Əcnəbi qaçqınların hüquqları artırılır Hadisə

Əcnəbi qaçqınların hüquqları artırılır

Azərbaycana müvəqqəti yaşamağa və işləməyə gələn əcnəbilər İİV müayinəsindən keçəcəklər

Azərbaycanda qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara ölkə hüdudlarından kənara getmək üçün verilən "Yol sənədi" əsasında Azərbaycandan gedə və viza almadan Azərbaycana gələ bilərlər.
Milli Məclisdən verilən məlumata görə, bu məsələ Azərbaycan prezidenti tərəfindən parlamentə təqdim edilmiş "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihəyə daxil edilib.
Layihədə qeyd edilir ki, barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir.
Qaçqın statusu almış, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkə hüdudlarından kənara çıxma haqqında qərar qəbul edilmir.
Bundan başqa "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanuna da dəyişikliklər nəzərdə tutulur. Belə ki, Azərbaycana müvəqqəti yaşamağa və işləməyə gələn əcnəbilər İİV müayinəsindən keçməlidirlər və bu, qanunvericiliyə məcburi hal kimi əlavə edilir.
Sözugedən qanun layihəsinə dəyişikliklər barədə qanun layihəsi Milli Məclisə Azərbaycan Respublikası Prezidenti tərəfindən daxil olub.
Bu layihəyə əsasən, Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər İİV-lə bağlı tibbi müayinədən keçməlidirlər.
Hazırkı qanuna görə isə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ (immiqrant statusu) əldə etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər İİV-lə bağlı tibbi müayinədən keçməlidirlər.