“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, bir gün sonra hakim partiyanın qurultayı olacaq, gözləntilərinizi bilmək istərdik...
YAP üzvlərini və rəhbər strukturlara seçiləcək şəxsləri öncədən təbrik edirəm. Arzu edərdim ki, qurultayda ölkəmizin sürətli inkişafa yol açacaq mühüm qərarlar qəbul olunsun.
- Mİlli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına təklif edilən dəyişikliklərlə bağlı çıxışa yazılsanız da belə bir imkan yaradılmadı. Niyə və nə barədə danışacaqdınız?
- Çıxışa cəmi iki nəfər yazılmışdı, Razi Nurullayev və mən. İş planı ilə bağlı gündəliyə aid olmayan çoxsaylı çıxışlar oldu, 11 nəfər danışdı. Məzuniyyət dövründə Sədr çoxsaylı vacib xarici səfərlərə gedib, çoxsaylı xarici qonaqları qəbul edib, demək olar ki, bütün məzuniyyət dövründə işləyib. Buna görə ona təşəkkür etmək lazımdır, amma yorğunluğa baxmayaraq vacib məsələlərin müzakirəsinə də imkan yaradılmalıydı. Ən azı iclasa qatılmış Prezidentin köməkçisi də heç olmasa iki deputatın fikrini dinləyə bilərdi. Yoxsa sual yaranır ki, o iclasa niyə qatılmışdı?
Mən daha çox diqqəti sənaye və texnologiya parklarının fəaliyyətinə çəkəcəkdim. 2011-ci ildən fəaliyət göstərən 11 sənaye və texnologiya parkında (Onlardan ikisi hələ ki, yeni yaradılıb və fəaliyyyətə başlamayıb) Sənaye və Texnologiya Parklarının şəhadətnamələrini almış iri sahibkarlıq subyektləri üçün ixracı stimullaşdırmaq məqsədilə müəyyən güzəştlər nəzərdə tutulur. 2026-cı ilin avqust ayına olan məlumatlara görə sənaye və texnologiya parklarında cəmi 101 müəssisə fəaliyyət göstərir. Bu günə qədər onlara edilən ƏDV və gömrük güzəştləri 560.5 milyon dollar təşkil edir. Sənaye və texnologiya parklarının yaradılmasına milyonlarla manat vəsait xərclənib, qaz, su, elektrik xətləri, yollar çəkilib.15 il ərzində sənaye və texnologiya parklarına 7.2 milyard manat investisiya qoyulub, 11200 insan işlə təmin olunub, 20.3 milyard dollarlıq məhsul istehsal olunub. Bu 10 milyonluq böyük potensiala malik ölkə üçün çox kiçik rəqəmdir. Cənab Prezident də bu yaxınlarda çıxışlarından birində söylədi ki, ixracın 90%-dən artığını neft və qaz məhsulları təşkil edir. Ona görə bu parkların maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır.
İndi yenə ixracyönümlü məhsul istehsal edən iri sahibkarlar üçün güzəştlər nəzərdə tuturuq və bu dəyişikliklərlə büdcənin nə qədər gəlirdən məhrum olacağı barədə məlumat verilmir.
Gələn ilin dövlət büdcəsinin gəlirlər hissəsində 625 milyon manatlıq -1.6 % artım, 5.3 %-lik infilyasiya proqnozlaşdırılsa da "sosial müdafiə və sosial təminat" xərclərinin 0.88 %, 43 milyon manat artırılması nəzərdə tutulur.
Biz pensiya islahatlarını, büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarada çalışanların sayının azaldılmasını aparılacaq iqtisadi islahatların nəticələrinin büdcə gəlirlərinin ciddi artımına gətirib çıxaracağı dövrə saxlamalıyıq. Qeyd etdiyim islahatlarla əldə ediləcək vəsait sosial narazılıqdan başqa bizə heç nə verməyəcək. İslahatların ardıcıllığını düzgün müəyyən etməsək, aparılan islahatların vuracağı ziyan xeyrindən çox olacaq.
Qeyd edəcəkdim ki, bu cür dəyişikliklərlə böyük investisiya qoyuluşuna nail olmaq mümkünsüzdür. Biz iqtisadi azadlıqları genişləndirməli, dövlətin nəzarətində olan iqtisadiyyatın əsas sahələrini özəlləşdirməli, Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, kiçik və orta sahibkarlığın inkişafı qarşısında ən böyük maneə olan dövlət idarəetməsində ifrat mərkəzləşməyə son qoymalı, yerli dövlət hakimiyyəti orqanlarına rayonlarda istehsal və emal müəssisələrinin tikintisinə icazə vermək səlahiyyəti verilməli, mülkiyyəti qoruyacaq güclü məhkəmə hakimiyyəti qurmalı, sərhədləri açmalıyıq. Yalnız bu yolla ölkədə sürətli iqtisadi inkişafa nail olmaq mümkündür.