Biz necə oxuduq.. Hadisə

Biz necə oxuduq..

Şərqdə müsəlman qızları üçün ilk dünyəvi məktəb Bakıda açılıb

Rusiyada və Avropada qadın azadlığı ilə bağlı proseslər Şimali Azərbaycanda da öz əksini tapmaya bilməzdi. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda ölkə tarixində, onun mədəniyyətində iz qoyub getmiş parlaq şəxsiyyətlər olan qadınlar yaşayırdı. Həmin qadınlar arasında Qarabağ xanının qızı, XIX əsrin tanınmış şairi Xurşudbanu Natəvanın adını xüsusi qeyd olunmalıdır. 1830-cu ildə Qarabağda doğulmuşdu; Şuşa şəhərindəki "Məclisi-Fəramuşan" (1870) və "Məclisi-Üns" (1872) kimi ədəbi cəmiyyətlərin əsasını qoymuşdu. Natəvan özünün poetik və bədii istedadı ilə, həmçinin istedadlı aşıqlara, xanəndələrə, musiqiçilərə himayədarlığı ilə, xeyriyyəçiliyi ilə məhşur idi. Şairə yüksək zövqlü bədii əl işləri yaradır və gözəl şəkil çəkirdi. Aleksandr Düma Azərbaycana gələrkən Bakıda Xurşudbanu Natəvanla və onun əri, general Xasaybəy Usmiyevlə görüşmüş, bu müsəlman qadınının erudisiyasına və mədəniyyətinə heyran qalmışdı. Natəvan hədiyyə olaraq fransız yazıçısına muncuqla tikdiyi tənbəki kisəsi bağışlamışdı. Bu barədə A.Düma öz xatirələrini Parisdə fransız dilində 1859-cu ildə üç cilddə nəşr olunmuş "Qafqaz" əsərində yazmışdır.
XIX əsrin sonlarından başlayaraq, Şimali Azərbaycanda ictimai-siyasi münasibətlərin güclü inkişafı Azərbaycan qadınının özünə cəmiyyətdə yer tapması üçün geniş imkanlar və perspektivlər yaradır. Şimali Azərbaycanda XIX əsrin sonunda kişi təhsili ilə yanaşı qadın orta təhsili də
inkişaf etməyə başlayır. 1874-cü ildə Azərbaycanda 1883-cü ildən sonra Mariinskaya adını almış ilk gimnaziya açılır. Bakı quberniyasında XIX əsrin sonunda 4915 şagirdin, o
cümlədən 64 qızın təlim keçdiyi 245 məktəb fəaliyyət göstərirdi. Eyni zamanda Yelizavetpol quberniyasındakı 268 məktəbdə 4384 şagird, o cümlədən 145 qız oxuyurdu. XIX əsrin sonu - XX əsrin əvvəli xeyriyyəçiliyin imkanlı insanlar üçün
yazılmamış qanun olduğu bir dövr idi. Fəxri himayəçilik institutunun geniş yayılması buna parlaq sübutdur; Bakının bütün məktəblərində, gimnaziyalarında və progimnaziyalarında şəhər tacirləri və zadəganlarının ən görkəmli nümayəndələrindən ibarət olan himayədarlıq şuraları fəaliyyət göstərirdi. Onların böyük həcmdə etdiyi
ianələr çox vaxt inqilabdanqabaqkı Bakının tədris müəssisələrinin əsasını təşkil edirdi.
Ən iri sənayeçi və mesenat Hacı Zeynalabdin Tağıyevin geniş və çoxcəhətli xeyriyyəçilik fəaliyyəti hamıya məlumdur. Bakı inşaat-texniki və Bakı kommersiya məktəblərinin, Bakı Mariinskaya qadın gimnaziyasının fəxri himayəçisi olan H.Z.Tağıyev Bakı Aleksandrinskaya adını almış ilk rus-müsəlman pedaqoji məktəbini açmışdı ki, bu onun maarif sahəsindəki fəaliyyətinin tacı sayılır. Qadın məsələsinin həllini H.Z.Tağıyev cəmiyyətin normal fəaliyyət göstərməsi, ictimai inkişafın sürətlənməsi üçün vacib şərt
hesab edirdi. H.Z.Tağıyev maarifə böyük üstünlük verir, onu qadın məsələsinin həllindəki əsas halqa sayırdı. Azərbaycan qızları üçün xüsusi məktəbin yaradılması barədə Tağıyev hələ XIX əsrin 90-cı illərində düşünmüşdü. Belə ki, tanınmış ictimai xadim M.A.Şaxtaxtinskiyə yazdığı 4 may 1896-cı il tarixli məktubunda Tağıyev qeyd edirdi: "Müsəlman qadınını olduğu qapalı həyatdan çıxarmaqdan ötrü yeganə bir yol var
- yalnız məktəb; bu məktəbi elə yaratmaq və elə qurmaq lazımdır ki, müsəlmanlar ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər".
