Göygöldə 18,9 kilometrlik avtomobil yolları yenidən qurulur - FOTO Hadisə

Göygöldə 18,9 kilometrlik avtomobil yolları yenidən qurulur - FOTO

Göygöl rayonunda 3 marşrut üzrə 18,9 kilometrlik avtomobil yolları yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu il respublika üzrə həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Göygöl rayonunda respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 14-cü kilometrindən ayrılan və Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarıdır. Göygöl rayonu Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarının ümumi uzunluğu 18,9 kilometr təşkil edir.
Layihəyə əsasən, avtomobil yolları 3 marşrut üzrə yenidən qurulur. Bunlar respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 3-5-ci kilometrlik (2 kilometr) hissəsi, yerli əhəmiyyətli 5,6 kilometrlik Üçtəpə-Firuzabad və 9,7 kilometrlik Aşıqlı-Keşkü-Üçbulaq avtomobil yollarıdır. Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq layihəyə M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndinə rahat gediş-gəlişin təmin olunması üçün 1,6 kilometr uzunluğunda yeni geridönmə hissəsinin yaradılması da daxil edilib. III texniki dərəcəli respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunda nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzərə alınaraq yolun 2 kilometrlik hissəsinin I texniki dərəcəyə uyğun təmir olunmasına ehtiyac yaranıb. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun yararsız asfalt-beton örtüyü mexanizmlə sökülüb, yolun torpaq yatağının I texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə yararsız qrunt qazılıb, əks-dolğu işləri aparılaraq torpaq yatağının karxana çınqılından təmiri və profilə salınması işləri görülüb. Daha sonra qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yol əsası hazır olan hissələrə isə bitum emusiyası səpilməklə iri dənəli qaynar asfalt-beton qarışığından örtük salınır.
Bundan başqa 2 kilometrlik hissədə ayrıcı zolaq və yeni piyada səkiləri inşa edilərək kənarlarına yeni səki daşları düzülür, çiyin hissələr optimal çınqıl materialı ilə bərkidilir, eyni səviyyəli yol qovşağında 240 poqonmetr uzunluğunda əyrixətli tirlər quraşdırılır, 9 yol birləşməsi təmir edilir. Sözügedən yolda işıqlandırma işlərinin aparılmasına ehtiyac olduğu üçün yeni inşa edilən ayrıcı zolaqda 50 işıq dirəyinin quraşdırılması nəzərdə tutulur.
Layihənin sonunda 2 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə yol göstəriciləri və nişanlar, məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Yenidənqurma işlərinə layihənin 9,7 kilometrlik Aşıqlı-Keşkü-Üçbulaq hissəsində də başlanılıb. Avtomobil yolu bu hissədə çınqıl örtükdən ibarət idi, torpaq yatağının eni də normativlərə cavab vermirdi. Buna görə də yolun torpaq yatağının IV texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə dağ yamacları və yatağın yararsız hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülərək torpaq yatağı karxana çınqılından inşa edilib və profilə salınıb. Hazırda qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yaxın günlərdə yol əsası hazır olan hissələrə iri və xırda dənəli asfalt-beton qarışığından 2 laydan ibarət örtük salınacaq. Bundan başqa yolun çiyin hissələri lazımi materialla bərkidiləcək, yol birləşmələri təmir ediləcək. Yenidənqurma işləri zamanı mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün mövcud boru başlıqları yenidən təmir olunub və əlavə olaraq müxtəlif diametrli 92 poqonmetr uzunluğunda yeni suötürücü dəmir-beton borular quraşdırılıb. Üç avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə 47 yol və kilometr göstəricisi, həmçinin nişan, bundan başqa məlumatverici lövhə və 280 siqnal dirəyi quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Analoji işlərin layihənin 5,6 kilometrlik Üçtəpə-Firuzabad hissəsində də aparılması üçün hazırlıq işləri görülür. Burada avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, asfalt-beton örtükdə tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdi, səki daşları sınmış və çökərək istismara yararsız vəziyyətə düşmüşdü. Bundan başqa yolun çiyin hissəsindən 900 metr uzunluğunda beton kanal keçir və sözügedən hissədə təhlükəsizlik tədbirlərinün görülməsi vacibdir. Buna görə də hazırda yolboyu mövcud asfalt-beton örtük frezlənərək profilə salınır. Bunun ardınca yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, qazılmış hissələrdə əsasın alt layı qum-çınqıl materialı ilə təmir ediləcək, daha sonra iri dənəli asfalt-beton qarışığı ilə yeni yol örtüyü salınacaq. Bundan başqa zəruri olan yerlərdə 7 min poqonmetr uzunluğunda yeni piyada səkiləri inşa ediləcək, kanalboyu 660 poqonmetr uzunluğunda 220 bir tərəfli dəmir-beton qoruyucu bloklar düzüləcək, yol birləşmələri və çiyin hissələr lazımi materialla təmir ediləcək.
Layihə çərçivəsində M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndlərinə rahat gediş-gəlişin təmin olunması üçün yeni geridönmə hissə yaradılmaqla 1,6 kilometr uzunluğunda olan yol da yenidən qurulacaq. Çünki çınqıl örtükdən ibarət yolda qabarma və çökmələr əmələ gəlib, yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 7 metr təşkil edir.
Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə müasir yol infrastrukturu vətəndaşların istifadəsinə veriləcək.