Tanınmış teatr rəssamı Hadisə

Tanınmış teatr rəssamı

Nüsrət Fətullayev səhnəni əsərdə "oynamayan" yersiz əşyalarla ağırlaşdırmağın əleyhinə idi

XX yüzilliyin ziqzaqlı, qarışıq hadisələri Azərbaycanın mədəni-mənəvi həyatına təsir etməyə bilməzdi. Ancaq bütün olmazın çətinliklərə, problemlərin bolluğuna baxmayaraq bu, yaradıcı yüzillik idi. Bu dövrdə heç kəsə bənzəməyən, özünəməxsus milli sənətkarlar doğuldular, yaşayıb-yaratdılar, adlarını tariximizin silinməz səhifələrinə yazdılar. Bunlardan biri də Nüsrət Möhsün oğlu Fətullayevdir.
1913-cü ilin payız vaxtında Lənkəranda bir uşaq dünyaya göz açdı. Adını Nüsrət qoydular. 1920-ci ildə Nüsrətin ailəsi Bakıya köçdü. Gözünün önündə baş vermiş hadisələri uşaqlıq yaddaşına yazdı. Onun fitri istedadı sürətlə üzə çıxmağa başladı: insanların hərəkətini, tarixi hadisələri bir seyrçi rəssam kimi beyninə köçürər, sonra da kağız üzərində müxtəlif cizgilər edərdi. Gənc Hüsrət həm də təhsil aldığı Teatr texnikumunda daha geniş məkanlara can atardı. Bir gün o, Azərbaycan Dövlət Dram teatrının dekorativ sexinə təcrübəyə gəldi. Bu gəliş onun sehrli bir aləmə qədəm qoymasına səbəb oldu. Teatrın rəssamı, cani-dildən millətimizə xidmət edən P.O.Ryabçikovun nəvazişi ilə teatrda tərtibatçı rəssamlığın əlifbasını öyrənməyə başladı. Müəllimi Nüsrətin fitri istedadına vuruldu. Sonralar Nüsrət müəllimini belə xatırlayacaqdı: "Mərhum Ryabçikov geniş qəlbli bir adam idi. O, mənim ilk yaradıcılıq müvəffəqiyyətlərimə sevinər, milli teatr kadrlarının yetişdirilməsinə xüsusi qayğı göstərərdi. Mən sonrakı yaradıcılığımda onun xidmətlərini heç zaman unutmamış və unutmayacağam".
Bu xatirələrin işığında Nüsrət müəllimin mənəvi xəzinəmizdə olan şəxsi fondundakı sənədlərinin birinin üzərində avtoqraf yazanda birinci gün idi ki, Ədəbiyyat və İncəsənət arxivində işə düzəlmişdim. Sonralar Nüsrət müəllimlə bir neçə dəfə görüşdüm. Sənədlər bu gün mənim hafizəmdə Fətullayevlər nəslinin sənətkar şəxsiyyətlərinin yaşam illərini canlandırdı: Hökümə xanım Qurbanova, Fateh Fətullayev, Vəfa xanım Fətullayeva... Bu şəxslərin hər birinin özünəməxsus yaradıcılıq dəst-xətti məni həmişə düşündürüb.
Nüsrət Fətullayev 1934-cü ildə Teatr Texnikumunu uğurla başa vurur. Diplom işini müdafiə etmək üçün böyük yazıçı-dramaturq C.Məmmədquluzadənin "Ölülər" əsərinin bədii tərtibatını öhdəsinə götürür. N.Fətullayev tamaşaya verdiyi gözəl tərtibatla texnikumu bitirir. "Eskadranın məhvi" tamaşasının bədii tərtibatına görə ona daha yüksək sənət nailiyyətləri arzulayan Sidqi Ruhulla - "O, bu işi yüksək professionallıqla qurub"- deyir".
1938-ci ildə o, teatrın baş rəssamı vəzifəsinə təyin olunur. 1940-cı ildə N.Fətullayevə "Əməkdar incəsənət xadimi" adı verilir. 1941-ci ildə İkinci Dünya müharibəsi başlayır. Bu illərdə o teatrın aparıcı xadimlərindən biri kimi fəallıq göstərir. 1945-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olunur: "1947-ci ilə kimi 55 pyesin bədii tərtibatını verən Nüsrət müəllim teatr və səhnəmizin tarixində daha çox məşhurlaşır. Onun bədii tərtibatlarından "Hacı Qara", "Molla İbrahim Xəlil kimyagər", "1905-ci ildə", "Yaşar", "Sevil", "Oqtay Eloğlu", "Aydın" (C.Cabbarlı), "Vaqif", "Xanlar", "Fərhad və Şirin", (S.Vurğun) "Eskadranın məhvi", "Həyat", "Məhəbbət", "Toy", "Nizami", "Dumanlı Təbriz", "Vəfa" və b. tamaşaların uğurlarını xüsusilə qeyd etmək olar. 1950-1960-cı illərdə "Şeyx Sənan" (H.Cavid), "Nişanlı qız" (S.Rəhman), "Fırtına" (C.Məcnunbəyov), "Od gəlini" (C.Cabbarlı), "Məhəbbətin hökmü" (C.Məcnunbəyov), "Söz arası" (Q.Rəsulov) və s. daha çox diqqəti cəlb edir. N.Fətullayev ömrünün sonuna qədər teatr rəssamı, bədii tərtibatçı rəssam kimi mədəniyyət tariximizə adını əbədi yazıb. O, keçmiş SSRİ Dövlət mükafatına layiq görülmüşdü.
R.Rza ilk dram əsəri olan "Vəfa"nın tamaşası barədə yazırdı: "Mənim ilk dram əsərim olan "Vəfa"nı yazarkən teatrın gözəl ənənələrini çox yaxşı gördüm. İstedadlı teatr rəssamı Nüsrət Fətullayev digər sənətkarlarla birlikdə mənim arzu etdiyim gözəl bir tamaşa yaratmışlar". "Türkiyədə" (Nazim Hikmət) əsərinin bədii tərtibatı barədə isə Süleyman Rüstəmin yazdığı rəy maraqlıdır: "Tamaşanın bədii tərtibatını rəssam Nüsrət Fətullayev və Bədurə Əfqanlı verib, musiqisini C.Cahangirov yazıb. İstər bəstəkar, istərsə də rəssamlar əsərin ideyasını tamaşaçıya çatdırmaqla səmərəli əmək sərf etmişlər".
İndi də H.Fətullayevin "Şeyx Sənan"la bağlı uğurları barədə. Tamaşanın bədii tərtibatına başlayarkən Nüsrət müəllim İsmayıl Axundovla birlikdə əsərə yaddaqalan tərtibat vermişlər. Ədəbiyyatşünas Ə.Ağayev yazır ki, tamaşanın bədii tərtibatı əsərin məzmunu və ideyasını başa düşməyə yaxşı kömək edir. Tərtibat və musiqi pyesdəki hadisələrin koloritini, qəhrəmanların mənəvi aləmini və ehtiraslarını anladır, xüsusilə korun nəğməsi təsirli və yaddaqalandır". 1955-ci il iyulun 2-də S.Vurğunun "Vaqif"i Gəncədə indiki Milli Dram teatrının kollektivi tərəfindən oynanılır. Əsərin tərtibatını və rəssam işlərini Azərbaycanın xalq rəssamı Nüsrət müəllim ən inandırıcı, realist və təbii boyalarla yaradır. "Səhnədə Azərbaycan xalqının tarixi memarlıq nailiyyətləri ümumiləşdirilmiş, xüsusən zərif sənət nümunələri olan şəbəkələr bütün mürəkkəbliyi ilə səhnədə canlandırılmışdır" - yazan professor Nazim Axundov, sonralar bu sətirlərin müəllifinə Nüsrət müəllimin "nadir istedadlı rəssam" olduğunu demişdi.
Onun şəxsi fondundakı sənədləri, eskizləri, tarixi memarlıq cizgilərinin nümunələrini araşdırıb nəşr etdirmək, gələcək nəsillərə yadigar kimi çatdırmaq hamımızın borcudur. Ümumiyyətlə, XX yüzilliyin ilk teatr rəssamı olan, həmin sənəti professional səviyyəyə çatdıran Nüsrət müəllimin yaradıcılığı gənc sənətşünas və teatrşünaslar tərəfindən araşdırılmalı və öyrənilməlidir. Bədii tərtibat verən rəssam Nüsrət müəllim kimi hərtərəfli biliyə malik olmalıdır. Bu sənət həm də daim milli ənənələrə bağlanmalıdır. Bu barədə Nüsrət müəllim uzaqgörənliklə yazmışdı: "Hər hansı bir səhnə əsərinin müvəffəqiyyəti eyni zamanda onun bədii tərtibatının keyfiyyətindən asılıdır. Tamaşada rejissor və aktyorların iştirakı ilə yanaşı, rəssamın da əsərə verdiyi bədii tərtibat yığcam və təsirli olub, hadisə və xarakterlərin məzmunlu çıxmasına kömək etməlidir. Lakin bəzi teatr rəssamlarımız bu mühüm məsələyə kifayət qədər əhəmiyyət vermir, səhnəni əsərdə "oynamayan" yersiz əşyalarla ağırlaşdırırlar. Bu isə pyesdəki əsas məzmunun tamaşaçılara dolğun və ifadəli şəkildə çatdırılmasına mane olur. Bir səhnədə tələb olunan effekti yaratmaq üçün işıqdan da kifayət qədər istifadə etmirik. Halbuki səhnə dekorları, qrim, kostyum, butafor və s. vasitələrlə yanaşı, işıq da hadisələrin səhnə də daha real və parlaq boyalarla canlandırılmasına kömək edən şərtlərdəndir. Buna görə də respublikamızın teatr rəssamları zəngin və maraqlı tərtibatlar hazırlamaq üçün dekorlardan və başqa səhnə ləvazimatından səmərəli istifadə etməli, habelə ölkəmizin qabaqcıl teatrlarının bu sahədəki təcrübəsindən öyrənməlidirlər".

Maarif Teymur, S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru