ANAMA Xızı rayonunda raket aşkarlayıb Hadisə

ANAMA Xızı rayonunda raket aşkarlayıb

Yanvarın 30-da saat 17:07-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonunun giriş hissəsinə yaxın olan ərazidə beş-altı mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Xızı Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Giləzi qəsəbəsində otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik 9M22U raketi və 4 ədəd partlamış-yanmış raket hissəsi aşkarlanıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri yanvarın 31-də də davam etdirilib. Nəticədə əlavə iki ədəd partlamış-yanmış raket hissəsi aşkarlanıb. Həmin raket hissələri götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketlərin tapıldığı yerin ətrafında 10 min 200 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.