Amerikalı qızlar... Hadisə

Amerikalı qızlar...

Arzu Şirinova

Ötən həftə tanışlardan biri zəng vurdu ki, Amerikadan qonaqlarım gəlib. Sən də qızınla gələrsən. Dəvəti qəbul edib getdik. Ev sahibi bizi qarşıladı və bildirdi ki, artıq qonaqlar təşrif buyurublar. Biz də keçib "xoş gəldiniz" deyib göstərilən yerdə əyləşdik. Masanın üzərinə müxtəlif çeşiddə təamlar düzülmüşdü. Əvvəlcə ev sahibi bizi qonaqlarla tınış elədi. Məlum oldu ki, Amerikadan gələn dörd qız bir həftə ərzində Bakı və Sumqayıtı gəzib dolaşmaq, istirahət etmək istəyirlər. Qızlardan birinin nişanlısı Bakıda ingilis dili kurslarının birində tədrislə məşğuldur. Və ev sahibinin qızı da həmin kursda oxuyur. Elə oradaca qızlarla tanış olaraq evlərinə qonaq çağırıblar.
Bəli, tanışlıqdan sonra məclis başladı. Amerikan qızlar ləziz yeməkdən yedikcə yeyirdilər. Və hər bir yemək haqqında da təəssüratlarını bildirirdilər. Deyirdilər ki, bu neçə gündə elə təamlar dadıblar, Amerikaya dönəndə belə damaqlarında həmin dadı bir müddət hiss edəcəklər. Qızlar bizim qonaqpərvərliyimizə heyran qalmışdılar. Çox qısa bir zamanda Azərbaycan dilində bəzi sözləri də tələffüz etməyi öyrənmişdilər. Məsələn, ən xoşladıqları "inşallah" və "əllərinizə sağlıq" sözləri idi.
Yemək süfrəsi bitdikdən sonra çay süfrəsi açıldı. Yarpızlı, nanəli çay içə-içə qonaqlarla maraqlı söhbətimiz alındı. Qızlardan yaşca balaca Alisa yenicə işə düzəlib, quşlara qulluq eləyir. Valideynlərindən kənarda yaşayır. Düzdür valideynləri onun ayaq üstə durması üçün əllərindən gələni əsirgəmir. Ancaq müstəqildir, şəxsi həyatına müdaxilələri xoşlamır. Rəfiqəsi Lori gününə 30 dollar almaqla kitabxanada işləyir. Qızların hər birinin şəxsi avtomobili var. Ümumiyyətlə, onlar özlərini avtomobilsiz təsəvvür edə bilmirlər.
Mən mövzunu bir qədər dəyişdim və yaralı yerim Dağlıq Qarabağ probleminin üzərinə gətirdim. Məqsədim də bu idi ki, görüm bu qızlar Dağlıq Qarabağ problemi haqqında bilgiyə malikdirlərmi? Məlum oldu ki, Amerikadan Azərbaycan neft ölkəsi kimi tanınır. Sovet imperiyasından qurtulmuş Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı sıravi amerikalıda adi bir məlumat yoxdur. Söhbət Dağlıq Qarabağ və ətraf rayonlarımızın erməni işğalçıları tərəfindən zəbt edilməsinə, bu səbəbdən də 20 faiz torpağımızın hələ də işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz torpaqlarından didərgin düşməsinə gəldikdə isə qızlar bu barədə heç nə bilmədiklərini dedilər. O zaman Amerikan qızlarla kiçik bir dialoqumuz yarandı:
-Sizin ölkəniz də ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Və olur ki, ildə bir neçə dəfə regiona səfər edirlər və bəyanatlar səsləndirirlər. Bu barədə də məlumatınız yoxdur?
-Xeyir.
-Bəs bizim qonşumuz olan Ermənistan haqqında nələri bilirsiniz?
-Ermənistan blokada şəraitində yaşayır. Hefti, qazı yoxdur. Türkiyə də sərhəddini bağlayıb.
-Hiyə bağladığı haqqında bilginiz varmı?
-Xeyr! Ancaq onu bilirik ki, Ermənistan çox çətin şəraitdə yaşayır və Amerika ona hər zaman yardım edir. Hər il isə marafon keçirirlər, pul toplayırlar. Mən də həmin marafona qoşulub pul yardımı etmişəm. Çətin şəraitdə yaşayan insanlara yardım etmək yaxşı bir şeydir.
-Ermənistanda olmusunuzmu?
-Xeyr!
-Hiyəsini bilmək olarmı?
-Özüm də bilmirəm.
Təbii ki, mən Dağlıq Qarabağın bizim torpaqlar olduğunu, Ermənistanın torpaqlarımızı işğal etdiyini, Xocalı soyqırımı yaşadığımızı və hələ də bu problemin çözülmədiyini qısa da olsa anlatdım. Bilmirəm faydası oldu, ya yox. Ancaq bir onu bilirəm ki, bizim kiməsə dərdimizi anlatmağımız əbəsdir. Çünki Azərbaycan yağlı bir tikədir və bu tikədən hamı dadmaq istəyir. Elə Amerikadan gələn qızlar kimi...