Yeməyə nə var? Hadisə

Yeməyə nə var?

Fəsillərə görə qidalanma daha düzgün sayılır

"Qidanı için, suyu çeynəyin. Onda bədəndə hər şey yaxşı olacaq" (İbn Sina). Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Azərbaycan insanının sağlam qidalanmadığını bildirir: "Əvvəllər süfrədə bir xörəklə kifayətlənirdilərsə, indi bu menyu daha boldur. Əslində isə qidalanma fəsillərə görə aparılsa, daha məqsədəuyğun olar. Sağlamlıq üçün hansı fəsildə nə bitir, nə yetişirsə, onu da yemək daha məsləhətlidir. Sağlam və düzgün qidalanmaq istəyənlər dədə-baba yeməklərimizi yesinlər, qarışdırmasınlar. Bir də ürəkləri ən çox istədiyi şeyləri yesinlər. Qabaqlarına qoyulan hər şeyi basıb yemək düzgün deyil. Əgər qarşınıza 20 cür meyvə qoyulubsa, ürəyiniz ən çox istəyən meyvəni yeyin. 50 cür xörək qoyulubsa, ən çox ürəyiniz istədiyi 1 xörəyi yeyin. Başqa şey yeməyə ehtiyac yoxdur. Eyni zamanda yerli məhsula üstünlük vermək lazımdır. Ətrafınızda 400 kilometr radiusda bitən, qaçan, yetişən məhsullardan qidalanın".
Qeyd edək ki, fəsillərə görə qidalanmanın daha düzgün olduğunu ekspertlər də vurğulayır. Yay aylarında insanlar yeməklərinə xüsusi diqqət etməlidirlər. İsti aylarda tərəvəzlə qidalanmaq məsləhətlidir. Yayda insan orqanizmi daha çox maye itirir. Bu səbəbdən bol su içmək orqanizmdəki maye itkisinin bərpasını sürətləndirir. Susuzluğu yatırmaq üçün suyun içinə bir-iki damcı limon suyu sıxmaq məsləhətdir. Bu təzyiqi yuxarı olan insanlar üçün ikiqat əlverişlidir. İsti havalarda qida rasionuna meyvələri də əlavə etmək lazımdır. Bu fəsildə olan meyvələr orqanik olduğundan insan orqanizmi üçün lazım olan bütün vitaminləri qarşılayır.
Mütəxəssilər bildirir ki, havalar soyuqlaşanda kolorili qidalara üstünlük vermək lazımdır. Məhz buna görə də qış aylarında daha çox xəmir xörəkləri və ət yeməkləri yeyilir. İsti havalarda yeyilən yüngül yeməklər, balıq, toyuq havalar soyuduqca qırmızı ət və yağ əvəzləyir. Eyni zamanda bu yeməklərlə yanaşı, mövsümə uyğun meyvələr qəbul olunmalıdır.
Tahir Əmiraslanov deyir ki, hər bir bitki yetişdiyi vaxt yeyilsə, yaxşıdır: "Əgər qışda xiyar yeyiriksə, bu, məlumdur ki, parnik məhsuludur. Ona görə də tərəvəzi öz mövsümündə yemək daha xeyirlidir. Yayda insanlar ət yemir, daha çox tərəvəzlərə üstünlük verirlər. Heyvanlar yazda, yayda nəsil verir, yayda ət bədənə ağırlıq gətirir. Sağlam qidalanmaqla bağlı çox danışmaq olar. Amma mən sağlam qidalanmaqla bağlı bir neçə prinsip formalaşdırmışam. Birinci prinsip belədir: öz mühitimizdə yetişən tərəvəzdən, ət və balıq məhsullarından yemək. Bu əhatə 400 km radiusdan uzaq olmamalıdır. İkinci prinsip budur: ggər stolun üstündə çoxlu növ yeməklər varsa, ancaq ürəyiniz istəyən yeməyi yeyin, mədəyə artıq güc verməyin. Hamilə qadın öz bətnindəki uşağa və özünə faydalı olanı yeyir, yəni ürəyi istəyəni. Demək, ürəyimiz istəyəni yeməliyik. Bədən özü-özünü tənzimləməlidir. Üçüncü prinsip: çalışın, aldığınız qidalar texniki istehsalatdan keçməmiş olsun. Əsasən təbii qidalara üstünlük verin. Nə qədər torpağa, təbiətə yaxın qidalar yeyilsə, orqanizm üçün daha faydalıdır. Qidanı yavaş-yavaş yemək lazımdır.
