“Prezident zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib” Hadisə

“Prezident zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib”

Kəmaləddin Heydərov: "Evlərin təmir-bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq"

Fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.
Baş verən zəlzələnin fəsadları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib ki, hadisə ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: "Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb".
Şamaxı Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumatda bildirilir ki, Fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub:"Yeraltı təkanlar nəticəsində rayona verilən elektrik enerjisində 40 dəqiqəyə yaxın fasilə yaranıb. Görülən operativ tədbirlər nəticəsində elektrik enerjisinin verilişi 00:10 radələrində bərpa olunub... Xəstəxananın təcili yardım şöbəsinə 19, terapiya şöbəsinə 4, cərrahiyyə şöbəsinə isə 3 müraciət daxil olub. Xəstələr ambulator müalicə alaraq evə buraxılıb, reanimasiya şöbəsində isə 5 nəfər müalicə alır. Vəziyyətləri qənaətbəxşdir".
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib ki, zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" Çağrı Mərkəzinə 4 rayon üzrə 73 müraciət daxil olub. O bildirib ki, zəlzələ zamanı heç bir ölüm hadisəsi olmayıb: "Yalnız 3 nəfər həyəcanlanıb, hadisə yerindən uzaqlaşmaq istəyərkən xəsarət alıb. Onlardan ikisinin ayağı, digərinin isə qolu sınıb. Hazırda həmin şəxslərin müalicəsi davam edir. Ümumiyyətlə, belə təbii fəlakət zamanı fəsadların cüzi, itkinin isə olmaması yaxşı haldır. Heç bir evdə böyük uçqun halı qeydə alınmayıb. Yalnız evlərin divarlarında, yəni içəridən və çöldən çatlar, dağıntılar olub".
Nazirin sözlərinə görə, Prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib: "Dövlət başçısının tapşırığına əsasən, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlər aparılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri bu işdə yaxından iştirak edəcəklər. Şamaxı sakinləri bu hadisəni böyük təşvişlə qarşılamayıblar, çünki buna ehtiyac da yox idi. Əhali qorxmadan yanaşıb. Rayon icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında köməklik edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar. Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq".
Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Şamaxıda baş verən zəlzələ ilə bağlı təcili yardıma 30 müraciət daxil olub. Qeyd olunub ki, fevralın 5-dən 6-na keçən gecə Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb: "Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib". Nazirlikdən bilidirilib ki, 1 nəfər cavan adamın həyacandan dili tutulub: "Həmin şəxs də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyacandan beyninə qan sızıb…".
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev bildirib ki, zəlzələ nəticəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasına 30 nəfərə yaxın xəstə müraciət edib. Baş həkimin sözlərinə görə, daxil olan xəstələrdən 3 nəfər travma, digərləri isə şəkərli diabet və ürək xəstələri olub: "Xəstələrə yardım göstərilib, onlar evə buraxılıb. Cəmi 1 qadın şəkərli diabet xəstəsi olduğu üçün qəbul edilmişdi, həmin qadının da səhhəti normallaşdığı üçün evə buraxıldı…".
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, Şamaxıda baş verən zəlzələ nəticəsində əraziyə içməli suyun verilməsində problem yoxdur. Onun sözlərinə görə, qurum əməkdaşları əraziyə baxış keçirib: "Rayon ərazisindəki anbarlarda, hidrotexniki qurğularda vəziyyət yaxşıdır. Şəbəkədə hər şey qaydasındadır".
Təhsil Nazirliyi Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib. Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçiriblər.
Fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində baş verən zəlzələ zamanı rabitə sisteminin işində problem yaranmayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib. Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib.
Zəlzələ ilə əlaqədar AZSIĞORTA şirkəti Şamaxıda operativ qərargah qurub. Şirkətdən verilən məlumata görə, bu an üçün AZSIĞORTA-ya artıq 30-dan çox müraciət daxil olub. Daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, AZSIĞORTA zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah qurub. Həmçinin müraciətlər *6565 nömrəsi ilə qəbul edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələnin sürüşmə sahələrinə təsiri öyrəniləcək. Bu məqsədilə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb. Monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrupun üzvləri sözügedən rayonlara ezam olunub.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri ötən gecə zəlzələ olan bölgələrdə dağıntılar qeydə alınan yerlərdə sakinlərlə görüşüb. İctimai Birlikdən bildirilib ki, fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən hər bir sakinin evində olan RİİB nümayəndələri mövcud vəziyyət barədə məlumatlar toplayır və onların həlli üzrə müvafiq icra strukturları ilə birgə işlər aparır. Sakinlərin hər birinin zəlzələdən sonrakı problemlərinin qısa müddət ərzində həll ediləcəyi bildirilib.
İsmayıllı Fövqəladə Hallar Komissiyasından isə bildirilib ki, zəlzələ nəticəsində İsmayıllı rayonunun üç kəndində əvvəlcədən qəzalı vəziyyətdə olan evlərdəki çatlar böyüyüb. Bildirilir ki, Sulut, Kələveyvə və Sərsurə kəndlərində əvvəlcədən qəzalı vəziyyətdə olan evlərdəki çatlar böyüyüb.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib ki, zəlzələ Şamaxıda və Qobustanın şimalında bəzi vulkanların aktivləşməsinə təsir edə bilər. A.Əliyev bildirib ki, güclü zəlzələ vulkanları oyadır: "Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Güclü zəlzələ enerji toplayan palçıq vulkanının oyanmasına təkan verir. Amma zəlzələdən sonra vulkanların vəziyyətinin necə olduğunu yoxlamaq üçün əraziyə ekspedisiya təşkil etmək lazımdır. Lakin hazırda zəlzələnin vulkanlara necə təsir etməsi barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu zəlzələdən sonra Şamaxıda və Qobustanın şimalında bəzi vulkanlar püskürsün".
Şöbə rəhbəri seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin sayının çoxaldığını da nəzərə çatdırıb.