Peşəkar və qəhrəman general Hadisə

Peşəkar və qəhrəman general

Xosrov bəy Sultanov İstiqlala Bəyannaməsinə imza atan 26 nəfərdən biridir

İlk Cümhuriyyətin Qarabağa general-qubernator təyin elədiyi bu adam daşnak və bolşevik qüvvələrinə qarşı qeyri-bərabər döyüşlərdə qalib oldu, erməniyə bir qarış torpaq belə vermədi. Həmin ilin yayında əlinə silah alıb Qarabağ havasına havalanan ermənilər diz çökdürüldü, hamısı bir nəfər kimi Azərbaycan hökumətini tanımağa məcbur oldular. Onun qətiyyəti və hərbi şücaəti sayəsində Şuşadakı gizli daşnak komitəsinin üzvləri bir nəfər kimi qaçıb dağılmaqdan savayı yol görmədilər.
Ona görə də, əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-ruhiyyəli müsəlmanların köməyi ilə şayiə yaymışdılar ki, guya Cümhuriyyətin Hərbiyyə Naziri bu adamı general-qubernatorluqdan geri çağırır. Bu kimi xəbərlərə son qoymaq məqsədilə Üzeyir bəy Hacıbəyov "Azərbaycan" qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı: "Həqiqətən, O, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına təmamilə aşinə olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaatı tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olmasa idi, burası - Azərbaycanın cənnəti hesab olunan bir yer çoxdan cəhənnəmə dönüb qətli-qital olmuşdu".
Unudulmaz Üzeyir bəyin barəsində yazdığı bu qəhrəman insan Qarabağın general-qubernatoru Xosrov bəy Paşa bəy oğlu Sultanov idi. O, 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Xosrov bəy ilk təhsilini Gəncə gimnaziyasında almışdı, sonradan Odessada ali tibb təhsili almağa yollanmışdı. Təhsilini bitirib vətənə qayıdan Xosrov bəy milli azadlıq mücadiləsinin önündə addımlayır. Zaqafqaziya seyminin üzvü olan Xosrov bəy 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi haqda İstiqlala Bəyannaməsinə imza atan 26 nəfərdən biridir. Elə buradaca o ilk hökumətdə müdafiə naziri postuna təyin olunur. Daha sonrakı kabinetlərdə o, Azərbaycanın kənd təsərrüfatı naziri olur. 1919-cu ildən isə Xosrov bəy Qarabağda vəziyyətin ağırlaşması nəzərə alınaraq Qarabağın general qubernatoru təyin edlir. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt edir. Daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilir. Bununla da faktiki olaraq Xankəndi və Şuşanın ermənilərin əlində qalması planının qarşısı alınır.
Xosrov bəy adı və qəhrəmanlıqları dillərdə əzbər, Zəngəzurda erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşmuş, xalq arasında "laçınlı Sultan bəy" kimi çağırılan məşhur Sultan bəy Sultanovun kiçik qardaşıdır. Bu qardaşlar ümumi işin xeyrinə hətta illərlə qan düşməni olduqları bəylərin ayağına gedərək, onları bütün gücləri birləşdirməyə, birgə mübarizəyə səsləyiblər. Sultanovlar var-dövlətlərini Türkiyə və İrandan silah-sursat almağa sərf eləmiş, Zəngəzur qazısı Bəhlul Behcət tərəfindən yazılmış Cihad Bəyannaməsi ilə xalqı düşmənə qarşı cihada qaldırmışdılar. Ümumiyyətlə, onların Azərbaycan Xalq Cümhuriyyətinin qorunması yolunda müstəsna xidmətləri var.
Bakı Metropolitenində baş mühəndis işləyən Soltan bəyin nəvəsi Elbrus Muradov mətbuata müsahibəsində Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb. Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki, həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.
Xosrov bəy Qarabağa general-qubernator təyin olunanda Cümhuriyyət üçün çox ağır dövrlər idi. Qarabağda erməni silahlı qüvvələri at oynadırdılar, quldur Dronun dəstələri Əsgəran qalasını tutmuşdu, Şuşanın ermənilər yaşayan hissəsi Azərbaycan hakimiyyətini qəbul etmirdi. Əslində belə qarışıq dövrdə Qarabağa elə bir adam göndərilməliydi ki, orada həm nizam-intizam yarada bilsin, həm də erməni məsələsiylə bağlı gənc Cümhuriyyətə təzyiqlər göstərən xarici qüvvələri razı salsın. Xosrov bəy Qarabağın həm müsəlman, həm də sadə erməni əhalisi arasında böyük nüfuza malik idi.
O dövrün tədqiqatçılarından tarixçi Firdovsiyyə Əhmədova qeyd edir ki, "İyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi".