Buradan görünür ki, belə məktəbin açılması o zaman üçün aktual və eyni zamanda olduqca mürəkkəb iş idi. Tağıyevin qətiyyəti və inadı, üstəgəl müdrikliyi və
bakılılar arasındakı nüfuzu, həmçinin onun vəsaiti bu ideyanı sona çatdırmağa imkan verdi. Bu yolda Tağıyev yerli hakimiyyətin gizlin narazılığını və həm də şəhərin
ortodoksal dairələrinin açıq müqavimətini dəf etməli oldu. Bütün bunlar Hacı Zeynalabdini bir sıra diplomatik manevrlər etməyə vadar etdi. Belə ki, 24 aprel 1896-cı ildə Qafqaz Tədris Dairəsinin nəzarətçisi K.P.Yankovskiyə ünvanladığı məktubda o, "məktəbin açılışını II Nikolayın taxta
çıxmağına həsr etdiyini elan edir: "İmperator Əlahəzrətlərinin tacqoyma mərasimini Bakıda mənim vəsaitim hesabına rus-müsəlman məktəbi açmaqla qeyd etməyi qərara
aldım". Eyni zamanda H.Z.Tağıyev gələcək məktəbə imperatriçə Aleksandra Fyodorovnanın adını verərək - "Aleksandrinskaya" adlandırmağı vəd etdi. Bu diplomatik addım təsirsiz qalmadı: tezliklə Azərbaycanlı qızlar üçün ilk məktəbin açılışına "yuxarıdan" icazə verildi. İkinci maneəyə gəldikdə isə burada məsələ daha çətin idi, çünki müsəlman qızları
üçün məktəbin açılmasını şəriət qanunlarının tapdanması kimi qəbul edən ruhanilərin müəyyən hissəsinin etirazını dəf etmək lazım gələcəkdi. Sonralar tanınmış Azərbaycan
artisti Sidqi Ruhulla Axundovun xatırladığı kimi, əvvəl Z.Tağıyev quberniyanın qazısı Mirməhəmməd Kərimin və Axund Mir Abutarabın, həmçinin bir neçə mollanın razılığını
ala bildi. Daha qatı yola gəlməyənləri inandırmaq üçün isə H.Z.Tağıyev molla Mirzə Məmmədoğlunu "diplomatik səyahət" olaraq Mədinə, Xorasan və Bağdad şəhərlərinə göndərdi və o da, ən iri, hamının hörmət etdiyi müctəhidlərlə (şiələrin mənəvi liderləri) görüşərək onlardan müsəlman qızları üçün məktəb açılmasına yazılı icazə ala bildi.
Mirzə Məmmədoğlu qayıtdıqdan sonra Tağıyev Bakıda açılacaq məktəbin hər bir əleyhdarına həmin şəxsin ən çox inandığı müctəhidin məktubunu təqdim etdi. Bu da işin istedadlı mütəfəkkir-mesenatın xeyrinə həlli ilə nəticələndi. 1896-cı ildə bütün razılaşmalardan sonra Bakı Şəhər Upravası H.Z.Tağıyevin yaratdığı məktəb üçün ayırdığı qızılla 150 min rubl (bundan 125 mini assiqnasiya şəklində toxunulmaz kapital olaraq bankda yerləşdirilmişdi) ianəsini Dövlət bankına verdi. 1896-1901-ci illər ərzində Bakının mərkəzi küçələrindən birində, hazırkı Əlyazmalar Fondunun binasında
məktəbin tikintisi davam etdirildi və bu tikinti 183 min rubla başa gəldi. 1898-ci il mayın 16-da İmperatriçə Aleksandra Fyodorovna adına Bakı qadın rus-müsəlman pedaqoji
məktəbinin nizamnaməsi təsdiq edildi. Bu - Qafqaz tədris dairəsinə aid olan qapalı tədris-tərbiyə müəssisəsi idi və məktəbə gəlib-gedən tələbələri də vardı. Qızları məktəbə 4 il müddətinə 7 yaşdan başlayaraq qəbul edirdilər. Tərbiyə müsəlman ailəsinin adət və ənənələri üzərində qurulmuşdu. H.Z.Tağıyev o zamanın təhsil sistemini, ən tanınmış tədris müəssisələrinin strukturunu dərindən öyrənərək Şərqin
özünəməxsusluğunu nəzərə almışdı. Məktəbin Himayədarlar şurası təşkil olundu. Bu şuraya Tağıyev və onun həyat yoldaşı Sona xanım Tağıyeva (Ərəblinskaya) başçılıq
edirdi. Nizamnaməyə əsasən, bu vəzifə irsən keçməli idi. Himayədarlar şurasına həmçinin Bakı Şəhər Başçısı L.L.Bıç, Bakı quberniyasının qazısı Mirməhəmməd Kərim Mircəfərzadə, Bakının qadın gimnaziyalarından birinin müdiri və kişi gimnaziyalarından birinin direktoru, iki nəfər fəxri şəhər müsəlmanı, Həsənbəy Məlikov (Zərdabi), Nəcəfbəy Vəzirov, Əlimərdanbəy Topçubaşov daxil idi. H.Z.Tağıyev məktəbə Həsənbəy Məlikovun (Zərdabi) həyat yoldaşı Hənifə xanım
Məlikovanı direktor təyin etdi. Paytaxt qəzetləri vasitəsi ilə Tağıyev bütün müsəlman qadın müəllimlərinə ilk müsəlman qadın məktəbinə kömək çağırışı ilə müraciət etdi. Tağıyev məktəbinin cəmiyyətdə öz potensial intellektual imkanlarını reallaşdırmağa imkan verdiyi görkəmli qadın maarifçilərin adlarını çəkmək yerinə düşərdi: Rəhilə xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım Şaxtaxtinskaya, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova, Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanı
xanım Şabanova, Səkinə xanım Axundzadə (ilk qadın dramaturq, yazıçı).
