Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
“Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturu təsdiq edilib
İsrail diplomatları Kaya Kallas ilə təmaslardan imtina edirlər
AVRO-2028-in püşkatmasında Azərbaycan üçün səfər məhdudiyyəti tətbiq olunacaq
16:54
252
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2026-cı il 7–10 oktyabr tarixlərində Bakı Dialoqu çərçivəsində keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin BMT-nin Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktuba əlavə edilmiş Bəyannamə A/81/462–S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə və Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb.
Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrin yaxınları barədə məlumat almaq hüququnun təmin edilməsi, fərdi və kütləvi dəfn yerlərinə dair məlumatların mübadiləsi, insan qalıqlarının təhlükəsiz və elmi əsaslarla aşkar edilməsi, identifikasiyası və qaytarılması, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm müddəalar yer alıb.
Sənəddə dövlətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin, müasir məhkəmə-ekspertiza metodlarının və yeni texnologiyaların tətbiqinin genişləndirilməsi təşviq edilir. Xüsusilə, BMT və digər beynəlxalq təşkilatlar silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin həllinə yönəlmiş xüsusi beynəlxalq mexanizmin yaradılmasına dəstək göstərməyə çağırılır.
Bəyannamədə Bakı Dialoqunun beynəlxalq təcrübə mübadiləsi, etimadın möhkəmləndirilməsi və ailələrin yaxınlarının taleyi barədə cavab almasına yönəlmiş praktiki əməkdaşlıq üçün getdikcə daha əhəmiyyətli platformaya çevrildiyi vurğulanır. Həmçinin Konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsinə imkan yaradılmasına görə Azərbaycan Respublikasının Dövlət Komissiyasına minnətdarlıq ifadə olunur.
Bəyannamənin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması Azərbaycanın itkin düşmüş şəxslər probleminin beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanılması və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərinin davamı baxımından mühüm əhəmiyyət daşıyır.