Beynəlxalq yarışdan qələbə ilə dönən məktəblilərə hədiyyələr verilib Hadisə

Beynəlxalq yarışdan qələbə ilə dönən məktəblilərə hədiyyələr verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən qalibiyyətlə Vətənə qayıdan məktəblilərlə görüş keçirilib. İdarədən bildirilib ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev idmançıları uğurlu nəticələri münasibətilə təbrik edib, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini söyləyib.
İdarə müdiri qeyd edib ki, ölkəmizdə məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı Azərbaycanın qarşıdakı illərdə bu sahədə daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Azərbaycanın bir çox mötəbər idman yarışlarına ev sahibliyi etdiyini bildirən R.Tağıyev idmançı şagirdlərin bundan sonra da beynəlxalq yarışlarda ölkəmizi ən yüksək səviyyədə təmsil edəcəklərinə əminliyini bildirib.
O, idmançılarımızın Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edərək, bayraq daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılıb uğurlu nəticələr əldə etmələrini şagirdlərin Vətənə olan sevgisinin təzahürü olduğunu vurğulayıb. İdarə müdiri, həmçinin paytaxtın ümumtəhsil məktəblərində şagirdlərin idmana olan marağının daha da artırılması, onların fiziki inkişafının təmin edilməsi, sağlam həyat tərzinə cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən də danışıb.
Tədbirdə məşqçilər və şagirdlər onlara göstərilən diqqətə görə BŞTİ rəhbərliyinə təşəkkürlərini bildirib, bundan sonra da öz fəaliyyətlərində böyük uğurlara imza atmaq üçün səylə çalışacaqlarını söyləyiblər. Sonda beynəlxalq yarışda qazandıqları qalibiyyətlərinə görə məktəblilərə BŞTİ tərəfindən təşəkkürnamə və hədiyyələr verilib. Qeyd edək ki, Tehranda keçirilmiş karate üzrə beynəlxalq yarışda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin 34 şagirdi parlaq nəticə göstərib. Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb.