Sosial şəbəkələrin xeyri və ziyanı Hadisə

Sosial şəbəkələrin xeyri və ziyanı

Bu şəbəkələr həyatımızda hansı dəyişikliklər edib?

Cavid

Facebook şirkəti 10 illiyini qeyd edir. Bu müddət ərzində Facebook aylıq 1,23 milyard istifadəçi auditoriyası ilə dünyanın ən böyük sosial şəbəkəsinə çevrilib. Qeydə edək ki, Facebook-un rəhbəri Mark Sukerberq sosial şəbəkəni Harvard Universitetinin tələbələri arasında ünsiyyət üçün yaradıb. Lakin tezliklə onun üstünlüklərini əvvəlcə başqa universitetlərin tələbələri, sonra şagirdlər, daha sonra isə bütün dünyadan olan istifadəçilər dəyərləndirməyə başlayıblar.
10 il ərzində Facebook istifadəçiləri 200 milyarddan çox virtual dostluq əlaqəsi qurublar.
2009-cu ildə Facebook sosial şəbəkələr arasında ilk dəfə "Like" düyməsini istifadəyə verib. İndi bu düymədən gün ərzində 6 milyard dəfədən çox istifadə edilir.
Bəs ümumiyyətlə, sosial şəbəkələrin mövcudluğu həyatımızda hansı dəyişikliklər edib?
Cəmiyyət inkişaf etdikcə insanların dünyaya baxışları dəyişir. Bir vaxtlar internet istifadəçiləri yalnız gənclər idisə, indi yaşlılar və uşaqlar, qadınlar və kişilər, bir sözlə, hər kəs internet istifadəçisinə çevrilib. Artıq həyatımızda "Sosial media" var.
Sosial şəbəkə - internet istifadəçilərinin bir-biri ilə tanışlığı, informasiya mübadiləsi, müxtəlif mövzular ətrafında müzakirələrin aparılması üçün yaradılmış internet saytlardır. Misal olaraq, 10 yaşını qeyd edən Facebook-u göstərmək olar. Bundan başqa Twitter də var. Bu söz ingilis dilindən tərcümədə "civ-civ etmək", "dil-dil ötmək" deməkdir. Statistikaya görə, Twitterdə hər gün 500000 nəfər istifadəçi qeydiyyatdan keçir. Elə bunun nəticəsidir ki, istifadəçilər hər gün 140 milyon twitt əlavə edirlər, bu da 8 günə 1 milyarddan çox twitt deməkdir. Nəzərə alaq ki, ilk milyarda 3 il 2 ay 1 gün tələb olunmuşdu.
Amma yaşından asılı olmayaraq əksəriyyətin həyatında önəmli yer tutan sosial şəbəkələr heç də birmənalı qəbul olunmur. Belə ki, xüsusən yaşlı nəsil sosial şəbəkələrin lazımsızlığını qeyd edir, ailələrin dağılmasına səbəb olan yeganə faktor kimi qəbul edirlər.
2004-cü ildən indiyədək 1 milyarddan artıq insanı bir yerə toplayan "Facebook" nədənsə şəbəkələr içində "insanı ən çox bədbəxt edən" şəbəkə kimi də tanınır. Şəbəkə sahibi tərəfindən dəfələrlə dəyişdirilsə də, gizliliyi daha da möhkəmləndirilsə də, qeyri-inandırıcı hər hansı bir məlumatdan istifadəçini blok etsə də (istifadədən məhrum etmə) bu gün şəbəkədən zərər çəkənlər, aldadılanlar hələ də var. Həm də kifayət qədər. Üstəlik, digər şəbəkələrlə müqayisədə "Facebook"a maraq göstərənlərin sayı olduqca çoxdur. Azərbaycandan 279 100 istifadəçinin qeydiyyatdan keçməsi, son 4 ay ərzində onların sayının 2 dəfə artması da bunun əyani sübutudur.
Proqramçı Kənan Kərimlinin sözlərinə görə, "Facebook"un digər sosial şəbəkələrdən üstünlüyü ondadır ki, şəbəkə bir çox əməliyyatı özündə birləşdirir. Gizli söhbət, açıq söhbət, əngəlləmə, şəkillər və olduğun məkanları paylaşmaq, dostlarınla necə və hansı məsafədə ünsiyyət qurmaq, paylaşılanları müəyyən insan qrupları arasında bölüşmək istifadəçiləri özünə cəlb edir.
