“Dövlət qurumları “qara siyahı”da olanlarla əməkdaşlıqdan çəkinməlidir Hadisə

“Dövlət qurumları “qara siyahı”da olanlarla əməkdaşlıqdan çəkinməlidir

"Azərbaycanda çap mediasının Mətbuat Şurasının "qara siyahı"sına salınması ilə bağlı şuranın müəyyənləşdirdiyi kriteriyalar var. Daxil olan şikayətlər əsasında konkret çap mediası nümunəsi ilə bağlı araşdırma aparılır. Şikayətlər özünü doğrultduğu təqdirdə qəbul edilir".
Bunu "Report"a açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bildirib.
Bəzi KİV-lərin Mətbuat Şurasının "qara siyahı"sına düşməsinin səbəblərindən danışan baş redaktor vurğulayıb ki, bu, bir ictimai qınaq vasitəsi və cəza növüdür: "Hesab edirəm ki, Mətbuat Şurasının komissiyası yerində və doğru qərarlar verib. Çünki şura heç bir zaman mətbuat orqanlarına qarşı qərəzli ola bilməz. Şura indiyə qədər heç bir media quruluşu ilə bağlı qeyri-obyektiv qərar qəbul etməyib. "Qara siyahı"nın məqsədi qanunvericiliyi pozan, müxtəlif insanlar haqqında şər-böhtan yazan, təhqir edən mətbuat orqanlarını bu əməllərdən çəkindirməkdən ibarətdir. Bu da peşə etikasını pozan, insanların şəxsi həyatını müzakirəyə çıxaran, qeyri-obyektiv informasiyalar yayan və bütövlükdə qanun pozuntularına yol verən çap nümunələrini tənqid edərək ictimai qınaq formalaşdırır. Mətbuat Şurası ictimai institut kimi Azərbaycan mediasında peşəkarlığın, obyektivliyin, qərəzsizliyin, düzgünlüyün formalaşmasında maraqlıdır. Düşünürəm ki, şura çox ciddi uğurlar əldə edib. Təsəvvür edin ki, bir zamanlar Azərbaycanda "reket jurnalistika"sı at oynadırdı, amma son dövrlərdə həyata keçirilən tədbirlər və ictimai qınaq nəticəsində biz çox nadir hallarda "reket jurnalistika" sözünü eşidirik. Ümid edirəm ki, bu, yavaş-yavaş bizim leksikonuzumdan da çıxacaq".
Hikmət Babaoğlu dövlət qurumlarını və ictimai təşkilatları adı "qara siyahı"ya düşən, o cümlədən martın 1-və 5-də barəsində mənfi qərar qəbul olunan KİV-lərlə əməkdaşlıqdan çəkinməyə çağırıb: "Dövlət qurumları, müxtəlif təşkilatlar adı "qara siyahı"da olan çap mediası ilə əməkdaşlıq etməkdən çəkinməlidir. Təbii ki, Mətbuat Şurası dövlət qurumu deyil, Azərbaycan mediasının təmsilçilərindən formalaşan bir institutdur. Əgər, hər hansı mətbuat orqanı "reketçiliyə" görə şuranın "qara siyahı"sına düşübsə, təbii ki dövlət qurumları və təşkilatlar da onlarla münasibət qurmaq istəməz".
Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşviq Ələsgərli deyib ki, KİV-lərdə dərc olunan və etik kodeksə zidd olan materiallarla əlaqədar olaraq şikayətçilər tərəfindən şuraya müraciət olunur. Onun sözlərinə görə, şikayətçilər bununla öz haqlarını tələb edirlər. Müşfiq Ələsgərli vurğulayıb ki, şurada şikayətlər araşdırılır və haqlı tərəf müəyyənləşir: "Yəni, bu hər zaman şikayətçinin haqlı olması mənasına gəlmir. Ola bilər ki, o, sadəcə iddia etsin və iddiası qərəzli olsun. Bütün bunlar araşdırmalardan sonra məlum olur. Amma onu da qeyd edim ki, Mətbuat Şurası öncə çap mediasına tövsiyə verir. Bu tövsiyələr, demək olar ki, mətbu nəşrlərin 90 faizi tərəfindən qəbul olunub. Amma bəzən də mətbu orqan şuranın tövsiyəsinə məhəl qoymur və neqativ fəaliyyətlərini davam etdirirlər. Bu zaman həmin mətbuat orqanına xəbərdarlıq olunur və bu da nəticəsiz qalarsa, həmin orqanın "qara siyahı"ya salınması üçün komissiyanın iclası keçirilir. Bundan əlavə, həmin mətbuat orqanı bir il ərzində fəaliyyətində dönüş edərsə və adının "qara siyahı"dan çıxarılması ilə bağlı bizə müraciət edərsə, bu zaman həmin mətbu nəşrdə bir həftəlik monitorinq keçirilir. Monitorinqlərin nəticəsi müsbət olduğu təqdirdə, ad "qara siyahı"dan çıxarılır".
Müşfiq Ələsgərli qeyd edib ki, ictimaiyyət "qara siyahı"ya düşən mətbuat orqanları barədə məlumatlı olmalıdır: "Mətbuat Şurasında bu günə qədər orta hesabla 300-dən çox mətbuat orqanının adı "qara siyahı"da olub. Onların bir qisminin adı sonradan fəaliyyətlərində etdikləri dönüşə görə siyahıdan çıxarılıb. Hazırda şuranın "qara siyahısı"nda 80-dən yuxarı KİV-in adı qeyd olunub. Dövlət qurumları "qara siyahı"da olan KİV nümunələrini nəzərə almalıdır. Çünki hər hansı KİV "qara siyahı"ya salınarsa, bu, ictimailəşir. Ona görə də ictimaiyyət nümayəndələri bundan xəbərdar olmalıdır".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, peşə davranış qaydalarının tələblərini pozan, şuranın tövsiyə və xəbərdarlıqlarına məhəl qoymayan, təhqirlərə, şər və böhtanlara yol verən media qurumları cəzalandırılır: "Bizim işimiz media qurumunun fəaliyyətini məhdudlaşdırmaqdan ibarət deyil. Çünki bizim KİV-ə hüquqi təsir göstərmək kimi səlahiyyətlərimiz də mövcud deyil. Biz sadəcə olaraq media qurumunun fəaliyyəti ilə bağlı monitorinq keçirir və araşdırmalar aparırıq. Eyni zamanda, biz daha çox ictimai qınağa yönəlmiş qərarlar qəbul edirik. Çünki bu, digər KİV nümunələrinə də ibrət ola bilər. Dövlət qurumları peşə etikasını pozan, şər və böhtanlara yol verən, yalan iinformasiyalar yayan mətbuat orqanları ilə əməkdaşlıqdan çəkinməlidirlər. Biz sadəcə bununla bağlı tövsiyə verə bilərik. Amma xəbərdarlıqdan sonra yekun qərar mətbu nəşrin "qara siyahı"ya salınması olur. Təbii ki, cinayət xarakterli materiallar yayımladığına görə bu siyahıya düşən KİV-in məhkəməyə cəlb olunması bizim üçün də maraqlı deyil. Biz də istəyirik ki, səhvə yol verən mətbuat orqanı məhkəmə mərhələsinə qədər səhvini anlasın. Təbii ki, vətəndaşların şikayəti önəmlidir".
Qeyd edək ki, martın 1 və 5-də Bu gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə və Apellyasiya Komissiyalarının birgə iclası keçirilib. Toplantıda bir neçə mətbuat orqanının, o cümlədən "Təzadlar" qəzetinin "qara siyahı"ya salınması barədə qərar qəbul olunub.