Kobanidə kürdlər azərbaycanlı “İŞİD”çini edam ediblər Hadisə

Kobanidə kürdlər azərbaycanlı “İŞİD”çini edam ediblər

Suriyanın Hələb əyalətinin Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərində gedən döyüşlərdə kürd qüvvələrinə əsir düşən azərbaycanlı 24 saat saxlanıldıqdan sonra edam edilib.
"Əl-Həyat" xəbər verir ki, bu barədə Kobanidə "İslam Dövləti" (İŞİD) terror təşkilatına müqavimət göstərən döyüşçülər və onlara yaxın mənbələr məlumat veriblər.
Məlumata əsasən, İŞİD-in 20 yaşlı azərbaycanlı üzvü 10 gün əvvəl əsir düşüb və bir gün saxlanıldıqdan sonra edam edilib.
Şahid, 33 yaşlı kürd tacir Cuneyd Himu hadisəni belə nəql edir: "Mən Xalq Müdafiə Bölmələri sıralarında vuruşmuram. Amma döyüşlərdə azuqənin çatdırılmasına köməklik göstərirdim. Biz onlardan (İŞİD üzvlərindən- red.) birini küçədə ələ keçirdik. O, təxminən 20 yaşı olan azərbaycanlı idi. O, bizimlə ərəbcə danışırdı. Biz ondan İŞİD-in bizə niyə hücum etdiyini soruşduq. O, bizim kafir olduğumuzu, onlara bizi düzgün islam yoluna qaytarmalarının əmr olunduğunu və bizim qadınlarımızın, guya, onlara halal olduğunu söylədi. İslam söhbəti ortaya düşdükdə kürd döyüşçülər onu razı salmağa çalışırdılar. Onu yaxınlıqdakı məscidə apardılar. Burada əsil məsxərəli müzakirə başlandı. Kürdlərin səyləri nəticə vermirdi. Cihadçı döyüşçülərin əlinin altında olduğu halda, israr edirdi. Onu məntiqə yönəltmək çətin idi. Bizim kafir olduğumuzu dəfələrlə təkrar etdi. Deyirdi ki, cənnətə getmək istəyir. Ona orada 40 huri veriləcək. O, döyüşçülərin ona verdikləri yeməyi və suyu rədd etdi və dedi ki, qaça bilsə, yenə bizə qarşı vuruşacaq.
Mən onun bu israr və inadını başa düşə bilmirdim. Onun gözləri heç nə görmür, ölümü adi bir şey sanırdı. O, dəfələrlə bizdən onu öldürməyimizi istədi. Çünki düşünürdü ki, ölsə, cənnətdəki qardaşları ilə görüşəcək.
Döyüşçülər əvvəlcə onu dustaq kimi saxlamaq fikrində idilər. Lakin onun inadkarlığı və onunkimilərin Kobanidə davam edən zorakılıq əməlləri döyüşçülər üçün başqa seçim saxlamadı. Tutulduqdan 24 saat sonra başına bir neçə güllə vurularaq öldürüldü. Amma döyüşçülər onun üz-gözünü yudular."