Toy və yas mərasimləri... Hadisə

Toy və yas mərasimləri...

Soyğunçuluqdan necə xilas olaq?

Son günlər toy və yas mərasimlərində ifrat dərəcədə yol verilən israfçılıq günün əsas müzakirə mövzularındandır. Əslində hər kəs bu israfı görür, qınayır, etiraz edir, amma heç nə dəyişmir. İstər toya gedən olsun, istər yas mərasiminə gedən - hər kəs getdiyi yerdən mütləq narazı gəlir. Hər kəs narazıdır. Bəs əslində necə olmalıdır? Bizim toy və yas mərasimlərimiz hansı qaydalarla keçirilməlidir? Bu suallar yəqin ki, çox az insanı maraqlandırır.
Qeyd edək ki, İslam dinində israfçılıq qəbul edilmir və bu Quran ayələrində öz əksini tapıb.
"Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur." (İsra, 27)
"Şübhəsiz ki, Allah israf edənləri sevmir" (Ənam, 141; Əraf, 31;)
Dinimizin qanunlarına görə yas məclisində təziyə məqsədilə, yəni, başsağlığı vermək üçün gedənlərin (qonşu, tanış-biliş, qohum-əqrəba) orada çörək yeməyi deyil, özləri ilə yemək aparmaqları məsləhət görülür. Əzizini itirən birinin başsağlığı üçün gələnlərə yemək bişirməyə nə halı olur, nə də ki, imkanı...
Əslində israfçılıq istənilən halda xoş qarşılanan bir hal deyil. Bu israfçılıq yas mərasimlərində daha yüksək səviyyədədir.
Toy artıq ailələrin böyük sevinclə yox, böyük narahatlıqla keçirdikləri gün olur. Çünki bir çox insanın toydan sonra illərlə borc qaytarması halları hamıya məlumdur.
İsrafçılığın qarşısının alınması ilə bağlı bir çox ziyalılar müxtəlif təkliflər veriblər. Amma problem hələ də qalmaqdadır. Belə olan halda bunun qarşısını mnecə almaq olar?
Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov bildirib ki, milli adət-ənənələrimiz olan toy və yas məclislərindəki israfçılıqla bağlı bütün ictimai təbəqə mübarizə aparmalıdır. Onun fikrincə, bu məclislərdəki israfçılığın səbəbini təkcə QMİ və ya ruhanilərdə axtarsaq, bu o deməkdir ki, məsələnin həlli istiqamətində addımların atılmasında ciddi deyilik. Onun fikrincə, sözügedən problemin sürətlə həllini istəyiriksə, işlək təsir mexanizmlərinə üz tutulmalıdır: "KİV, ələlxüsus da TV-lərdə bununla bağlı ictimai qınaq xarakterli verilişlər hazırlanmasa, cəmiyyətdə bununla bağlı yetərincə maariflənmə aparılmasa, təhsil müəssisələrində gənclərimizə buna qarşı qınaq aşılanmasa, sözügedən israfçılıq kabusu hələ ən azı bir nəsil də davam edəcək".
Ekspert Zaur İbrahimli isə hesab edir ki, məsələ yalnız mentalitetlə bağlı deyil: "Yas və toy mərasimləri ilə bağlı vəziyyətin dəyişməsi üçün müsbət nümunələrlə, təşviq və çağırışlarla yanaşı müvafiq tənzimləmə mexanizmlərinə də ehtiyac var. Bu həmçinin, insanlarımızın neqativ ictimai basqıdan xilas olmağa, "dövlət icazə vermir" deyərək artıq məsrəfdən xilas olmağa, bu zaman isə ətraf mühitin mənəvi təzyiqinə cavab vermək üçün tutarlı arqumentləri olacaq. Hökumət tərəfindən müvafiq tənzimləmələr, cəmiyyətin dəstəyi ilə tez bir zamanda insanları əzən hazırkı davranış normaları, steriotiplərin zəifləməsinə yol açacaq. Son illər ən mütxəlif səbəblərdən yaranmış mövcud "adətlər"dən imtina etmək və eyni zamanda utanmamaq üçün azərbaycanlılara çox tutarlı, hamının qəbul edəcəyi əsaslar lazımdır. Bu əsaslar indiki halda yalnız hökumət tənzimləməsi ilə yaradıla bilər. Təsadüfi deyil ki, əksəriyyət yas və toy mərasimləri ilə bağlı indiki vəziyyətdən narazıdır. Lakin vəziyyət dəyişmir...Bu situasiyada hökumət çəkinmədən təşəbbüsü öz üzərinə götürməlidir. Dövlətin əsas vəzifələrindən biri də cəmiyyətdə harmoniyanı təmin etmək, insanların rifah halnın qayğısına qalmaqdır. İndiki halda isə yas və toy mərasimlərinin keçirilməsi insanlarımızı iztirblara düçar edən, onların rifah halına zərbə vuran vəziyyət yaranıb. Hökumət bu məsələ ilə bağlı tənzimləmə siyasəti həyata keçirməlidir. Amma bu yalnız inzibati metodlarla deyil, təşviqat və maarifləndirmə ilə aparılmalıdır".