1918-ci ildə Bakı bolşevik-daşnak qüvvələrindən azad edildikdən sonra Qarabağa üz tutan qoşunların qarşısında davam gətirməyən erməni yaraqlıları türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verir, Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayır, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər. Ancaq Qafqaz İslam Ordusunun dünya müharibəsinin nəticələrinə əsasən regionu tərk etməsi və V.Tomsonun başçılığı ilə ingilis hərbçilərinin Cənubi Qafqazda yerləşməsi, Bakıda ingilis hərbi general-qubernatorluğunun yaradılması nəticəsində artıq 1918-ci ilin dekabrında erməni silahlılarının, xüsusilə Andronikin fəallığı artmağa başlayır. O hətta "ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında" şayiələr yaymağa başlayır. Azərbaycan hökumətinin təzyiqi ilə dekabrın 22-də general V.Tomson bu şayiəni təkzib etməli olur.
1918-ci ilin payızından başlayaraq erməni separatçıları azərbaycanlılara qarşı etnik təmizləmə-soyqırımı əməliyyatını davam etdirdilər. Əhalinin kütləvi məhvinin qarşısını almaq məqsədilə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər Nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluğun yaradılmasını təklif edir. Həmin qəzalarda müvəqqəti general-qubernatorluğun yaradılması haqqında Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də qərar verir: Xosrov bəy Sultanov yanvarın 29-da general-qubernator təyin olunur və beləliklə xüsusi statuslu inzibati təsisat təcrübəsi tətbiq edilir.
Xosrov bəy Sultanov Qarabağa general qubernator təyin olunanda onun vəzifə borclarına "erməni hərəkatları ilə mübarizə və bu hərəkatların təmamilə məhv edilməsi, qayda-qanunun bərpa olunması, məcburi köçkünlər arasında gəzən epidemiyalarla mübarizə, onlara yardım" kimi məsələlər daxil idi.
1919-cu il martın 8-də Azərbaycanın güzəştə getdiyi torpaqlar hesabına dövlət qurmuş Ermənistan Cümhuriyyət rəhbərliyinə nota göndərir. Notada bildirilirdi: "Xankəndi və Ağdamda Azərbaycan hərbi hissələri tərəfindən 400-ə yaxın dinc əhali qətlə yetirilmişdir. Ağdam və Şuşa yolu erməni əhalisinin üzünə bağlıdır və əhali iqtisadi təcridə məruz qalıb". Qarşıdurma cəhdlərinin heç bir fayda vermədiyini görən Andronik isə geniş ölçülü təcavüzkarlıq fəaliyyətinə başladı. Onun qüvvətləndirilmiş hərbi dəstəsi Korusdan Şuşaya tərəf hərəkət etdi.
Xosrov bəy Sultanov Andronikin planlarından və hərbi qüvvələrinin hərəkətindən vaxtında xəbər tuturdu. Daşnak ordusunun Şuşa üzərinə yürüşünün qarşısını almaq üçün o qardaşı Sultan bəy Sultanovla birlikdə tədbir görüb döyüşə hazırlaşdılar. Sultan bəy Laçın bölgəsində böyük nüfuz sahibi, varlı, dövlətli, hərbi təhsil görmüş qeyrətli bəylərdən idi. O var-dövlətini, el-obasını mühafizə etmək üçün kiçik süvari dəstəsi saxlayırdı. Soltan bəyin komandanlığı ilə bu dəstə dəfələrlə erməni quldur dəstələrinin qarşısına çıxmış, onları layiqincə cəzalandırmışdı. Bu dəfə Sultanov qardaşları Şuşaya gələn Andronik qoşunlarını Abdallar kəndinin yaxınlığında, yolun iki dağın arasından keçən dar hissəsində qarşılamağı qərara alırlar. Yolun həmin hissəsinə keçən erməni qoşunu hər tərəfdən atəşə tutulur. Andronik böyük itki verərək geriyə qaçmağa məcbur olur. Qardaşlar qənimət kimi çoxlu silah və sursat ələ keçirirlər.
Məğlubiyyətdən qeyzlənən ermənilər Şuşada qırğın təşkil edib müsəlman məhəllələrinə od vurub yandırmaq, şəhəri mühasirəyə alaraq müsəlman sakinlərini qırıb Şuşanı ələ keçirmək fikrinə düşürlər. Ermənilər ayağa qalxıb ilk atəşi açan kimi onların hərəkətlərini izləyən Sultan bəyin partizan dəstəsi düşmən hissələrinin arxasını kəsib onu mühasirə vəziyyətinə salır. Belə vəziyyətdə üç gün davam edən döyüşlərdə düşmən qüvvələri darmadağın edildi və onun qalıqları şəhərdən qovulub çıxarıldı. Qarabağ general-qubernatorunun gördüyü ciddi tədbirlər nəticəsində Andronik Azərbaycan ərazisini tərk etməyə məcbur olmuş, milli münaqişəni qızışdıran erməni millətçiləri Şuşadan qovulub çıxarılmışdı. Lakin o, başa düşürdü ki, görüləsi işlər hələ qabaqdadır.
Beləliklə, bütün imkanların əldən çıxdığını görən ermənilər mart ayının 23-də azərbaycanlıların Əsgəran və Xankəndində olan hərbi qarnizonlarına qarşı hücuma keçir. Ermənilər Novruz bayramı ərəfəsində xalqın əhval-ruhiyyəsindən istifadə eləyərək qələbə qazanmaq ümidində idilər. Ancaq general-qubernator Xosrov bəy Sultanovun qətiyyətli hərəkətləri sayəsində düşmən darmadağın edilir və Şuşa tamamilə erməni zülmündən qurtulur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra general Xosrov bəy Sultanov əvvəlcə Türkiyədə, İranda, sonra Fransa və Almaniyada yaşayıb. O, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışıb. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşıb və 1947-ci ildə vəfat edib.

Ülviyyə Tahirqızı