Xalqımız Qanlı 20 Yanvar gecəsi baş verənləri heç vaxt unutmayacaq Hadisə

Xalqımız Qanlı 20 Yanvar gecəsi baş verənləri heç vaxt unutmayacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərkəzin informasiya şöbəsindən verilən məlumata görə, mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tədbirdə çıxış edərək xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını diqqətə çatdırıb. Qeyd edilib ki, sovet qoşunları Bakıda qırğın törətsə də, günahsız adamları qanına qəltan eləsə də, Azərbaycan xalqının iradəsini qıra bilmədi. Direktor baş verən faciənin dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib: “Sovet quruluşunun mövcud olduğu bir vaxtda Ulu Öndər öz həyatını risk altında qoyaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi. Bakıda baş verən dəhşətli faciəyə görə ovaxtkı sovet hökumətinə rəhbərlik edən şəxslərin məsuliyyət daşıdığını bütün dünyaya bəyan etdi”.
Baş direktor sonralar Azərbaycan Milli Məclisi tərəfindən hadisəyə siyasi qiymət verilməsinin də məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini vurğulayıb. O, torpaqlarımızın azadlığı və müstəqilliyimiz uğrunda qurban gedən şəhidlərimizə və onların yaxınlarına Azərbaycan rəhbərliyi tərəfindən hər zaman həssas yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirildiyini bildirib.
Tədbirdə mərkəzin baş direktorunun müavini Ramiz İsgəndərov və “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli də çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan filmin nümayiş etdirilməsi ilə başa çatıb.