Onun dediyinə görə, digər sosial şəbəkələr, məsələn, "Digg" sadəcə söhbət, "Odnaklassniki" qarışıq və sadəcə rus dilini dəstəklədiyi üçün, "İnstagram" gizli söhbətə yasaq olduğu üçün, "Tvitter" şəkil və video paylaşımı baxımından çox qarışıq və telefonla istifadəyə rahat olmadığı üçün "Facebook"dan geri qalır.
İnsanlar rahata axın etdikləri üçün "Facebook" ən ideal seçim olur. "Usernet" adlanan ilk sosial şəbəkə və ya sosial media 1979-ci ildə yaradılsa da, populyarlıq qazana bilməyib. Çünki o dövrdə şəbəkənin necə istifadə olunması insanlar tərəfindən çaşqınlıqla qarşılanıb və nəticə olaraq qəbul edilməyib. Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda "Facebook"a marağın belə sürətlə yayılması həm şəbəkənin rahatlığından, həm də adının efirlərdə daha çox səslənməsindən irəli gəlir.
Psixoloq Qurban Talıblı sosial şəbəkələrin ailə dağıtması fikri ilə artıq razılaşmadığını bildirir. Dediyinə görə, bu gün çox insan sosial şəbəkənin ailə dağıtması fikrini ortaya atır. Onlar keçmişə nəzər salsalar, görərlər ki, ailəni dağıdan səbəb sosial şəbəkə yox, insanın əxlaqi keyfiyyətləridir: "İndi sosial şəbəkələr olduğu kimi, əvvəllər də mobil telefonlar, ev telefonları dəbdə idi. O zaman da telefonla danışanlar, ailəsini satanlar kifayət qədər idi. Onda da cinayətlər baş verirdi. İndiki kimi işıqlandırılmadığına görə, bizə elə gəlir ki, indi günah tək sosial şəbəkədədir. 6-7 il əvvəl mobil çatların dəbdə olduğu dövr olub. Yəni bu, tamamilə əxlaq məsələsidir".
Jurnalist Ramilə Qurbanlının fikrincə isə sosial şəbəkələr dövrün tələbidir: "İnsan bəzən həmdəm, ünsiyyət çatışmazlığından intihara gedir. Onu intihara sürükləyən problemi dostla bölüşsə, heç intihara da addım atmaz. İkincisi, əslində sosial şəbəkələrdə əlaqə yaratmağa çalışanların ünsiyyət problemi var. Evdə, ailədə özünü tapa bilmədiyi üçün özünü, ünsiyyətini sosial şəbəkədə axtarır. Virtual ünsiyyət bir vaxtlar dəbdə olan dekorativ güllər kimi sünidir. Belə ünsiyyət insana heç vaxt dost əlinin, dost baxışlarının, həmdəm təskinliyinin istiliyini verə bilməz. Sosial şəbəkəyə münasibətdə də mentalitetdən gələn qəribə bir bayağılıq var. Məsələn, dəfələrlə rastlaşdığımız statuslardandır: kimsə "sosial şəbəkədə qadının nə işi var" - deyə hökmlü, ironik yanaşma nümayiş etdirir. Guya sosial şəbəkənin də qadına, yaxud kişiyə aid olması barədə hansısa müqəddəs kitabda göstəriş verilib. Doğru olan bir məqam var, sosial şəbəkədə də iş görən iş görür, avaralanan avaralanır, necə ki, həyatda. Axı, orda da həyat var, virtual həyat...İstər bu kişi olsun, istər qadın".
Digər yazar Mirmehdi Ağaoğlu isə bildirib ki, qəfil həyatımıza girən sosial şəbəkələr artıq həyat tərzimizə çevrilir: "Lap belə internetdən uzaq durmaq istəsək də, bir müddət ara vermək üçün profilimizi deaktiv etsək də, yenə fikrimiz Facebookda qalır. Facebooku unutmaq istəsək belə "yaramaz" dostlarımızdan biri mütləq ondan söhbət salır və biz virtual aləmdən heç cür əl çəkə bilmirik. İnsanların davranışlarında qəribə dəyişikliklər baş verib. Ər bəzən hətta çay istədiyini arvadına Facebookda deyir. Uşaq anasını sevdiyini bildirmək üçün boynuna sarılmaq əvəzinə divarına anasına sarılmış uşaq şəkli yapışdırır. Davranışda yaranan dəyişikliklər olduqca qəribə, anlaşılmaz görünür. Bu davranışları insanların təkləşməsi, tənhalaşması, özünə qapanması kimi də yozmaq olar. Amma başqa misallar da var. Sosial şəbəkələr illərdir bir-birini görməyən insanları birləşdirir. Analar qürbət ölkədə yaşayan qızları ilə sosial şəbəkələrdə görüşüb həsrətə bir az da olsa son qoyurlar".
Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, sosial şəbəkələrə yanaşması müsbətdir: "Sosial şəbəkənin sayının, insanların ona marağının artması Azərbaycan internetinin inkişaf göstəricilərindən biridir. İnternet istifadəçilərinin sayı artdıqca, onların internetdə olan müxtəlif sahələrə, o cümlədən, sosial şəbəkələrə münasibəti artır. Burada müxtəlif qruplar yaranır, müxtəlif maraqları olan insanlar toplaşır və müəyyən məsələlərin müzakirəsi, informasiya mübadiləsi, xəbər alınması və s. üçün istifadə edilir ki, bu da normaldır. İnsanlar bizdə sosial şəbəkələrə daha çox, xəbər mənbəyi kimi baxırlar. Halbuki başqa ölkələrə baxsaq, sosial şəbəkələr xəbər mənbəyi olaraq o qədər də yüksək göstərici deyil. Eyni zamanda, burada da ictimai-siyasi hadisələrin müzakirəsi daha qabarıqdır. Bu da təbiidir və normaldır".
Sosial şəbəkələrin ailələrə mənfi təsirinə gəldikdə isə O.Gündüz bununla razılaşmadığını deyir: "Mən əslində bu fikirlərlə razı deyiləm. Çünki bu hal mində, milyonda bir ola bilər. Real dünyada bu necədirsə, virtual həyatda da belədir. Virtual dünya, sosial şəbəkə real dünyanın bir inikasıdır. Ola bilər ki, burada müəyyən kənara çıxmalar da ola bilər, amma bu, ümumi gedişata pis qiymət vermək üçün düzgün deyil. Sadəcə, yeniyetmələrlə, azyaşlı uşaqlarla bağlı belə bir əsas ola bilər. Yəni, uşaqların nəinki sosial şəbəkədə, internetdə informasiya təhlükəsizliyinin qorunması ilə bağlı təhlükələr var. Məhz bu istiqamətdə, yəni, uşaqların təhlükəsizliynin qorunması ilə bağlı məsələyə diqqət yetirilməsi, müzakirəyə çıxarılması, onların qorunması üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir".
Sosioloq Əbülfəz Süleymanovun sözlərinə görə, son zamanlar sosial şəbəkələrlə bağlı tədqiqatlar onu göstərir ki, bu, həqiqətən də bəzi ailələrin dağılmasına gətirib çıxarır: "Çünki sosial şəbəkələrə aludə olan gənc qadınlar, kişilər bəzi hallarda öz ailələrini unuda, oradakı müvəqqəti, hətta virtual sevginin qurbanına çevrilə bilirlər. Bir müddət sonra onlar necə böyük səhvə yol verdiklərini başa düşürlər. Mən özüm də bəzən sosial şəbəkələrdən istifadə edirəm. Hətta tələbəm məndən, onu dostluğa qəbul etməyimi istəyir və mən ona deyirəm ki, sənin evdə körpən var, sən mənlə danışmağa vaxt ayırsan, ona kim baxacaq? Görürsən ki, gənc qadındır, körpə uşağı var, amma vaxtının böyük bir hissəsini sosial şəbəkədə keçirir. Yəni, bir xəstəlik kimi aludəçilik meydana gəlib. Bu tendensiya özü də təhlükəlidir".
Sosioloq onu da vurğuladı ki, ümumiyyətlə, sosial şəbəkədən insanlar informasiya almaq məqsədilə istifadə edə bilər. Yaxud, uzun müddət görə bilmədiyi bir dostundan hal-əhval tutmaq üçün istifadə edə bilər, amma vaxtının böyük bir hisəsini ona ayırmaq, ailəsini bir kənara qoyub onu unutmaq, bəzi hallarda orada təsadüfi tanışlıq nəticəsində virtual bir sevgi yaşamaq, xüsusilə, evli insanlar üçün çox təhlükəli tendensiyadır: "Amma gənclər də var ki, internet vasitəsilə evləniblər, bunlar arasında bizim dostlarımız da var və xoşbəxtdirlər. Yəni, bunu ümumiləşdirmək doğru deyil ki, internet vasitəsilə evliliklərin çox mənfi təsirləri var. Müsbət rəqəmlər, faktlar da var. Sadəcə, evli ailələr, cütlər üçün vaxtının böyük bir hissəsini sosial şəbəkələrdə keçirmək təhlükəlidir".