Bakıda “Kənddən Şəhərə” Qış yarmarkasına start verildi Hadisə

Bakıda “Kənddən Şəhərə” Qış yarmarkasına start verildi

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Aqil Quliyev, Kənd Təsərrüfatı Naziriliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova və Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Nərimanov rayonu ərazisində (Gənclik metro stansiyasının yaxınlığı) təşkil olunan “Kənddən Şəhərə” Qış yarmarkasına baş çəkiblər. Fermerlər və alıcılarla həmsöhbət olan rəsmilər yarmarkanın fəaliyyəti və məhsulların qiymətləri ilə maraqlanıblar. “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova jurnalistlərə açıqlamasında yarmarkaların təşkilindəki məqsədlərdən danışıb:
“Bakı və Abşeron ərazisində 5 fərqli ünvanda fəaliyyət göstərən “Kənddən Şəhərə” Qış yarmarkaları yerləşdikləri ünvanlar üzrə müvafiq İcra Hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilir. Yarmarkanın əsas məqsədi yerli kiçik və orta fermer təsərrüfatlarına məhsullarını birbaşa satmalarını üçün şərait yaratmaq, həmçinin bazarda olan məhsulların qiymətlərinə müsbət mənada təsir etməkdir. Burada satışı birbaşa fermerlər özləri həyata keçirirlər. “Kənddən Şəhərə” yarmarkaları mütəmadi olaraq hər həftəsonu keçirilir. Ancaq hal-hazırda bayramla əlaqədar Bakı və Abşeron ərazisində 5 fərqli ünvanda yarmarkalar fəaliyyət göstərməkdədir. Biz cari ildə yarmarkaların sayını 5-ə çatdırmağı hədəfləmişdik və bu hədəfimizə də çatdıq. “Kənddən Şəhərə” Qış yarmarkalarında həftəsonu yarmarkalarından fərqli olaraq qidalanma guşələri, eləcə də uşaqlar üçün əyləncə və yaradıcılıq guşələri də təşkil etmişik. Biz gələcəkdə də digər dövlət qurumları ilə əməkdaşlıq edərək maraqlı konseptdə yarmarkalar təşkil etməyi planlaşdırırıq”.
Qeyd edək ki, “Kənddən Şəhərə” Qış yarmarkası 21-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Bakı və Abşeron ərazisində 5 fərqli ünvanda təşkil olunur. Yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində süni qiymət artımının qarşısını almaq, aztəminatlı əhalinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını sağlam və münasib qiymətli məhsullarla ödəmək, yerli kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.