Jurnalistlərin Gürcüstan səfəri başa çatıb Hadisə

Jurnalistlərin Gürcüstan səfəri başa çatıb

Sofiya Şamanidi: "Əsas hədəfin azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasıdır"

Azərbaycan jurnalistlərinin Gürcüstan səfəri başa çatıb. Müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri səfər çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı və Gürcüstanın İdman və Gənclərin işi üzrə Nazirliyin yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyilə "Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə" adlı layihənin həyata keçirilməsində iştirak ediblər. Azərbaycan jurnalistləri səfərin ilk günündə Tiflis şəhərinin mərkəzindəki Qəhrəmanlar meydanına gələrək Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksini, ardınca paytaxtdakı parkda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra jurnalistlər Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində eksponatlarla yaxından tanış olublar.
Günortadan sonra jurnalistlər Gürcüstanın idman və gənclər naziri Levan Kipiani ilə görüşüblər. Görüşdə nazir Gürcüstan-Azərbaycan arasında olan dostluqdan, hər iki ölkənin idman nazirlikləri arasında həyata keçirəcəkləri bir sıra layihələrdən söhbət açıb. Görüşdə Gürcüstanın Gənclər və Uşaqların İnkişafı Fondunun sədri İrakli Jorjolien və Fondun departament təmsilçiləri müxtəlif təqdimatlarla çıxış edərək, həyata keçirdikləri tədrbirlərdən, gördüyü işlərdən danışıblar.
Görüşdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva bu layihəni iki dövlətin münasibətlərinin daha da dərinləşməsində və media körpüsünün yaranmasında böyük rolu olduğunu deyib.
Sonda isə Azərbaycan jurnalistləri adından Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə çıxış edərək layihənin keçirilməsinə görə başda nazir Levan Kipiani olmaqla zəhməti keçən hər kəsə minnətdarlığını bildirib. O, iki ölkənin jurnalistləri arasında "Gürcüstan-Azərbaycan tanıtım layihəsi"nin həyata keçirilməsini təklif edib. Sonra nazirə Azərbaycan jurnalistləri adından Qarabağ bağlı kitab təqdim olunub.
Dörd günlük səfər çərçivəsində Azərbaycan jurnalistlərinin növbəti görüşü Marneuli rayonun icra hakimiyəti binasında keçirilib. Görüşdə Marneuli rayon icra hakimiyətinin başçısı Merab Tapçişvili, Prezident Administrasiyasnın milli azlıqlar üzrə komitə sədri Sofiya Şamanidi, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və sair rəsmilər iştirak ediblər.
Görüşdə ilk olaraq Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən son bir neçə gündə Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsin pozulması nəticəsindən şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Marneuli rayon icra hakimiyətinin başçısı Merab Tapçişvili Gürcüstan-Azərbaycan münasibətlərindən, soydaşlarımızın Marneulidəki vəziyyətindən danışıb. Bildirib ki, rəhbərlik etdiyi rayonda yaşayan əhalinin 82 faizini azərbaycanlılar, 8 faizini isə yunanlar, gürcülər, ermənilər, ruslar və sair millətlər təşkil edir. Onun sözlərinə görə, buradakı əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Bu amil nəzərə alınaraq, dövlət tərəfindən kəndlilərin öz torpaqlarından səmərəli istifadəsinə şərait yaradılır, onlara həm maddi, həm də texniki dəstək göstərilir. Yerli banklar vasitəsilə rayon sakinlərinə, öz təsərrüfatlarını inkişaf etdirməsi üçün 1-6 faizlə pul kreditləri də verilir. Bununla yanaşı, rayon ərazisindəki istehsal müəssisələri və zavodlar tədricən yeni müasir avadanlıqlarla təchiz olunur ki, bu da yerli əhalinin məşğulluğuna müsbət təsir göstərir. İcra başçısı deyib ki, rayonda iqtisadiyyatla bərabər, təhsilin, idmanın, mədəniyyətin və digər sahələrin inkişafı üçün də müxtəlif tədbirlər həyata keçirilməkdədir. O, təkcə Marneuli rayonundan minə yaxın gəncin Gürcüstan ali mətəblərində təhsil aldığını da qeyd edib.
Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abduallayev gürcü və Azərbaycan xalqı, eləcə də dövlətlərimiz arasında tarixi bağlılığın, həmçinin qarşılıqlı dostluq, mehriban qonşuluq, iqtisadi, siyasi, mədəni əlaqələrin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu münasibətlər yüksələn xətt üzrə indi də inkişaf etməkdədir. Bu yaxınlarda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə toxunan bələdiyyə sədri bildirib ki, 33 yerdən 16-na azərbaycanlılar seçiliblər.
