Kəlağayı Hadisə

Kəlağayı

Kəlağayı milli geyimlərimizdən, daha doğrusu, qız-gəlin, eyni zamanda ağbirçəklərin baş örtüsüdür. İpəkdən hazırlanan, əvvəlcə əllə, daha sonralar dəzgahlarda toxunan bu müxtəlif ölçülü, naxışlı gözəl yaylıqlar həmişə qız-gəlinin bəzənməsində gözəlliyə gözəllik gətirəndir. Kəlağayı Azərbaycan qadınının geyiminin qədim atributudur. Kəlağayı ipliyindən başlayraq toxunub başa çatana qədər olan proses nə qədər zəhmət, cəfa tələb etsə də, hər bir insanı heyrətləndirir, onun üzərindəki naxışlar, motivlər adamı valeh edir. Sevindirici haldır ki, kəlağayı yenə əhəmiyyətini itirməyib, başlıca qadın baş örtüyü kimi indi də istər yaşlılar, istərsə də cavanlar tərəfindən istifadə olunur, rəğbətlə qarşılanır. Yaşlı qadınların, ağbirçəklərin isə adət-ənənə mühafizi olduğunu, nuraniliyini əks etdirir.
Kəlağayıların ölçüləri və rəngləri müxtəlifdir. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar ağ və əlvan rəngli,kiçik ölçülü kəlağayılardan istifadə edirlər. Novruz, toy kimi mərasimlərdə, el şənliklərində, cıdır oyunlarında qalib gələn atlıların atının boğazına qırmızı kəlağayı bağlamaq ənənəyə çevrilmişdi. Bir qayda olaraq yaşlı və orta yaşlı qadınlar çalmanın və ya dingənin üstündən kəlağayı örtürdülər.
Toy şənliklərində həmişə müjdə yastığını gətirən atlının atının boğazına qırmızı kəlağayı bağlanırdı. Kəlağayı həm də yeni qurulmuş ailənin təməli hesab edilirdi. Təzə gəlinin başına kəlağayı bağlaması təsadüfi sayılmırdı. Bu, onun ərinə ölənə qədər sadiq olacağına and içməsi kimi qiymətləndirilirdi. Nişan mərasimlərində elçiliyə gələnlərin arasındakı adamlardan qırmızı kəlağayıya bürünən qadın nişan üzüyünü qız evinə təqdim edirdi. Orta əsrlərdən kəlağayının üzərinə buta formasında naxışlar vurulub. Kəlağayı üzərindəki naxışları da iki qrupa bölmək olar: qıraqları boyunca və haşiyə əmələ gətirən şəkillər, ortada, yeləndə basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzəmə.
Şəki və Basqalda “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşnilərindən istifadə olunur. Kəlağayı əvvəllər kustar üsulla ayrı-ayrı şəxslər tərəfindən toxunub, sonralar kiçik müəssisələr yaranıb. Hələ XVIII yüzillikdə Azərbaycanın Gəncə, Şuşa və Şəki şəhərlərində ipəkçilik mərkəzləri meydana gəlmişdi.
Qeyd edək ki, XIX yüzillikdə Azərbaycan kəlağayısı dünya şöhrəti qazanıb. 1862-ci ildə Londonda keçirilən ümumdünya sərgisində iştirak edən Nəzər Əbüləziz oğlu Azərbaycan kəlağayısını nümayiş etdirib, onu gümüş medal və diplomla mükafatlandırıblar. 2003-cü ildən İsmayıllı rayonun Basqal qəsəbəsində “Kəlağayı” İpək Mərkəzi fəaliyyət göstərir. Burada “Kəlağayı” muzeyi də yaradılıb. Kəlağayı 26 noyabr 2014-cü ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Siyahısına daxil olub. Bu gün kəlağayı Azərbaycan qadınının baş örtüyü kimi qadınlarımızın gözəlliyini və zərifliyini əks etdirməkdədir.
Afaq Mustafayeva