Azərbaycanda benzin və dizel idxalına gömrük güzəşti tətbiq edildi İqtisadiyyat

Azərbaycanda benzin və dizel idxalına gömrük güzəşti tətbiq edildi

Azərbaycanda yanacaq məhsullarının idxalı üzrə gömrük rüsumlarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

2017-ci il 17 noyabr tarixli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişikliklər aparılıb.

Dəyişikliyə əsasən, mühərrik benzinləri və dizel yanacağına aid bir sıra mal kodları üzrə idxal gömrük rüsumları yenidən tənzimlənib. Belə ki, həmin məhsullar üçün mövcud 15 faiz rüsum dərəcəsi saxlanılmaqla yanaşı, müəyyən həcmdə idxal üçün müvəqqəti güzəşt tətbiq olunacaq.

Qərara əsasən, 2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək idxal ediləcək 205 min ton Aİ-92 markalı benzin və 201 min ton dizel yanacağı üçün idxal gömrük rüsumu 0 faiz müəyyən edilib.

Bu güzəşt yalnız göstərilən həcm çərçivəsində tətbiq olunacaq, digər hallarda isə qüvvədə olan 15 faizlik rüsum dərəcəsi saxlanılacaq.

Qərar imzalandığı gündən qüvvəyə minib.