
“Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi ölkəmizin beynəlxalq münasibətlər sisteminə müstəqil siyasi subyekt kimi daxil olmasının əsasını qoydu. Ötən 35 il ərzində Azərbaycanın xarici siyasəti mühüm tarixi mərhələlərdən keçərək regional əməkdaşlığın genişlənməsinə, qlobal siyasi və iqtisadi proseslərdə daha fəal iştiraka doğru inkişaf edib”.
Bunu millət vəkili Könül Nurullayeva Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, müstəqilliyin ilk illərində Azərbaycanın beynəlxalq aləmdə tanınması, diplomatik əlaqələrin qurulması və nüfuzlu beynəlxalq təşkilatlara üzv olması ölkənin xarici siyasətinin əsas istiqamətlərini təşkil edib: “1992-ci ildə BMT-yə üzvlük Azərbaycanın dünya birliyinə inteqrasiyasında mühüm tarixi hadisə olub. 1993-cü ildən etibarən isə siyasi sabitliyin təmin edilməsi, milli maraqların qorunması və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi prioritetə çevrilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasına, xarici investisiyaların cəlbinə və enerji diplomatiyasının inkişafına geniş imkanlar açıb.Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi strateji layihələr Azərbaycanın Avrasiyanın enerji və nəqliyyat xəritəsində mövqeyini gücləndirib. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirərək regional və qlobal proseslərdə daha fəal iştirak etməyə başlayıb”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanın xarici siyasətinin əsasını milli maraqların müdafiəsi, suverenliyin möhkəmləndirilməsi və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq təşkil edir:
“Cənab Prezidentin də söylədiyi kimi, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmək imkanları. Azərbaycanın BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və AQEM kimi beynəlxalq platformalarda fəaliyyəti ölkəmizin çoxtərəfli diplomatiyaya verdiyi əhəmiyyəti göstərir. Beynəlxalq tədbirlərə ev sahibliyi edilməsi və yeni əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi Azərbaycanın regional və qlobal məsələlərin müzakirəsində iştirak imkanlarını genişləndirir.
Qarşıdakı dövrdə əsas strateji vəzifələrdən biri mövcud diplomatik imkanları konkret siyasi, iqtisadi və təhlükəsizlik nəticələrinə çevirməkdir. Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsi, regional kommunikasiyaların açılması, Orta Dəhlizin inkişafı, qeyri-neft iqtisadiyyatının gücləndirilməsi, yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, dəyişən geosiyasi şəraitdə çevik diplomatiyanın yürüdülməsi, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlərin qorunması və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın təşviqi Azərbaycanın beynəlxalq mövqeyinin gələcək inkişafı baxımından vacibdir:
“Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunması ölkəmizə göstərilən inamla bağlıdır.Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Nə üçün Azərbaycan seçilir? Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır”.
K.Nurullayeva əlavə edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc dövləti kimi mövqeyinin möhkəmlənməsi iqtisadi müstəqillik, siyasi iradə və milli maraqlara əsaslanan xarici siyasətlə bağlıdır:
“Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir”.
Günel Elxan