Tədris proqramına gəldikdə isə bura Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab, tarix, coğrafiya, təbiətşünaslıq, hüsnxət, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları
və şəriət daxil idi. 1901-ci il oktyabrın 9-da Aleksandriya rus-müsəlman qadın məktəbinin təntənəli açılışı oldu. Bu, Şərqdə müsəlman qızları üçün açılan ilk dünyəvi məktəb oldu.
20 nəfər şagird üçün nəzərdə tutulmuş məktəb pansionu açılış günü 35 pulsuz məktəbli, 15 nəfər isə ildə 100 rubl ödəməklə gəlib-gedən tələbə qəbul etdi. Qızlar Zaqafqaziyanın hər
yerindən, Şimali Qafqazdan qəbul olunurdu. Bakıda Tağıyev qız məktəbinin açılması Azərbaycan ziyalı cəmiyyəti tərəfindən böyük heyranlıqla qarşılandı. Məşhur vəkil,
sonradan Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri olmuş Əlimərdanbəy Topçubaşov məktəbin açılışında söyləmişdi: "Gələcək tarixçi bu hadisəni müsəlman qadının, bütün başqa xalqlarda olduğu kimi, ailə ocağını yandıran bu gözəl varlığın yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqdır". Görkəmli jurnalist Əhmədbəy Ağayev qeyd edirdi: "İndən belə müsəlman qadınları ailəyə maarifin canlandırıcı şüasını səpmək imkanı qazanacaqlar... Onlar gələcək nəsillərə inkişafa, yaxınlarına, xeyirxah insanlara və işlərə sevgi təlqin edəcəklər ki, bunsuz hər hansı
cəmiyyət ölümə məhkumdur". Qazan müsəlmanlarının H.Z.Tağıyevə göndərdiyi məktubda deyilirdi: "Bu ilk məktəbdir ki, bütün şəriət qaydalarına riayət olunmaqla
müsəlman qızları Qərb sivilizasiyası ilə tanış olacaq və bu təhsil məbədində müsəlman əhalisinin müxtəlif təbəqələri qarşılaşacaq və ümuminsani qardaşlıq və məhəbbə hisslərinə malik olacaqdır".
Tağıyev məktəbi 1918-ci ilə kimi mövcud oldu və böyük sayda təhsilli intellektual şəxsiyyətlər pleyadası yaratdı. Artıq 1906-cı ildə bunabənzər məktəb Tiflisdə açıldı; sonradan İqlimə xanım Əliyeva və Mədinə xanım Qiyasbəyli Balaxanıda və Qazaxda öz məktəblərini açdılar; Qubada, Lənkəranda, Dərbənddə, Naxçıvanda, İrəvanda da qız məktəbləri meydana gəldi. Maarifçilik sahəsində görkəmli xidmətlərinə görə imperator II Nikolay 25 yanvar 1907-ci ildə H.Z.Tağıyevə Həqiqi Mülki Müşavir rütbəsi verdi.
Göründüyü kimi Azərbaycan qadının təhsil yolu heç də asan olmayıb. Bu yolda mücadilə edənlər həm də qiymətli itkilərlə üzləşiblər. Hadan və cahil insanların oxuduğuna görə qətlə yetirdiyi qadın və qızların axıtdığı qanın, ziyalıların üzləşdikləri təhqir və təqiblərin sonucu qadınların elm və təhsildə uğurlara imza atması oldu. Bu gün isə qız uşaqlarının təhsildən, qadınların ictimai həyatadan uzaq tutulmasına edilən cəhdlər zorla çıxdığımız qaranlığa qayıtmaqdan başqa heç nə vəd etmir. Düşünün, cənablar!

Ülviyyə Tahirqızı