İmtahanlar yeni formada keçiriləcək Hadisə

İmtahanlar yeni formada keçiriləcək

"İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasina dair" metodiki göstərişlər açıqlanıb. Sənəddə qeyd edilir ki, imtahanlara onlayn qeydiyyatı, imtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması, imtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan edilməsi, imtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılması, otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyətin əvvəlcədən hazırlanması, imtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslərin təyin olunması təmin edilməlidir.
Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkil edilməsi, imtahan mərkəzlərinin tibbi maskalarla təchizatı, hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadə, imtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsi, iştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamaları, imtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsi təmin edilməlidir.
Sənəddə imtahanda nəzarətçinin sənədlərə əllə toxunmaması, hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunması, imtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsi, iştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələri və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələri, 103 TTTY çağırılması, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılması kimi metodiki göstərişlər də yer alıb.
İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir. İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir. Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir. Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.