İcra Hakimiyyəti seçicilərin deputata müraciətinə reaksiya verdi Hadisə

İcra Hakimiyyəti seçicilərin deputata müraciətinə reaksiya verdi

Xətai rayon İcra Hakimiyyəti Gəncə prospekti 2942 A məhəllədə vaxtilə aparılan tikinti işləri ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib...
İcra hakimiyyətindən məsələ ilə bağlı daxil olan açıqlamada deyilir:
“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qaldirilan məsələ ilə bağlı bildiririk ki, Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanındakı məhəllədə yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 125 saylı, 19.03.2015-ci il tarixli sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün “Qaya-İnşaat” MMC-yə icarəyə verilmişdir.
Hal – hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.11.2018-ci il tarixli 1118092941 qeydiyat nömrəli çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid olan 0,32 ha torpaq sahəsi həmin müəssisənin istifadəsindədir.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 24.10.2019-cu il tarixli 33 saylı sərəncamı ilə “Qaya-İnşaat” MMC-nin istifadəsində olan həmin torpaq sahəsində layihələndirilən çoxmərtəbəli yaşayış binalarının şəhərsalma normalarına və qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə verilməsi üçün komitə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada rəy bildirmələri məqsədi ilə aidiyyatı qurumlara sorğular göndərilib.
Hal-hazırda həmin ərazidə heç bir tikinti işləri getmir və nəzarətimizdədir”.
Qeyd edək ki, ötən gün Xətai rayonu, Gəncə prospekti 2942A məhəlləsinin sakinləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət edərək kömək istəmişdilər.