Tahir Əmiraslanov dünyada məşhur olan fast food-un (ayaqüstü yemək) insan orqanizmi üçün təhlükəli olduğunu bildirir: "Ayaqüstü vəziyyətdə qan ayağa daha çox gedir. Beyin ayaqları, bədəni nəzərdə saxlayır. Ayaqüstü qidalanan zaman mədə-bağırsaq sisteminə qan az gedir. Bu zaman yediklərimiz həzm olunmur, mədədə yığılır və ağırlıq verir. Onun əsas zərərlərindən biri budur. İnsan nə üçün yaşayır? Üç ləzzəti duymaq üçün: birinci ləzzət qida ləzzətidir. Çünki qida olmasa, insan həyatı davam edə bilməz. İkincisi sevgi ləzzətidir. Sevgi olmasa, insan həyatı dayanar. Digər ləzzət isə yaradıcılıq ləzzətidir. İnsan istəyir ki, bu 3 ləzzəti özü üçün təmin etsin. Əgər ləzzətlə oturub çörək yemiriksə, niyə işləyirik, niyə pul qazanırıq? İnsan normal qidalanmalıdır, normal çörək yeməlidir. Yeməkdən sonra 1 saat dincəlməliyik ki, qan mədə-bağırsaq sistemindən yenidən beyinə qayıtsın".
Həkimlər bildirir ki, düzgün qidalanmamağın nəticəsində ürək və qan dövranı sistemində xəstəliklər, yüksək qan təziqi, beyinə gedən qan damarlarında xəstəliklər, diabet, qaraciyər serozu, karies, prostat və s. kimi xəstəliklər əmələ gəlir.
Düzgün hazırlanma şərti ilə aşağıdakı bu məhsullar xeyirli hesab olunur: Kəpək buğda və digər dənli bitkilərin məhsulları; ballast maddələrlə zəngindir və tərkibində B və E vitaminləri var. Kəpək bağırsağın fəaliyyətinə tənzimləyici təsir göstərir. Kartof: nişasta ilə yanaşı, proteinlədə zəngindir. Tərkibində B və E vitaminləri, dəmir və kalium var. Təzə tərəvəz, lobya və meyvələr. Bu məhsulları belə dəyərli edən onların tərkibində olan vitamin, mineral və mikroelementlərdir. Göy-göyərti aşağı kalorili olmasına baxmayaraq xüsusilə artıq çəkidən əziyyət çəkənlər üçün çox faydalıdır. Lobyanın tərkibində böyük miqdarda zülal, vitaminlər (xüsusilədə, B), mineral elementlər - kalsium və fosfor var. Mikroelementlərdən isə dəmir və mis var. Lobyanın tərkibində zülal çox olduğu üçün vegeteryanlar onu ətin layiqli əvəzləyiçisi hesab edirlər.
Meyvənin tərkibində böyük miqdarda fruktoza olduğuna görə çox kalorilidir. Meyvənin növündan aslı olaraq tərkibi fərqli olur. Sitrus meyvələri C vitamini ilə zəngindir. Quru meyvələr həzm prosesinin pozulması zamanı faydalıdır. Meyvələri alan zaman onların xarici görünüşünü əsas götürmək lazım deyil. Görünüş cəhətdən yaxşı görünən meyvə və tərəvəzlərin tərkibində insanın sağlamlığı üçün zərərli maddələr var. Süd məhsulları: süd, kəsmik və s. kalsium ilə zəngindir. Vitamin B12, karoten, amin turşuları süd məhsullarını bioloji cəhətdən dəyərli məhsul edir.
Doktor Seyfəddin Əsəd qeyd edir ki, qidaları elə dadmaq lazımdır ki, yediyimiz yeməklər zərər verməsin: "Yeməkləri bir-birinə qatmaq olmaz. Qidaları ayrı-ayrılıqda qəbul etmək lazımdır. Nə yeyirsən ye, bir qida ye. Xüsusən süd və qatığı digər yeməklərə qatıb yemək olmaz. Yeməyin üstündən dovğa içmək olmaz. Digər yeməklərin üstündən dovğa içəndə köp verir. Yediyimiz qidaların xeyrini heçə endirir. Həzm sistemi pozulur. Ümumiyyətlə qidalar arasında məsafə saxlamaq lazımdır. Bitki mənşəli qidalar, göyərtini, meyvə-tərəvəzi əsas yeməkdən 10-15 dəqiqə əvvəl qəbul edilməlidir. Meyvə-tərəvəzin, göyərtinin əsas yeməkdən əvvəl qəbul edilməsi sonra qəbul edilən qidaların bağırsaqlarda tam həzminə imkan yaradır. Bu qayda ilə ət xörəklərinin bağırsaqlarda sorulmasını təmin etmək olar. Təbii qidaların qəbulunu artırmaq lazımdır. Bitki qidasının həzminə orqanizm az enerji sərf edir. Eyni qidanı eyni vaxtda həmişə qəbul edirik. Bu doğru deyil. Məsələn, çörəklə ət, kartof yeyirik. Kartof isə mədə şirəsini götürür. Əti isə şirələr həzm edir. Eyni anda kartof ətlə yeyiləndə ət həzmsiz qalır. İnsanda köp yaranır. Ət həzmə getmədiyi üçün bağırsaqlarda daşlar, şlaklar əmələ gəlir. Nəticədə intoksikasiya başlayır. Bu isə çox vaxt qəbizlik və ishala gətirib çıxarır".
