Məhv olmuş baramaçılıq... Hadisə

Məhv olmuş baramaçılıq...

Və ya Yer kürəsi diametrinin uzunluğu boyda parçanın aqibəti...

Vaxtilə Nuxa qəzası 5 inzibati dairəyə bölünmüşdü. 31 kəndi əhatə edən birinci dairənin inzibati mərkəzi Aşağı Göynük kəndi idi. İnzibati mərkəzi Cəfərabad olan ikinci dairə 36 kəndi özündə birləşdirirdi. 32 kənddən ibarət üçüncü dairə üçün inzibati mərkəz Vartaşen kəndi seçilmişdi. Dördüncü və beşinci dairələrin inzibati mərkəzləri isə müvafiq olaraq Nij və Qutqaşen kəndləri idi. Özünün ipəkçilik təsərrüfatını qurmaq üçün "Qafqaziyada ipək sənayesi" adlı İtaliya şirkətinin 1818-ci ildə Şəki ərazisində münasib yer seçməsilə XIX əsrdə Avropa ölkələrinin Azərbaycanla iqtisadi, ticarət əlaqələrinin əsası qoyulur və yüksələn xəttlə inkişaf edir.
1836-cı ildən etibarən Fransa və İtaliyanın işgüzar dairələrinin Şəkiyə gələn nümayəndələrinin sayı intensiv şəkildə artmağa başlayır. 1856-1863-cü illəri əhatə edən dövrdə Azərbaycanın, o cümlədən Şəkinin iqtisadi həyatı Avropa aləmi ilə obrazlı şəkildə desək, "ipək tellərlə" bağlanır. Fransanın Lion şəhərinə məxsus olan Sent-Etyen şirkəti Şəki ipəyinin əsas alıcısına çevrilir. Nəticədə Rusiyanın ipək bazarında qiymətlər xeyli yüksəlir. Şəkidə istehsal edilən ipək məhsullarının ticarətində İstanbuldakı yunan kommersiya bankının, Lion kommersiya evinin, Rekle ticarət evinin rolu xeyli artır. "Ananov" şirkətinin milliyyətcə yunan olan nümayəndəsi Qorinius Rusiya imperiyasının ipək sənayesini tamamilə ələ keçirmək niyyətinə düşür. Lakin onun bu cəhdi baş tutmur. Digər yunan taciri Qropios da ipək ticarətində aparıcı mövqelərdən birini tuturdu. 1863-cü ildə Fransada təsis edilmiş "Qafqaziyada ipəkçilik" adlı yeni şirkət Şəkidə o dövr üçün dünyanın ən böyük ipək fabrikini inşa edir. Həmin şirkətin belə göstəriciyə malik olan bir müəssisəni Şəkidə təsis etməsinin başlıca səbəbi burada ipəkçiliyin inkişafı üçün zəruri şərtlərin vəhdət halında mövcud olması idi.
Xarici şirkətləri təmsil edən müvəkkillərin maddi stimuldan istifadə etməklə tut ipəkqurdu toxumunu və barama məhsullarını kütləvi sürətdə ələ keçirmələri ipəkçilik sənayesinin xammal bazasını son dərəcə məhdudlaşdırdı. Toxumçuluq təsərrüfatında yaranan böhranlı vəziyyət, hətta kifayət qədər möhkəm iqtisadi resurslara və maliyyə imkanlarına malik olan Alekseyev və Voronin qardaşlarının ipək baramaaçma fabriklərini də iflasa uğratdı. Xaricilər Şəkinin ipək təsərrüfatına ən böyük ziyanı tut ipəkqurdları arasında "qattina" xəstəliyini yaymaqla vurdular. Bununla da onlar həm də özlərinin əxlaq baxımından xəstə olduqlarını büruzə verdilər. Xaricilərin əməllərini başqa cür adlandırmaq mümkün deyil.
Lakin qısa zaman kəsiyi ərzində Şəkinin ipək sahibkarları ipək sənayesini nəinki böhran vəziyyətindən çıxardılar, həm də qərb texnologiyasını mənimsəyərək, yerli xüsusiyyətlərə cavab verən xırda və orta səviyyəli ipək müəssisələri yaradaraq avropalılarla uğurlu rəqabətə başladılar. Nə malik olduqları yüksək maliyyə imkanları, nə də texnoloji üstünlük xaricilərə kömək etmədi. Onlar rəqabətə tab gətirməyərək iflasa uğradılar. Bu gerçək tarixi fakt xalqımızın elm, ədəbiyyat və incəsənət sahələrində olduğu kimi iqtisadiyyatda da yüksək idraki keyfiyyətlərə malik olduğunu sübut edir və böyük mütəfəkkir M.F.Axundzadənin "mənim xalqımın fitri istedadı ümumən Avropa xalqlarının fitri istedadından əskik deyil, qat-qat artıqdır" fikrini təsdiq edir.
