13:47
364
“ABŞ-nin Venesuelada əməliyyatından sonra Kubaya müdaxilə edəcəyi ilə bağlı fikirlər mətbuatda zaman-zaman gedir. Düşünürəm ki, İran və Yaxın Şərqdə ABŞ-nin uğur əldə edə bilməməsi bu prosesi yarımçıq qoyub və əgər ABŞ İranda uğur əldə etsəydi, Yaxın Şərqdə istəyinə nail olsaydı, Kuba məsələsini çoxdan həll edəcəkdi və hətta bunun beynəlxalq aləmdə doğuracağı nəticələri belə nəzərə almadan”.
Bu fikirləri xalqcebhesi.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib.
Siyasi şərhçi söyləyib ki, indiki mərhələdə Kuba ilə bağlı fikirlər yenidən səsləndirilsə də İran və Yaxın Şərq mövzusu buna mane olur: “Amma ehtimallardan bir də ondan ibarətdir ki, İranda və Yaxın Şərqdə uğur əldə etmədən ABŞ Kuba məsələsini seçki öncəsi Respublikaçıların aralıq seçkilərində qalib gəlməsi üçün ölkə ictimaiyyətinə və ölkə seçicisinə bir qələbə təqdimatı kimi edə bilər. Amma nəzərə alaq ki, indiki mərhələdə, yəni Yaxın Şərqdə uğur əldə etmədiyi bir reallıqda ABŞ-nin Kuba ilə bağlı atacağı addımlar beynəlxalq aləmdə əks təsirə səbəb ola bilər”.
X.Bəşirov düşünür ki, ABŞ Rusiya və Çin faktorunu indiki reallıqda nəzər almalıdır: “ABŞ-nin Yaxın Şərq mövzusunda gələcəkdə uğur əldə edəcəyi o qədər də real görünmür. Hesab edirəm ki, ABŞ tərəfi özü də anlayıb ki, Yaxın Şərqdəki istəklərinə nail olması reallığa söykənmir. Ancaq hər bir halda əgər əldə edəcəksə, yenə də Kuba ilə bağlı əməliyyatı reallaşdıra bilər. Əgər indiki mərhələdə bu vəziyyətdə edəcəksə, o halda bu, seçkiyə hesablanmış addım olar”.
Röya İsrafilova