Ekspert İlqar Hüseynli qeyd edib ki, yas mərasimlərində istifadə olunan avadanlıqlar, o cümlədən, çadırların təşkili də rəsmiləşdirilməlidir: "Yas mərasimlərinin təşkili üçün dövlət tərəfindən xüsusi yerlər təşkil olunmalıdır. Həmin yerlərdə insanlar öz kədərini paylaşmalıdır. Bir sıra xarici ölkələrdə, o cümlədən, qonşu Türkiyədə yas mərasimlərinin təşkili üçün xüsusi yerlər olur. Həmin yerlər bələdiyyənin ixtiyarında olur. Yası olan adam bələdiyyəyə müraciət edərək bildirir ki, doğması rəhmətə gedib, məclis yerində acısını qohum-tanışlarla birlikdə bölüşmək istəyir. Bələdiyyə tərəfindən yas mərasimi olan şəxsə yer ayrılır və ona hər bir dəstək verilir. Belə bir təcrübə Azərbaycanda da tətbiq olunarsa, yaxşı olar. Çünki heç kim yas çadırı dərdi çəkməz".
Qeyd edək ki, artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi restoran sahibi ilə sifarişçi arasında müqavilə imzalanmağı təklif edir. Məqsəd isə mövcud problemin həllinə nail olmaqdır. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, bu təklif gələcəkdə qanun kimi təkmilləşdiriləcək: "Şadlıq evləri ilə bağlı Azərbaycanda standart mövcuddur. Standartda şadlıq evlərinin təsnifatı, interyeri, onun ətrafındakı infrastrukturu və digər məsələlərin tənzimlənməsi qeyd olunub. Əsas tənzimlənmə predmetinə qida məhsullarının keyfiyyəti, köhnə yeməklərin yeni kimi təqdim olunmaması kimi tələblər daxildir. Restoran sahibi ilə istifadəçi arasında müqavilə imzalansa, bu məsələlər həllini tapa bilər. Düzdür, elə sifarişçi ola bilər ki, övladının toyunda bolluğun olmasını istəyir, eləsi də var ki, menyuda seçilmiş yeməklər tələb edir. Hər iki halda müqavilə imzalanmalıdır".
Milli Məclisin deptuatı İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə düşünür ki, bunu qanunla tənzimləmək mümkün deyil: "Birinci növbədə vergi sistemini tənzimləmək lazımdır. Bu mövzunun Milli Məclisdə müzakirə edilməsinin tərəfdarı deyiləm. Yas mərasimlərinin qanuniləşdirilməsinin tərəfdarıyam. Birinin imkanı var, digərinin yoxdur. Bunu qanuna salmaq düzgündür. Amma restoranlar özəl obyektlərdir. Buranın da müəyyən xərcləri var. Sadəcə, vergi sistemi təkmilləşdirilməlidir. Vergilər Nazirliyinin əməkdaşları monitorinq aparmalıdır. Bunun inzibati qaydada tənzimlənməsi çətin məsələdir".
Onu da bildirək ki, ötən ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini 3 şadlıq evində kulinariya məhsullarının uyğunluq sertifikatlarının olmadığı, xammal tədarük edilən firmalarla müvafiq müqavilələrin olmadığı, yeməklərin hazırlanma prosesini, saxlanma şəraitini və müddətini müəyyən edən texnoloji təlimat və resepturaların mövcud olmadığı aşkar edilib. Bundan başqa, müəssisədə məhsulların saxlanılması zamanı temperatur rejiminə və mal qonşuluğuna əməl olunmadığı, burada çalışan personalın gigiyenik və sanitar normalara riayət etmədiyi, istehsal edilən məhsulların dövri olaraq yoxlanılmadığı, sınaqların aparılması üçün hər hansı akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı da aşkar edilib.

Əli