Şəkinin ipək sahibkarlarının və tacirlərinin fəaliyyət dairəsi Rusiya imperiyasının hüdudlarını aşaraq dünyanın bir çox ölkələrini əhatə etmişdi. Onların təsis etdikləri kommersiya şirkətlərinin şöbələri Rusiyadan başqa İranda, Türkiyədə, Yunanıstanda fəaliyyət göstərirdi. Rusiya imperiyasında elektrik enerjisindən istifadə etməklə barama açmaq təcrübəsi ilk dəfə şəkili sahibkar Törə Salamın müəssisəsində həyata keçirilmişdi. Bu fabrikdə istehsal olunan ipək yüksək keyfiyyət göstəricisinə görə bir sıra Avropa ölkələrində, hətta ipəkçilik sənayesi sahəsində yüksək nailiyyətlər əldə etmiş Yaponiya da belə tanınırdı. İpək sənayesində əldə etdiyi uğurlara görə "Qafqazın Lionu" adlandırılan Şəki XIX əsrin sonu - XX əsrin əvvəlində dünyanın ipəkçilik mərkəzlərindən birinə çevrilmişdi.
II Nikolayın çarlığı dövründə rus imperiyasında tədavülə buraxılan beşyüzlük əsginaslara əzilməməsi, qırışmaması üçün Şəki ipəyi qatırdılar. Şəkinin ipək tacirlərindən Hacı Zeynalın, Əkbərağa və Əsgərağa qardaşlarının dünyanın əksər ölkələri ilə ticarət əlaqələrinin olması, Şəkinin Daşlı bazarının ölkənin digər bazarları ilə müqayisədə dövlət xəzinəsinə daha çox mənfəət verməsi və bütün bu faktların Şəkinin Azərbaycanın ən mühüm ticarət mərkəzlərindən olduğunu təsdiq etməsi nəinki gənclərə, hətta sovet dönəmində yaşamış orta və yaşlı nəslə də bəlli deyil.
Şəki Sovet dövründə öz uğurlarını qoruyub saxlaya bilmişdi. Sovet İttifaqı ilə iqtisadi müqavilə bağlamaq üçün Moskvaya gəlmiş Yaponiya hökumətini təmsil edən nümayəndə heyəti rəhbərinin Şəki ipəyindən söhbət açması bir gerçəklikdir. O, Şəkinin ipək tacirlərindən birinin adını çəkərək həmin dövrdəki keyfiyyət göstəricilərinə cavab verən ipək olarsa, bu sahədə müqavilə bağlamağa hazır olduqlarını bildirmiş və bununla da SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgini heyrətləndirmişdi. Həmin vaxt bir ildə 6 000 ton barama istehsal edilən Şəkidə indi bu rəqəm 6 tona düşüb. Vaxtilə Şəkidə 1 ildə toxunan parçanın uzunluğu Yer kürəsinin diametrinə bərabər idisə, indi kəlağayıdan başqa demək olar ki, heç nə toxunmur. Belə olan halda demək olar ki, barama tədarük olunmasa, onun da istehsalı təbii ki, dayanacaqdır.
Qeyd edək ki, baramaçılığı gəlirli sahələrdən sayanlar bu sahəyə güzəştli vəsaitin ayrılmasını və baramanın alış qiymətinin artırılmasını istəyir. Çünki bir kiloqram baramaya 3-4 manatın verilməsi sərfəli sayılmır. Yeri gəlmişkən, dünya bazarında baramanın bir tonu 9-10 min dollara, başqa sözlə, 7-8 min manata satılır. İpək parçanın qiyməti isə bundan təxminən 2 dəfə bahadır. Bir baramadan 800-1200 metr uzunluğunda sap almaq mümkündür. Bu saplardan isə sonradan ipək parça istehsal edilir.
Ekspert Məzahir Ədilov baramaçılığın kölgədə qalmasını baramanın alış qiymətinin aşağı olması ilə izah edir. Baramanın kiloqramına verilən məbləğ kümdarların (baramaçılıqla məşğul olanlara deyilir) maddi maraqlarını ödəmədiyindən baramaçılığa maraq ölüb: "Vaxtilə bəzi zonalarda əhalinin təxminən 85-90 faizi ipəkçiliklə məşğul olub. Azərbaycan ipəyi dəfələrlə sərgilərdə qızıl medala layiq görülüb. Xüsusilə Ordubad və Şəki ipəyi 5 qızıl medal alıb. Amma ölkə müstəqillik əldə etdikdən sonra rayonların diqqətdən kənarda qalması digər sahələr kimi ipəkçiliyə də güclü zərbə vurdu. Ağaclardan yanacaq kimi istifadə olunması ipəkçilik sənayesini məhvə apardı. Bundan başqa kümdarların bu sahədə maddi maraqlarının təmin olunmaması onların əllərini işdən soyutdu. Bir kiloqram baramaya 3 manat verildiyindən gəlir əldə edə bilmədiyini görən kümdarlar baramaçılığı ikinci plana saldılar. Belə olan halda ölkədə olan 2 damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayonun baş barama qurutmaxanası, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi, "Şəki-İpək" şirkəti, Ordubad və Ağdaş baramaaçma fabrikləri istehsalı dayandırmalı oldu".
