
“Azərbaycan-Ermənistan arasında sülh sazişini imzalamaq, ratifikasiya etmək məsələləri, eyni zamanda, demarkasiya və delimitasiya işləri gündəmdədir. Azərbaycan onsuz da sülh müqaviləsinin layihəsini hazırlayan tərəf kimi Ermənistana sülh müqaviləsinin imzalanmasını və onun keçən il Vaşinqtonda paraflanmasını təklif edən tərəf kimi sülh təşəbbüsü ilə çıxış edib. Ermənistanın iqtisadiyyat nazirinin sonuncu bəyanatında bildirilir ki, Ermənistanın da gələcəkdə əsas vəzifəsi bu məsələlərə fokuslanmaqdır. Təbii ki, Ermənistanın bu bəyanatları onun sonuncu hərəkətləri ilə, sonuncu həyata keçirdiyi siyasətlə, ümumiyyətlə, uyğunlaşmır”.
Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
T.Gəncəliyev diqqətə çatdırıb ki, Paşinyan son açıqlamasında sülh müqaviləsinin 2026-2031-ci illər arasında imzalana biləcəyini deməklə çox qeyri-müəyyən bir dövr kəsiyi elan etdi və bu dövr kəsiyində sanki 2031-ci ilə qədər bu məsələnin uzadıla biləcəyi mesajını verdi: “Həmçinin hesab edirəm ki, sanki Paşinyan artıq sülh prosesini, sülh müqaviləsinin imzalanmasını öz hakimiyyətinin qorunması və mövcudluğu konteksti ilə əlaqələndirir. Yəni Ermənistan cəmiyyətinə, Ermənistanın həm daxilində, həm xaricdə olan, həm Paşinyan tərəfdarlarına, həm də anti-paşinyan tərəfdarlarına sanki bir mesaj göndərir ki, yəni bu sülh prosesi, sülh müqaviləsinin imzalanması yalnız Paşinyan hakimiyyətdə olduğu dövrdə davam edə bilər. Buna görə 2026-2031-ci illəri özü üçün bir zaman kəsiyi müəyyənləşdirir. Sözümün canı budur ki, Paşinyan 5 illik qeyri-müəyyən müddəti irəli sürməklə həm də sanki demarkasiya və delimitasiya işlərinin uzadıla biləcəyinə eyhan vurur”.
Deputatın sözlərinə görə, Ermənistan son zamanlar konstruktiv bir mövqedə görünmür: “Ermənistanın konstitusiyasında dəyişiklik məsələsi var, referendumun keçirilməsi məsələsi var ki, Ermənistan Azərbaycan ərazilərinə iddiasından əl çəksin. Eyni zamanda, Ermənistanın demarkasiya, delimitasiya prosesi ilə bağlı fikirləri də qeyri-müəyyən şəkildə müxtəlif siyasi və ümumiyyətlə regional, qlobal məsələlərlə əlaqələndirilib uzadıla bilər. Ermənistan həm də bir tərəfdən də silahlanır. Onun müttəfiqləri olan Hindistan, Yunanıstan, Fransa, Yunan Kipri Ermənistana çox böyük dəstək ifadə edirlər, silah verirlər. Ermənistana heç kim qarantiya vermir ki, 2026-2031 zaman müddətini bəyan etməklə, həm o vaxta qədər silahlanıb daha da ordusunu militarizasiya etmək fikrində ola bilər və daha da silahlandıqdan sonra daha qeyri-konstruktiv və aqressiv mövqəyə keçə bilər. Yəni heç kim bunun qarantiyasını verməyib”.
O eləcə də deyib ki, Paşinyan Qarabağda, Şuşada yallı oynayıb, Qarabağın Ermənistan olduğunu bəyan edən həmin adamdır: “Ona görə də bu kimi məsələlər göstərir ki, Ermənistan rəsmilərinin bu tipli bəyanatları daha çox heç bir konkretliyə işarə verməyən, ümumi bəyanatlardır, guya Ermənistan da sülh tərəfdarıdır, sülh prosesinin getməsini istəyir. Ancaq biz müəyyən məsələlərdə görürük ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri heç yerinə yetirmək fikrində deyil. Bu baxımdan Ermənistan rəsmilərinin qeyri-müəyyən sözlərlə ifadə edilmiş bəyanatlarını da diqqətlə izləmək, onları analiz etmək lazımdır. Ermənitanın bəyanatları və əməlləri təəssüflər olsun heç də həmişə üst-üstə düşmür”.
Röya İsrafilova