“Qrantyeyən” QHT-lər hansılardır? Hadisə

“Qrantyeyən” QHT-lər hansılardır?

Xanoğlan Əhmədov: "Biz, jurnalist təşkilatı olaraq xarici donorlardan qrant almamışıq"
Aqil Ələsgər: "Söz azadlığının inkişafı, azad söz, media plüralizmi kimi adlar altında Azərbaycanda milyonlar silinir"

Yeni Müsavat qəzetinin baş redaktor müavini Azər Ayxan bildirib ki, mətbuatın adı ilə xaricdən külli miqdarda qrant alıb yeyən QHT rəhbərlərindən hesab sorma zamanıdır. Maraqlıdır, mətbuatın adından hansı QHT-lər qrant alıb?
"Media və Mülki Cəmiyyət" İctimai Birliyinin sədri Xanoğlan Əhmədov diqqətə çatdırdı ki, bu barədə məlumatlı deyil: "Sadəcə olaraq deyə bilərəm ki, biz, jurnalist təşkilatı olaraq nə xarici donorlardan, nə də KİV DF-dən qrant almamışıq".
Azərmedia Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aqil Ələsgər bildirdi ki, Azər Ayxanın sözlərində həqiqət var: "Çünki neçə illərdən bəri söz azadlığının inkişafı, azad söz, media plüralizmi kimi adlar altında Azərbaycanda milyonlar silinir. Hamımız dövlət məmurlarının özbaşınalıqlarından şikayətçiyik, amma işçisini süründürsə də, özü krallar kimi yaşayan müxaliflərə söz deyən yoxdur. Heç bir qrantın hesabı soruşulmadığından adamlar şəbəkə sistemi ilə xaricdən gələn qrantı həzm rabedən keçirirlər. Bu səbəbdən də ədalətli davranmaq istəyiriksə, öncə evin içini təmizləməliyik...".
"Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri Xaqani Səfəroğlu vurğuladı ki, müxtəlif illərdə Jurnalist təşkilatlarının əksəriyyəti layihələr həyata keçiriblər: ""Hesab sorma zamanı" deməklə hörmətli Azər Ayxanın nəyə işarə etməsi mənim üçün qaranlıqdır. Amma bildiyim qədər jurnalist qurumları bütün layihələrin icra olunması ilə bağlı hesabatlar təqdim ediblər...".
Yeri gəlmişkən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) gizli qrant müsabiqəsini ilk dəfə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət ictimailəşdirib: "USAİD 2,4 milyon qrantı gizli şəkildə özlərinə yaxın təşkilat və adamlara vermək istəyirdi. Zaman göstərdi ki, bu məlumatlar doğrudur. Burada böyük bir plan var idi və biz bunun baş tutmasını əngəllədik. Məqsəd o idi ki, bu pulun böyük qismi Xədicə İsmayıla ayrılsın. O, da "Azadlıq" radiosundan çıxaraq bu pulla özlərinin sözləri ilə desək, müstəqil media yaradacaq və hakimiyyətə qarşı təbliğat kampaniyasının genişləndirəcəkdi. Təbii ki, bunlar ehtimallar idi. Amma indi baş verən proseslər göstərir ki, onlar əsassız deyilmiş". Lakin Azər Həsrət bundan sonra həmin layihənin baş tutacağını güman etmir: "Çünki bu qədər hay-küydən sonra bunun alınması çətindir. Əslində biz kiminsə hakimiyyəti tənqid etməsinə qarşı deyilik, bu hər kəsin haqqıdır. Bütün dünyada hakimiyyətlər tənqid olunar, lakin dövlətçilik məsələsində ehtiyatlı olmalıyıq. Əgər Azərbaycan vətəndaşı xarici dövlətin əli ilə öz dövlətinə qarşı hansısa proseslərə başlayırsa, bu yolverilməzdir. Əgər USAİD həmin maliyyəni yenə gizli şəkildə öz istədiyi adamlara vermək istəyəcəksə, bu, ABŞ dövlətinin Azərbaycan dövlətinə qarşı hərəkəti kimi qiymətləndirilə bilər. Buna da təbii olaraq reaksiya veriləcək".
Qeyd edək ki, vəkil Elçin Sadıqov USAİD-in qalmaqallı 2,4 milyonluq qarant müsabiqəsinə sənəd verənlərin adlarını açıqlayıb. Vəkil ortada üç iddiaçının olduğunu bildirib.
"Bir neçə ay öncə USAİD 2,4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib. Bildiyimə görə, 3 iddiaçı var - İREX və "İnternyus" təşkilatları. Üçüncü iddiaçı isə öz çevrəsi ilə Xədicə İsmayılovadır. O, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib", - deyə vəkil qeyd edib.
Xatırladaq ki, bu ilin iyunun 31-də USAİD Azərbaycanda medianın inkişafı üçün 2,4 milyonluq qrant müsabiqəsi elan edib. Sənədlərin qəbulu üçün cəmi 7 gün vaxt qoyulması qalmaqala səbəb olub. Bir sıra QHT-lər bu müddətə hansısa layihəni hazırlamağın mümkünsüzlüyünü irəli sürüblər. Sonradan ortaya çıxan məlumatlara görə, təşkilat bu maliyyəni özünə yaxın təşkilatlara ayırmaq niyyətində olub və həmin təşkilatları müsabiqə barədə xeyli əvvəldən xəbərdar edib.
Onu da əlavə edək ki, dünən saat 15-dən etibarən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mühasibi Tatyana Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Tatyana Kryuçkina ilk dəfə avqustun 21-də şahid qismində dindirilib.
Avqustun 25-də RATİ-nin digər əməkdaşı Əbülfət Namazov 3 saatadək Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Avqustun 14-də RATİ-nin sədr müavini Günay İsmayılova dindirilib.
Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox video kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb.
RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb. Avqustun 11-də isə prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib. Bununla da təşkilatın fəaliyyəti faktiki olaraq dayanıb.
RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu hələ də məlum deyil.
Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT-lərin və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.
Yerli və beynəlxalq təşkilatlar cinayət işinin siyasi xarakterli olduğunu, müstəqil yerli QHT-lərin və xarici QHT-lərin Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

Əli