“Uzun fasilədən sonra narkotikə qayıdış ciddi risk yarada bilər” Gündəm

“Uzun fasilədən sonra narkotikə qayıdış ciddi risk yarada bilər”

“Narkotik asılılığı ilə mübarizədə ən mühüm addımlardan biri istifadədən uzaqlaşmaq və müalicəyə başlamaqdır. Lakin bəzən diqqətdən kənarda qalan başqa bir təhlükə də var: insan narkotikdən müəyyən müddət uzaq qaldıqdan sonra yenidən istifadəyə qayıtdıqda risk əvvəlkindən daha yüksək ola bilər”.

Bunu xalqcebhesi.az-a araşdırmaçı-ekspert Məhbubə Mehdiyeva deyib.

M.Mehdiyeva söyləyib ki, narkotikdən müəyyən müddət istifadə etməyən insanın orqanizminin həmin maddəyə tolerantlığı azalır: “İnsan əvvəllər qəbul etdiyi miqdarı sonradan da təhlükəsiz hesab edə bilər. Lakin orqanizm artıq həmin dozaya əvvəlki kimi dözməyə bilər. Bu isə xüsusilə opioidlərdən istifadə zamanı ağır zəhərlənmə və ölümcül overdose riskini artırır. Bu səbəbdən asılılıqdan qurtulmaq yalnız narkotik istifadəsini dayandırmaqdan ibarət deyil. Reabilitasiyadan sonra da insanın psixoloji dəstəyə, tibbi nəzarətə, sağlam sosial mühitə və davamlı müalicəyə ehtiyacı ola bilər. Opioid asılılığının müalicəsində dərman müalicəsi ilə yanaşı davranış terapiyasından və digər dəstək üsullarından istifadə edilir. Məqsəd insanın yenidən narkotik istifadəsinə qayıtması və bunun ağır nəticələri ilə üzləşməsi riskini azaltmaqdır. Buradan gənclər üçün mühüm bir nəticə çıxır: asılılıqdan uzaqlaşmaq bir gündə başa çatan proses deyil. İlk addım narkotikdən imtina etməkdirsə, növbəti addım həmin qərarı qorumaqdır”.

Ekspertin sözlərinə görə, bəzən insan “mən artıq dayandırmışam, deməli təhlükə keçib” düşünə bilər, halbuki xüsusilə uzun fasilədən sonra narkotikə qayıdış ciddi risk yarada bilər: “Buna görə reabilitasiyadan sonra dəstək almaq, müalicəni yarımçıq qoymamaq və yenidən istifadəyə sövq edən mühitlərdən uzaq durmaq böyük əhəmiyyət daşıyır. Zərərli vərdişlərdən qurtulmağın ən mühüm şərtlərindən biri də insanın bu mübarizədə tək olmadığını bilməsidir. Ailə, dostlar, mütəxəssislər, dəstək qrupları və sağlam sosial mühit insanın bərpa prosesində mühüm rol oynaya bilər. Narkotikdən uzaq qalmaq sadəcə bir vərdişi dayandırmaq deyil, sağlam həyata yenidən qayıtmaq prosesidir. Bu prosesdə ən vacib addımlardan biri isə əldə edilən nəticəni qorumaq və yenidən istifadəyə qayıtmamaqdır”.

Röya İsrafilova