Döyüşməliyik... Hadisə

Döyüşməliyik...

Arzu Şirinova

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin baş tutan Soçi görüşü bəyanatsız, sənədsiz yekunlaşdı. Yəni, əvvəldən gözlənildiyi kimi Ermənistanın ziyanına, Azərbaycanın üstünlüyü üçün hansısa bir irəliləyiş olmadı. Əksinə, Putin Dağlıq Qarabağ probleminin yalnız sülh yoluyla həllinin vacibliyini xatırlatdı və atəşkəs rejiminə əməl olunmasını istədi. Belə görünür Dağlıq Qarabağ problemi hələ uzun müddət davam edəcək...
Problem demişkən, vaxtilə mərhum millət vəkili Anar Məmmədxanlı ictimaiyyətə və mətbuata bir çağırış elədi. Cağırışın məğzi ondan ibarət idi ki, Qarabağ məsələsindən danışarkən "problem" sözü işlədilməsin. Mərhum deputat haqlı olaraq iddia edirdi ki, belə olan halda biz süni yaradılmış Qarabağ münaqişəsini "leqallaşdırırıq". Özümüz elan edirik ki, bəli, bu məsələ həqiqətən də həll olunmalı, sual doğuran məsələdir, loru dildə izah eləsək, yəni ki, Qarabağın kimin olduğu həqiqətən də bəlli deyil. Anar Məmmədxanlı bunları qeyd eləyib xatırladırdı ki, Qarabağ bizim olduğu halda ermənilər o əraziyə qeyri-qanuni soxulublar və bununla da münaqişənin əsası qoyulub. Ona görə də "konflikt" sözü Qarabağ məsələsinin mahiyyətini ən düzgün ifadə edən sözdür.
O vaxtdan bəri Azərbaycan ictimaiyyəti və mediası Qarabağ məsələsindən danışarkən "münaqişə" və ya eyni mənanı verən "konflikt" sözünə müraciət etməyə başladı. Bununla münaqişənin nə mahiyyəti dəyişmədi, nə də Qarabağ məsələsində Azərbaycanın xeyrinə bir addım atılmadı. Amma siyasətin və diplomatiyanın öz qanunları var və mən hesab edirəm ki, Anar Məmmədxanlı əslində bu ilk baxışda o qədər də əhəmiyyətli görünməyən nüansı tutmaqla böyük iş gördü.
Siyasətin və diplomatiyanın öz qanunları olduğu kimi tarixin və ictimai inkişafın da qanunları var. Hər bir şeyin məntiqi başlanğıcı və məntiqi sonu olur, o məntiqi sonluq öz sözünü deyən zaman diplomatiya da, siyasət də, hətta hərbi güclər də bu sonluğu dəyişməkdə aciz qalır. Mücərrəd danışmaq istəmirəm, keçirəm sadə misallara. Anar Məmmədxanlı yuxarıda qeyd etdiyim çağırışı edən zaman Azərbaycan cəmiyyətində, ictimai şüurunda vəziyyət necə idi? Qarabağdan, öz yurd- yuvalarından didərgin düşmüş qaçqınlar hələ doğma ocaqlarının istisini unutmamışdılar. Hər bir Qarabağ məcburi köçkününün içində doğma yurd yanğısı və bu yanğıya müvafiq olaraq da erməniyə nifrət vardı. Təbii idi. Müharibənin dəhşətini görmüş insanların heç də hamısı hərb yoluna üstünlük vermirdilər, amma əksəriyyət nə yolla olur- olsun torpaqlarının geri alınmasını istəyirdi. Politoloqlar, siyasətçilər təsdiq eləyərlər ki, bu faktor-ictimaiyyətin hansı əhval-ruhiyyədə olması istənilən məsələnin həllində ən böyük dövlətlərin, ən böyük güclərin belə nəzərə aldığı başlıca amildir. Təsadüfi deyil ki, Azərbaycana açıq- aşkar təslimçiliyi qəbul elətdirməyə çalışan məşhur təkliflər-" Minsk qrupunun paketləri" ortaya çıxanda mərhum prezident Heydər Əliyev məsələni Azərbaycan ictimaiyyətinin müzakirəsinə-daha dəqiq desək millətin seçdiyi insanların təmsil olunduğu Milli Məclisin müzakirəsinə çıxarmışdı. O zaman hər hansı masa arxasına əyləşib məsələni müzakirə edənlərin hamısı bu vəziyyti əla bilir və ona görə də Azərbaycan tərəfiylə ehtiyatla davranmağa çalışırdı. Və o zaman konflikt sözü vəziyyəti ifadə edə bilirdi.
İndi vəziyyət necədir? Minsk qrupu həmsədrləri artıq Azərbaycan üçün iki variantdan başqa yol qalmadığını qürurla vurğulayırlar. Bununla da Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunmasını istəyən "ictimai rəyə" öz işlərinin öhdəsindən müvəffəqiyyətlə gəldiklərini nümayiş elətdirirlər. Ermənistan tərəfi özünü şıltaq uşaq kimi aparır: gah görüşə gəlmir, gah müzakirə olunacaq məsələnin yalnız bir variantda ola biləcəyi barədə xəbərdarlıq edir, son vaxtlar da nəinki Dağlıq Qarabağ, hətta işğal altında olan ətraf rayonların da qaytarılmayacağını bildirir. Eyni zamanda, atəşkəsi mütəmadi olaraq pozur. Bir sözlə, özünü vəziyyətin ağası kimi aparır. Bu gücü də Rusiyadan aldığı bir daha açıq-aydın göründü. Soçi görüşünü deyirəm...
Mən şəxsən Soçi görüşündən nəticə çıxardım-Dağlıq Qarabağı qaytarmaq istəyiriksə döyüşməliyik. Dağlıq Qarabağı bizlərə problem kimi yaşadanlar son olaylarda anladılar ki, bizlərin döyüş problemimiz yoxdur...