Prezident administrasiyasnın milli azlıqlar üzrə komitə sədri Sofiya Şamanidi son günlər Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin pozulması və nəticədə Azərbaycan əsgələrinin şəhid olmasından təəssüfləndiyini çatdırıb. O, bütövlükdə dünyada, o cümlədən Qafqazda sülh və əmin-amanlığın olmasını arzulayıb. Şamanidi görülən işlərdən danışarkən, əsas hədəfin azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası olduğunu vurğulayıb. Təəssüflə bildirib ki, hələ də Kvemo-Kartli bölgəsində azərbaycanlıların böyük əksəriyyəti gürcü dilini bilmir. O, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında bu məqamı əsas problem kimi xatırladıb. Gürcüstan iqtidarı tərəfindən həmin əhalinin gürcü dilini öyrənməsi istiqamətində bir çox layihələr həyata keçirdiyini, bütün Azərbaycan məktəblərində gürcü dilinin də öyrədildiyini söyləyib: "Biz əlimizdən gələni edirik ki, bu günkü məktəblilər, sabahın gəncləri gürcü dilini öyrənsinlər, gürcü cəmiyyətinə inteqrasiya olunsunlar. Biz onların Azərbaycana, Rusiyaya və digər ölkələrə iş üçün getməsini istəmirik. Onları bir çox layihələrə cəlb etməklə, potensialından öz ölkəmizdə faydalanmağın tərəfdarıyıq".
Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva Gürcüstanda soydaşlarımıza yaradılan şəraitdən danışıb.
Azərbaycan jurnalistləri adından Diaspor Jurnalistləri Birliyinin sədri, "Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə çıxış edərək, görüşə, səmimi söhbətə görə gürcü rəsmilərinə minnətdarlığını bildirib. O, belə görüşlərin iki ölkə arasında media münasibətlərinin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Çıxışlardan sonra gürcü rəsmiləri Azərbaycan jurnalistlərinin suallarını cavablandırıblar.
Görüşün sonunda Azərbaycan jurnalistləri tərəfindən Gürcüstan prezidenti adına Sofiya Şamanidiyə, həmçinin Merab Tapçişviliyə Qarabağla bağlı kitablar təqdim olunub.
Azərbaycanın media mənsubları səfərin sonuncu günündə Gürcüstanlı həmkarları ilə görüşüblər. Gürcüstanın İdman və Gənclər nazirliyində baş tutan görüşdə Gürcüstanın idman və gənclər naziri Levan Kipiani, Regionlar Televiziyalar Assosiasiyasının sədri Natiya Kupraşvili, Gürcüstanın İdman və Gənclər Nazirliyin yanında Gənclər və Uşaq Fondunun sədri İrakli Jorjuaşvili və digərləri iştirak ediblər. Gürcüstanın idman və gənclər naziri Levan Kipiani Azərbaycan xalqına son günlər cəbhədə Azərbaycan tərəfinin 13 şəhid verməsi ilə bağlı başsağlığı verib. Kipiani şəhidlərin ailələrinə səbr diləyib İrakli Jorjuaşvili görüş və digər məsələlər barəsində danışıb. Natiya Kupraşvili çıxışında Azərbaycan Gürcüstan əlaqələrindən söz açıb. İki ölkə arasında media münasibətlərinin inkişafı istiqamətində lazımi layihələrin həyata keçirilməsi üçün hər zaman hazır olduqlarını bildirib. Gürcüstanda Azərbaycan Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva vurğulayıb ki, iki ölkənin mediası arasında əlaqələrin daha irəliyə aparılması vacibdir. "Xalq" qəzetinin əməkdaşı Əfsanə Ələsgərli də Gürcüstan-Azərbaycan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. O, həmçinin əlavə edib ki, həm Gürcüstan, həm də Azərbaycan separatizmdən əziyyət çəkən ölkələrdir: "Bu və digər məsələlər barəsində hər iki ölkə əhalisinə doğru informasiya çatdırmaq zəruridir. Bu səbəbdən də hər iki ölkənin mediası arasında əlaqələrin inkişaf etdirilməsi zəruridir və bu istiqamətdə addımlar atılmalıdır". Diaspor Jurnalistləri Birliyinin (DJB) idarə heyətinin üzvü, "Olaylar" qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli isə təkliflə çıxış edib. O, Gürcüstan və Azərbaycan jurnalsitlərindən ibarət bir təşkilatın yaradılmasının əhəmiyyətli olduğunu önə çəkib. Sonda isə DJB sədri, "Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə görüşün təşkilinə görə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Gürcüstanın İdman və Gənclər Nazirliyinə, eləcə də gürcüstanlı jurnalistlərə təşəkkürünü bildirib.

Əli Zülfüqaroğlu
Bakı-Tiflis-Kaxetiya-Marneuli-Bakı