"Vikipediya"da Azərbaycan dilində məqalələrin sayı 160 mini keçib Hadisə

"Vikipediya"da Azərbaycan dilində məqalələrin sayı 160 mini keçib

“Vikipediya”nın Azərbaycan dil bölməsində məqalələrin yaradılması davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk açıqlamasında bildirib ki, dörd il öncə “Vikipediya”nın Azərbaycan dil bölməsində məqalələrin sayı 106 min idi. Bu gün doğma dilimizdə məlumatların zənginləşdirilməsi işi effektiv şəkildə aparılır və Azərbaycan dili bölməsində məqalələrin sayı 160 mini keçib.
O vurğulayıb ki, “Vikipediya” bizə doğma dilimizdə ensiklopedik məlumatları yaratmağa və zənginləşdirməyə imkan verir. “Vikipediya”nın üstünlüklərindən biri də odur ki, insanlar burada öz intellekt və bacarıqlarını sınaya bilərlər. Mərkəzi Elmi Kitabxananın peşəkar təlimçiləri tərəfindən intensiv şəkildə onlayn “Vikipediya” təlimləri keçirilir. “Vikipediya”nın prinsiplərinə uyğun fəaliyyət göstərmək üçün təlimdə iştirak edənlərə maksimum qaydalar öyrədilir. Çünki məqalələr qaydalar çərçivəsində yaradılarsa və redaktə olunarsa, səliqəli, məzmunlu və maraqlı olar.
“Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, fədakar, vətənpərvər könüllülərin sayəsində “Vikipediya”nın Azərbaycan dili bölməsi inkişaf edir. Xarici dil bölmələrində olan ədəbiyyat, tarixi şəxsiyyətlər, mədəniyyət xadimləri haqqında məqalələr Azərbaycan dili bölməsində də yaradılır. Bu, dilimizdə olan məlumatların, informasiyaların artmasına və inkişafına səbəb olur. Eyni zamanda, “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılması diqqətdə saxlanılır. Xarici ölkələrdə təhsil alan və yaşayan gənclərimiz xarici dil bölmələrində fəallıqlarını artırırlar. Bu proses ölkəmizin mədəniyyəti, tarixi, ədəbiyyatı, görkəmli şəxsiyyətləri haqqında məlumatların çoxalmasına gətirib çıxarır”, – deyə Elnur Eltürk qeyd edib.