
“Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm addım sayılmamalıdır, bu, həm də Azərbaycanın geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, xüsusilə Çexiya Baş nazirinin “Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır” fikri bu münasibətlərin mahiyyətini və səviyyəsini açıq şəkildə ortaya qoyur: “Baş nazir Andrey Babişin “Azərbaycan dünyanın diqqət mərkəzindədir” ifadəsi təsadüfi deyil. Bu, son dövrlərdə ölkəmizə artan beynəlxalq marağın real göstəricisidir və Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada mühüm aktora çevrildiyini təsdiqləyir”.
Tural Gəncəliyev qeyd edib ki, təkcə aprel ayı ərzində dörd Avropa ölkəsinin yüksək səviyyəli rəhbər şəxslərinin – Latviya və Ukrayna prezidentlərinin, Litva və Çexiya baş nazirlərinin Azərbaycana səfər etməsi diqqətəlayiq hadisədir. Bu səfərlər Azərbaycanın beynəlxalq sistemdə artan rolunun və rəsmi Bakıya verilən önəmin bariz nümunəsidir: “Son aylarda müşahidə olunan diplomatik fəallıq onu göstərir ki, Azərbaycan artıq yalnız enerji tərəfdaşı kimi deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul olunur. Avropa ölkələrinin regiona marağının artması isə birbaşa olaraq enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və sabitlik məsələləri ilə bağlıdır”.
Deputat diqqətə çatdırıb ki, Ukrayna Prezidenti və Çexiya Baş nazirinin məhz Qəbələdə qarşılanması yeni diplomatik yanaşmanın göstəricisidir: “Bu, Azərbaycanın regionların beynəlxalq münasibətlər sistemində rolunun artırılması siyasətinin tərkib hissəsidir. Daha əvvəl Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji əhəmiyyətini artırıb. Bu baxımdan, Qəbələ artıq Bakı və Şuşa ilə yanaşı, yeni diplomatik mərkəz kimi formalaşmaqdadır. Bu isə Azərbaycanın regional inkişaf modelinin uğurlu nəticəsidir”.
Azərbaycanla Çexiya arasında siyasi dialoq və strateji tərəfdaşlıq dərinləşir
Tural Gəncəliyev qeyd edib ki, Azərbaycanla Çexiya arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətlərin institusional əsasını formalaşdırıb.
Onun sözlərinə görə, Praqada keçirilmiş siyasi məsləhətləşmələr, qarşılıqlı səfərlərin intensivliyi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın davamlı xarakter daşıdığını sübut edir. Prezident İlham Əliyevin Çexiyaya dörd səfəri və Çexiya rəhbərliyinin Azərbaycana səfərləri yüksək səviyyəli siyasi dialoqun göstəricisidir.
Deputat bildirib ki, iqtisadi sahədə əməkdaşlıq da dinamik inkişaf edir. 814 milyon dollardan çox olan ticarət dövriyyəsi bu münasibətlərin real iqtisadi baza üzərində qurulduğunu göstərir. Çexiyanın Azərbaycanın əsas ixrac tərəfdaşlarından biri olması ölkəmizin Avropa bazarındakı mövqeyinin möhkəmləndiyini təsdiqləyir.
O əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, ticarət dövriyyəsinin strukturunun şaxələndirilməsi vacib məsələdir. Bu baxımdan, qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi qarşıda duran əsas hədəflərdəndir.
Enerji əməkdaşlığı: ənənəvi modeldən yeni istiqamətlərə keçid
Tural Gəncəliyevin sözlərinə görə, Azərbaycan-Çexiya münasibətlərində energetika sektoru əsas istiqamətlərdən biri olaraq qalır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması bu əməkdaşlığın strateji xarakterini göstərir: “Çexiyanın qaz təchizatı ilə bağlı uzunmüddətli müqavilələrə maraq göstərməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da artdığını sübut edir. Bununla yanaşı, bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıq perspektivləri münasibətlərin yeni mərhələyə keçdiyini göstərir”.
Deputat vurğulayıb ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq da mühüm istiqamətlərdən biridir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq bu sahədə birgə istehsal layihələri müzakirə olunur və bu, Azərbaycanın müdafiə potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Çex şirkətlərinin Azərbaycanda birgə müəssisələr yaratmaq, innovasiya və elmi tədqiqat sahələrinə sərmayə yatırmaq niyyətləri iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyini göstərir”.
Tural Gəncəliyev bildirib ki, Bakı ilə Praqa arasında birbaşa aviareyslərin bərpası əlaqələrin inkişafına mühüm töhfə verib. Həftədə bir neçə dəfə həyata keçirilən uçuşlar həm biznes, həm də turizm sahəsində əməkdaşlığı genişləndirir.
Deputat əlavə edib ki, Karlovı Varı hava limanı layihəsi və digər nəqliyyat təşəbbüsləri iki ölkə arasında əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək.
Deputatın fikrincə, bütün bu proseslər Azərbaycanın artıq regional çərçivədən çıxaraq daha geniş geosiyasi məkanda strateji tərəfdaş kimi qəbul edildiyini göstərir. Diplomatik fəallığın artması, iqtisadi əməkdaşlığın genişlənməsi və yeni diplomatik mərkəzlərin formalaşması bu tendensiyanı daha da gücləndirir.
Tural Gəncəliyev sonda vurğulayıb ki, Azərbaycan ilə Çexiya arasında formalaşan çoxşaxəli əməkdaşlıq modeli gələcəkdə daha dərin inteqrasiya və yeni strateji layihələr üçün geniş imkanlar açır. Onun sözlərinə görə, bu dinamika Azərbaycanın beynəlxalq sistemdə mövqeyinin təkcə sabitləşmədiyini, eyni zamanda, daha da möhkəmləndiyini nümayiş etdirir.