Tovuzda arxeoloji tədqiqatlar aparılır Hadisə

Tovuzda arxeoloji tədqiqatlar aparılır

Tural

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin başçılıq etdiyi ekspedisiya bu ilin təqvim-planı üzrə Tovuz rayonunda nəzərdə tutulmuş tədqiqat işlərinin ilkin mərhələsini yekunlaşdırıb. AMEA-nın məlumatına görə, Tovuz rayonu ərazisində yerləşən və e.ə. VI minilliyin I yarısına aid Göytəpə neolit yaşayış məskənində qədim yaşayış kompleksinin ərazisi də daxil olmaqla, nəzərdə tutulmuş arxeoparkın inşası üçün ilkin virtual layihələndirmə işləri aparılıb.
Göytəpə arxeoloji kompleksindən təqribən 1 kilometr qərbdə yerləşən Hacıəllamxanlı qədim yaşayış məskəninin tədqiqi davam etdirilib. Təsdiq edilmişdir ki, Hacıəllamxanlı yaşayış məskəninin qədim sakinləri məhz sonradan Göytəpə və həm dövr məskənlərə köç etmişlər. Məskəndən aşkar edilmiş üzvü qalıqların üzərində Tokio Universitetində aparılmış radiokarbon analizi Hacıəllamxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərmişdir. Beləliklə, Hacıəllamxanlı yaşayış məskənini Azərbaycanda neolitə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar.
Fransa Milli Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birgə Goytəpə arxeoloji kompleksindən 8 kilometr şərqdə yerləşən Menteş qədim yaşayış yerində də əsaslı arxeoloji araşdırmalar aparılıb. Qeyd edək ki, arxeoloji qazıntılar özündə bizim eramızdan əvvəl VI minillikdən etibarən III minilliyə qədər dövrü əks etdirən Cənubi Qafqazda mükəmməl bir yaşayış yerini üzə çıxarmışdır. Qədim yaşayış yerindən əldə edilən materiallar Azərbaycan və Fransa mütəxəssisləri tərəfindən kameral tədqiq edilir. Hazırda Tovuz arxeoloji ekspedisiyası rayon ərazisində digər yeni abidələrin müəyyənləşdirilməsi, qeydiyyatı və ötən il tədqiqatlarda aşkar edilmiş tarixi abidələrin tədqiqatını aparır.