«Söz azadlığı: sözümüzü necə ifadə edirik?» Hadisə

«Söz azadlığı: sözümüzü necə ifadə edirik?»

«Ruh» Jurnalistlərin Müdafiəsi İB QHT Şurasının dəstəyi ilə
Qubada “dəyirmi masa” təşkil edib

İyunun 27-də «Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı «Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması» layihəsi çərçivəsində Quba rayonunun Heydər Əliyev Mərkəzində «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda «dəyirmi masa» keçirilib.
Toplantını giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva bildirib ki, ölkənin hər yerində olduğu kimi, Quba rayonunda da vətəndaşların ictimai həyatdakı iştirakçılığı yüksək səviyyədədir. Bununla onlar dövlət quruculuğu prosesinə dəstək göstərirlər. Rayonda söz və ifadə azadlıqlarına təməl insan hüquq və azadlıqlarının tərkib hissəsi olaraq yanaşılmaqdadır. Bu gün keçiriləcək “dəyirmi masa” mövcud kontekstdəki müsbət hallarla yanaşı, mənfi təmayüllərə qarşı bir növ səfərbərlik mahiyyəti daşımaqdadır.
«Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilməkdə olan «Söz və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması» layihəsi müxtəlif vətəndaş qruplarını söz, fikir və ifadə azadlığının, plüralizmin mahiyəti barədə məlumatlandırmaq məramı daşımaqdadır. 2019-cu ilin may ayının 1-dən avqust ayının 1-dək davam edəcək layihə çərçivəsində həmçinin cəmiyyət üzvlərinin söz azadlığının ifadə meydanı sayılan media vasitələri ilə qarşılıqlı təmaslarına diqqət yetiriləcək, bu istiqamətdəki təmayüllərə nəzər salınacaq. “Söz və ifadə azadlığı bəşəri dəyərlərdir. Hər bir dövlət bu dəyərlərə həssas yanaşır. Bəzən mövcud müstəvidə sui-istifadə halları da nəzərə çarpır. Bəzən isə, biz söz və ifadə azadlığından siyasi məqsədlər naminə faydalanmanın şahidi oluruq. Ölkəmizə münasibətdə də belə olur. İkili standartlar var. Cəmiyyət bundan xəbərdar olmalıdır ki, onda immunitet formalaşsın. İkinci bir tərəfdən bəzən bizlər özümüz də söz və ifadə azadlığını pozuruq. Əksər hallarda bu, məlumatsızlıqdan qaynaqlanır. Ancaq məlumatsızlıq insanı məsuliyyətdən azad etmir. Sözü azad şəkildə elə ifadə etmək lazımdır ki, kimlərinsə hüquqları məhdudlaşmasın. Təbii, hüquqi tədbirlər də var. Amma hesab edirik ki, maarifləndirmə hüquqi cəza tədbirlərinə alternativ kimi daha effektivdir. Buna görə də dövlətimiz belə təşəbbüsləri dəstəkləyir”, - deyən Əvəz Rüstəmov fikirlərini çatdırıb.
Layihənin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə söz və ifadə azadlığı kontekstində etinasızlıq hallarından söz açıb. Bu baxımdan təfəkkür səviyyəsinə diqqət yetirərək vurğulayıb ki, söz və ifadə azadlığını mütləq dəyər kimi qəbul etməyimiz üçün müəyyən zamana ehtiyac var. Azərbaycanda söz və ifadə azadlığının davamlı dayanıqlılığı üçün mükəmməl qanunvericilik bazasının mövcud olduğunu deyən Seymur Verdizadə bu baxımdan ən mühüm addımın 1998-ci ilin 6 avqustunda atıldığını önə çəkib. Həmin tarixdə imzalanmış Prezident sərəncamı ilə ölkədə senzura ləğv edilib. Növbəti illərdə söz azadlığının başlıca seqmenti sayılan media sahəsində vacib tədbirlər gerçəkləşdirilib. Çalışılıb ki, medianın cəmiyyətlə təması güclənsin, media daha müstəqil olsun. Media ilə cəmiyyət arasında bağlar nə qədər möhkəm olarsa, söz azadlığı daha çox təmin edilmiş olar.
Seymur Verdizadə söz və ifadə azadlığından siyasi məqsədlərin reallaşdırılmasına yönələn spekulyasiyalardan da söz açıb. O bildirib ki, Azərbaycanda KİV-lərin sayı 5 mini keçib. Son zamanlar internet medianın çəkisi artıb və bu tendensiya daha da güclənməkdədir. Ümumən informasiya texnologiyalarının məlumat sektoruna nüfuz etməsi hər bir şəxsin hazırlıqlı olmasını tələb edir. Hər bir cəmiyyət üzvü dərk etməlidir ki, söz azadlığının ifadə vasitələrinin çoxalması və ələçatımlılığı məsuliyyətsizlik üçün meydan tanımır.
Quba Regional Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev həyata keçirilən layihənin əhəmiyyətinə toxunarkən bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu sayaq təşəbbüsləri maliyyələşdirməklə vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verir. Söz azadlığının hər bir cəmiyyət üçün prinsipial əhəmiyyət daşıdığına diqqət çəkən Eynulla Xeyrullayev mövcud istiqamətdəki həm neqativ, həm də pozitiv meylərin daim diqqətdə saxlanılmasının zəruriliyini əsaslandırıb.
Qarşılıqlı müzakirələr və fikir mübadiləsi şəraitində keçmiş toplantıda iştirakçıların mövzu ətrafındakı konkret suallarına da aydınlıq gətirilib.