Seyfəddin Əsədin dediyinə görə, bitki qidalanması çox enerjilidir. Həzmi də çox rahatdır. Bitki qidalanması orqanizmi ağır qidanın həzminə hazırlayır: "Məsələn, yeməkdən əvvəl 1 limon diliminin qəbulu ilə mədə şirəsi çox ifraz olunur. Karbohidratı da az qəbul etmək lazımdır. Yeməklə çoxlu miqdarda çörək qəbul edənlər köpdən gileylənirlər. Çörəyin tərkibində droj var. Mədədə bir növ böyüyür. Karbohidrat əvəzi düyü, kartof, bal qəbul etmək məsləhətdir. Mümkün olduqca balıq və toyuq ətinə üstünlük vermək lazımdır. Zülallı qidalar yaxşı olar ki, ayrıca qəbul olunsun. Meyvə-tərəvəz birinci, karbohidrat ikinci, zülallar isə sonda qəbul edilməlidir. Yaxud da ayrı-ayrılıqda qəbul edilərsə, həzm çox rahat və faydası çox olar. Qidalanma normal olmalıdır. Yeri gəlmişkən, karbohidratların həzm olunması ən çox ağızda başlayır. Zülal mədədə, bitki qidaları isə yoğun bağırsaqda sorulur. Bunların qəbulunda faiz nisbəti uyğun olmalıdır. Ən çox meyvə-tərəvəz və digər bitki mənşəli qidalar olmalıdır. Sonra karbohidrat tərkibli qidalar, daha sonra isə zülallı qidalar az nisbətdə qəbul olunmalıdır. Bağırsaqların normal çalışmasına xüsusi diqqət yetirilməlidir. Bütün xəstəliklərın mənbəyi burdan gəlir".
Həkim-loğmanın dediyinə görə, qidaları düzgün qəbul etmək çətindirsə, heç olmazsa bitki dəmləmələrini qəbul etmək vacibdir: "Bilirsiniz, dediyim məsləhətlərə əməl etmək üçün varlı olmaq şərt deyil. Və ya vaxt darlığından şikayət etmək yersizdir. Kimsə düzgün, nizamlı qidalanmaya əməl etməyi bacarmırsa, köpü varsa, şüyüd toxumunun, şüyüdün özünün dəmləməsini içsə, gözəl effekt əldə edər. Şüyüd qazı götürür. Razyana bitkisinin, toxumunun dəmləməsi həzmi yaxşılaşdırır. Bundan başqa, yarpızın dəmləməsi həzm sistemində spazmları götürür. Kimsə görsə ki, yemək qəbulundan sonra onda qəbizlik var, qızılgüllə səna yarpağından çay dəmləyib içsin. İshal zamanı yovşan dəmləməsi çox xeyirlidir. Gündə 2 dəfə yovşan dəmləməsi içilir. Yaçmen çayının dəmləməsi də bu məqsədlə xeyirlidir. Qədimdən məlumdur ki, narın dəmləməsi də ishal zamanı əla nəticə verir. İshalın qarşısını alır. İshalda cirə də çox gözəl effekt verir. Nanə də çox xeyirlidir. İshalla yanaşı ürəkbulanmanı, qusmanı da götürür. Boymadərən həzm sistemində effektiv təsir edir. Qaraciyər, öd yollarına, mədə-bağırsaq xəstəliklərində çox təsirlidir. Mədə-bağırsaq narahatçılıqlarında bağayarpağı dəmləməsi də əvəssizdir. Həzm sistemini yaxşılaşdırır. Qəbizliyin qarşısını almaq istəyənlər alkoqol və siqaretdən imtina etsələr yaxşıdır. Ət xörəkləri minimuma endirilməlidir. Hər səhər bir stəkan su qəbul edilməlidir. Suyun içinə çay sodası qatılsa, gözəl təsir göstərir. Acqarına 2 alma yeyilməlidir. Habelə isti olmayan halda itburnu dəmləməsi çox məsləhətdir. Qəbizlik zamanı 2 ədəd apelsin yemək də məsləhətdir. Adi xiyar turşusunun suyu, yerkökü şirəsi bağırsağı yumşaldır.
Qida qəbulundan sonra qan təzyiqinin yüksəlməsi zamanı nanə çayı içmək lazımdır. Zirnic dəmləməsi, yemişan bitkisinin dəmləməsi də bu məqsədlə çox gözəl təsir göstərir. Yaxud da valerian bitkisinin kökünün dəmləməsini içmək lazımdır. Xərda-xırda doğranıb bir stəkan suda yarım saat dəmlənir. Sonra isə 1 xörək qaşığı olmaqla gündə 3-4 dəfə qəbul edilir. Bağırsaqlarda spazmı götürür, sinir sistemini sakitləşdirir.

Ülviyyə Tahirqızı