Çimərliklər açılacaq Hadisə

Çimərliklər açılacaq

Eldar Əzizov: "Ancaq çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımdır" "Artıq 2 aydır ki, karantin şəraitində yaşayırıq". Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Eldar Əzizov deyib ki, bu vəziyyət Bakıda İcra hakimiyyətləri qarşısında yeni çağırışlar qoyur: "Bu çağırışlara Bakı Şəhər İcra Hakimiyyətinin strukturları hazır oldular. Bunun səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyata malik Azərbaycan dövləti modelinin yaranmasıdır". Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanda yeni tipli modul xəstəxanaların tikintisinə başlanıb, ərzaq ehtiyacları təmin olunub: "Ümumdünya Səhiyyə Təşkilatı da görünən işləri yüksək qiymətləndirib. Müqayisə aparsaq, 10 milyon əhalisi olan Azərbaycanda koronavirusa yoluxanların sayı 3 minə, 2,9 milyon əhalisi olan Ermənistanda 4 minə çatıb". Eldar Əzizov nəzərə çatdırıb ki, Bakıda dezinfeksiya işləri hələ ölkədə xəstəlik aşkarlanmamışdan əvvəl başlanıb: "Bakı Şəhər İcra Hakimiyyətinin balansında 11 min 700 bina var, bu binalarda 2 həftədən gec olmayaraq dezinfeksiya işləri aparılır. Küçə və prospektlər xüsusi maddələrlə yuyulur". Eldar Əzizov aparılan işlər nəticəsində Bakının təmiz şəhər olduğunu bildirib. O deyib ki, dezinfeksiya işlərində 2 min insan çalışır: "Bütün liftlərdə hər gün dezinfeksiya aparılır. Mən kooperativlərə və Mənzil Tikinti Kooperativlərinə müraciət edirəm. MTK-lar və kooperativlər kollektiv müdiriyyət kimi gedir, onlar bu binalarda dezinfeksiya işləri aparmalıdırlar. Biz də həmin binalarda dezinfeksiya işləri aparırıq". Bununla yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, aparılan işlərə baxmayaraq, vətəndaşlar tibbi maskadan istifadə etməsələr, sosial məsafəni saxlamasalar, koronavirusa yoluxmada ikinci dalğadan özümüzü qoruya bilməyəcəyik. Eldar Əzizov deyib ki, dünən ictimai nəqliyyatda bir şəkil çəkilib: "Bakıda avtobusda çəkilən şəkildə bir nəfər belə maska taxmayıb. Bakı sakinlərinə müraciət edirəm ki, qaydalara riayət edək". Eldar Əzizov çimərliklərin açılacağını da diqqətə çatdırıb. Eldar Əzizov deyib ki, yaxın gələcəkdə çimərliklərin açılması nəzərdə tutulub: "Ancaq çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımdır". Eldar Əzizov deyib ki, çimərliklərlə bağlı komissiya yaradılıb, qaydalar hazırlanıb: "Ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın: "Biz bununla bağlı elektron sistem üzərində düşünürük. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə bilər". Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, TƏBİB-in turizm məkanları ilə bağlı tibbi-metodik göstərişlər çimərliklərə də aiddir. İbrahim Məmmədov deyib ki, həmin yerlərdə hüquqi şəxslər sosial məsafənin qorunmasına nəzarət edəcəklər: "Ola bilər ki, çimərliyin özünün də spesifik tələbləri olsun". Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə çimərliklərə nəzarətlə bağlı yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildiyini bildirib.