"Ayrı-ayrı siyasətçilərin açıqlamaları Türkiyə dövlətinin və xalqının mövqeyi kimi qiymətləndirilməməlidir” Siyasət

"Ayrı-ayrı siyasətçilərin açıqlamaları Türkiyə dövlətinin və xalqının mövqeyi kimi qiymətləndirilməməlidir”

“Türkiyədən Azərbaycana qarşı səsləndirilən ittihamlara münasibətdə ilk növbədə həmin fikirlərin kim tərəfindən, hansı siyasi mövqedən və hansı məqsədlə irəli sürüldüyünü müəyyənləşdirmək lazımdır. Ayrı-ayrı siyasətçilərin, dini çevrələrin və ideoloji qrupların açıqlamaları bütövlükdə Türkiyə dövlətinin və xalqının mövqeyi kimi qiymətləndirilməməlidir”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat söyləyib ki, Azərbaycan dövləti üçün qardaşlıq münasibətləri Azərbaycanın suverenliyinə, müstəqil xarici siyasətinə və milli maraqlarına yönələn əsassız ittihamların cavabsız qalması demək deyil: “Belə hallarda emosional qarşıdurmadan daha çox konkret faktlara, siyasi arqumentlərə və ittihamların mənbəyinə əsaslanan cavabların verilməsi əhəmiyyətlidir. Azərbaycan üçün bütün münasibətlərdə əsas prinsip qarşılıqlı suverenliyə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və daxili işlərə müdaxilə edilməməsidir. Strateji müttəfiqlik siyasi mövqelərin tam eyniliyi deyil, fikir ayrılıqlarına baxmayaraq qarşılıqlı hörmətin və milli maraqların qorunmasıdır”.

Röya İsrafilova