mehriban Əliyevaya müraciət Hadisə

Musiqili Teatrın kollektivindən Mehriban Əliyevaya müraciət

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edib.
Bu barədə APA-ya Dövlət Musiqili Teatrından məlumat verilib.
Bildirilib ki, Teatrın kollektivi Mehriban Əliyevaya mərhum aktrisa Xanım Qafarovanın xəstəliyi dönəmində onun müalicəsi üçün edilən köməkliklərə görə minnətdarlıq məktubu göndərib. Məktubda deyilir: "Bizim teatrın aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti Xanım Qafarovanı Siz əvvəlcə Türkiyədə müalicə etdirdiniz. Məhz Sizin qayğı və şəfqətinizlə o, daha bir neçə ay yaşaya bildi. Lakin bu yetmədi. Vəziyyətinin ağırlaşdığını biləndə Siz onun müalicəsinin İsraildə davam etdirilməsi üçün göstəriş verdiniz. Təəssüf ki, səfərə hazırlıq ərəfəsində Xanım Qafarova dünyasını dəyişdi. Lakin Siz yenə də onun ailəsini tək buraxmadınız. Son ana qədər Xanım Qafarovanın doğmalarını diqqətdə saxladınız və ən ağır məqamlarda ailənin bütün qayğısını çəkdiniz, dəfn mərasimi, yas mərasimi zamanı onları çətinlik çəkməyə qoymadınız.
Biz, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi olaraq Sizə bu xeyirxahlığınız, diqqət və qayğınız üçün minnətdarıq".