Ekspertin dediyinə görə, baramaçılığın tarixə qovuşmasının bir səbəbi də kolxoz və sovxoz təsərrüfatlarının ləğv olunması və onların ərazisinin özəlləşdirilməsi oldu. Halbuki kolxoz və sovxozların hər birinin ərazisində 7 kiloqram tut ipəkqurdunu yemləmək üçün tut bağları var idi. Həmin bağları pay torpaqları kimi əhaliyə payladılar. Şəxsi təsərrüfatda baramaçılığın gəlir gətirmədiyini görən kümdarlar tut ağaclarını yanacaq kimi istifadə etdilər. Bu səbəbdən də baramaçılıq tənəzzülə uğradı: "İpəkçilk Kombinatına səriştəsiz özbəklərin rəhbərlik etməsi də baramaçılığa biganə münasibət yaratdı. İstehsal üçün İrandan, Türkiyədən, Özbəkistandan barama alaraq ölkəyə gətirmələri Azərbaycanda bu istehsala diqqətdən kənarda qoydu. Amma tut meşələrinin az da olsa bir hissəsi qalıb. Ona görə də bu sahəni yenidən ayağa qaldırmaq mümkündür. Belə olarsa ilkin vaxtda min ton xam məhsul verə bilərik".
Qeyd edək ki, tarixən Şəkinin iqtisadiyyatında ipəkçiliyin xüsusi rolu olub. 2005-ci ildə bu rayonda 58.4 ton xam ipək istehsal edildiyi halda, 2012-ci ildə 30 dəfəyədək azalaraq 2 tona enib. 2005-ci ildə bu rayonda 38 min kvadratmetr sintetik saplar istehsal edilib, 2012-ci ildə istehsal tam dayanıb. Şəkidə 2008-ci ildə 1 milyon kvadratmetr pambıq parça istehsal edilib, 2012-də istehsal 10 dəfə azalaraq 114 min kvadratmetrə enib. 2005-də Şəkidə sənaye müəssisələrində 3 min nəfər çalışdığı halda, 2012-də 1900 nəfərə düşüb. 2011-ci ildə isə biabırçı nəticə qeydə alınıb: cəmi 12 ton barama tədarük edilib.
Ekspert Məzahir Ədilov deyir ki, 1993-cü ildə Balakən rayonu rekord miqdarda - 6 min ton barama istehsal edib. Bu isə ipəkçiliyin məhv olması deməkdir. Və bu da öz növbəsində barama tədarükünə söykənən istehsalçı sektorun məhvi anlamını daşıyır. Mütəxəssis onu da bildirdi ki, son illər barama istehsalı sıfır səviyyəsindədir. Onun fikrincə, ən yaxşı halda məhsul 20 ton olur ki, o da yaş baramanın kiloqramıdır.
Sovet dövründə bu sahə ilə məşğul olanlar kifayət qədər gəlir götürdüklərindən hətta övladlarının xeyir işlərini də bu qazancla etməyi planlaşdırırdılar. Mütəxəssis onu da bildirdi ki, vaxtilə kümdarlar sözügedən sahədən yüksək gəlir götürdüklərindən həvəslə baramaya baxırdılar: "O vaxtlar baramanın bir kiloqramı 5 manat 10 qəpiyə satılırdı. Hətta elə şəxslər var idi ki, onlar bir ton barama verirdilər. Odur ki, baramaçılığı inkişaf etdirə bilsək və kümdarların maddi maraqlarını təmin olunsa, baramaçılıqdan kifayət qədər gəlir götürə bilərik. Çünki sovet dövründə baramaçılıqdan Kənd Təsərrüfatı Nazirliyi yanında "Azəriipək" İdarəsində o qədər gəlir yığılırdı ki, hətta bütün xərcləri ödədikdən sonra belə küllü miqdarda vəsait qalırdı. Biz nazirliyə artıq qalan məbləği sosial sahəyə yönəltməyi təklif edirdik".
Vaxtilə Azərbaycan keçmiş SSRİ-də barama istehsalatına görə 2-ci (Özbəkistandan sonra), baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tuturdu. Bu öncüllüyü yenidən qaytarmaq üçün ekspert bu sahənin yenidən canlandırılmasını və ilk növbədə kümdarların maraqlarının təmin olunmasını təklif edir. Əks halda baramaçılıq tarixə qovuşacaq.

Ülviyyə Tahirqızı