Bahalaşmanı kim yaradır? Hadisə

Bahalaşmanı kim yaradır?

Vahid Məhərrəmov: "İsrail bizdən çox kənd təsərrüfatı məhsulları istehsal edir"

Son günlər kənd təsərrüffatı mallarında-meyvə, tərəvəz, o cümlədən yumurtanın qiymətində bahalaşma müşahidə olunur.
Topdansatış ticarət mərkəzlərinin sahibləri verdiyi məlumata görə içində 360 ədəd yumurta olan qutuları istehsalçı şirkətlərdən srağagün 20 manata alıblar. Dünən isə bir qutu yumurtanı topdansatış bazalarına 30 manatdan veriblər: "Biz də 30 manata aldığımız məhsulların hər qutusunun üstünə yalnız 1 manat qoymaqla məhsulu pərakəndə satışla məşğul olan ticarət mərkəzlərinə, yəni marketlərə paylamışıq. İstehsalçılar bahalaşmaya belə izah verdilər ki, qiymət artımı tələbatın artması ilə bağlıdır. Dünəndən bu günə tələbat necə, nə qədər artıb ki, birdən-birə 10 manat bahalaşma olub? Biz tələbatın artdığını müşahidə etməmişik".
Qeyd edək ki, topdansatış qiymətlərinin artımı ilə pərakəndə satış qiymətləri də yüksəlib. Marketlərdə yumurtanın bir ədədinin qiyməti 7 qəpikdən 10 (bəzi marketlərdə isə 13) qəpiyədək artırılıb.
Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev isə Virtualaz.org saytına qiymət artımını broylerlərin xarici ölkələrdən asılı olması ilə əlaqələndirib. Vəliyev xaricdən gətirilən yemin bahalaşdığını, buna görə də yumurtanın qiymətinin artırıldığını söylədi: "Yem, yem əlavələri, baytarlıq preparatları bahalaşıb. Buna görə də yumurtanın qiyməti artıb. Əvvəllər Ukraynadan yem kimi taxıl, qarğıdalı gətirilirdi. İndi isə Ukraynadan yem alınmır. Yəni Ukraynada baş verən hadisələr də buna təsir etdi. Xarici ölkələrdə yemin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür. Biz bu sahədə xarici ölkələrdən asılı vəziyyətdəyik". Vəliyev yumurtanın qiymətinin tələbat artdığından bahalaşması iddiası ilə razılaşmır: "Biz xarici ölkələrə yumurta satmaq istəyirik. Qiymət artımını tələbatın artması ilə əlaqələndirmək yanlışdır".
İqtisadi İnkişaf Nazirliyindən qiymət artımından məlumatsız olduğunu deyirlər.
Bəzi fikirlərə görə isə, bahalaşma isti hava şəraiti ilə əlaqədardır. Bəzi fermerlərin bildirdiyinə görə, son bir neçə ay ərzində isti hava şəraiti ötən illərə nisbətən daha uzun çəkdi və kənd təsərrüfatına ciddi ziyan vurdu. Əkin sahələrinə dəyən ziyandan həm istehsalçılar, həm də istehlakçılar əziyyət çəkir.
Ümumiyyətlə bahalaşmanın səbəbkarı kimdir? Kənd Təsərrüfatı Nazirliyi, Sahibkarlar, yoxsa digət faktorlar?
İqtisadçı ekspert Vahid Məhərrəmov yaranmış durumun yalnız quraqlıq ilə bağlı olmadığını bildirib: "Bunu yalnız quraqlıqla əlaqələndirmək olmaz. Ümumiyyətlə, bu il keçənilkindən fərqli olaraq, bu sahəyə diqqət yetirilmədi. Yeni təyinat almış kənd təsərrüfatı naziri ilk öncə kənd təsərrüfatı məhsullarının istehsalına daha ciddi fikir verməli idi. Ona görə ki, nazirliyin qarşısında duran vəzifələrdən biri bu sahədə doğru siyasətin aparılmasından ibarətdir. Onlar çalışmalı idi ki, fermerlərin suya olan ehtiyacı mövcud olan su potensialımıza uyğun olaraq ödənilsin və belə hallar baş verməsin". Ekspert onu da deyib ki, Azərbaycanın su potensialı, hətta itkiyə verilən su ölkənin suya olan ehtiyacından iki dəfə çoxdur: "Ölkənin çox böyük su potensialı var. Lakin niyə bu sudan məqsədyönlü istifadə olunmur? Nəyə görə bu su potensialı məhsul yetişdirilməsində istifadə olunmur? Nazirliyin işi bundan ibarətdir. Ancaq bunun əvəzinə o, bir neçə normal kadr var idi, onları da işdən uzaqlaşdırdı, özü də kombayn sürücülərinə sertifikat verməklə, Belarusda istehsal olunan, lakin Gəncədə yığılan traktorların paylanması ilə məşğul oldu. Bu işlərin onun birbaşa vəzifəsinə heç bir aidiyyatı yoxdur. Dövlət bu sahəyə kifayət qədər büdcə ayırır".
Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanın bir ildə istifadə etdiyi suyun miqdarı təxminən 11 milyard kub metr təşkil edir: "Halbuki 1 milyard kub metr su istifadə edən İsrail bizdən çox kənd təsərrüfatı məhsulları istehsal edir. Yəni ölkədə təsərrüfatçılıq, büdcə vəsaitinin talanmasına yol verilir. Nəticədə isə bundan daha çox əziyyət çəkən istehsalçılar və istehlakçılar olur".
İqtisadçı ekspert Pərviz heydərov isə "Xalq Cəbhəsi"nə açıqlamasında dedi ki, bahalaşmanın bir neçə səbəbi var: "Burada Kənd Təsərrüfatı Nazirliyi və sahibkarların deyil, müəyyən işbazların da rolu var. Ancaq bu dəfəki bahalaşmada obyektiv amillərin rolu daha böyükdür. Hələ ilin ortasından payız aylarında kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksələcəyi proqnoz edilirdi. Üstəlik, bu il Azərbaycanda məhsuldarlıq üçün çox əlverişsiz təbii şərait oldu".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu isə diqqətə çatdırdı ki, bu bir proses olaraq Qərbin Rusiya ilə bağlı tətbiq etdiyi sanksiyalardan sonraya təsadüf edən və Rusiyanın cavab addımı kimi qarşılıqlı olaraq tətbiq etdiyi məhdudiyyətlərdən sonrakı dövrə təsadüf edir. Onun sözlərinə görə, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının ölkəsinə gətirilməsinə yaşıl işıq yandıran Rusiya, bu məhsullara olan tələbatını qismən də olsa ödəməyə çalışır: "Sovet dönəmindən də yadınızda olduğu kimi Rusiyanın kənd təsərrüfatı məhsulları ilə əsasən Azərbaycan təmin edirdi. Amma bu məhsulların Rusiya bazarlarına daşınması bizim bazarlarda qiymət dəyişikliyinə təsir etmirdi. Deməli problemin kökünü tamam başqa bir yerdə - işbazlarda axtarmaq lazımdır".

Əli