“Avropa Məhkəməsinin nümunə ola biləcək qərarları var” Hadisə

“Avropa Məhkəməsinin nümunə ola biləcək qərarları var”

Xalid Ağalıyev: "Bu qərarlar Ermənsitanla hüquqi haqq-hesab çəkmək üçün lazımi əsaslar verir"

"Əlbəttə ki, biz deyə bilərik ki, vətəndaşlarımız Azərbaycan Respublikası ərazisində saxlanılıblar. Onların öz ölkələrində hərəkət azadlığı var. Onların bu azadlıqlarına müdaxilə edilməsinin hüquqi əsasları yoxdur, onlar barəsində çıxarılacaq məhkəmə hökmünün də legitimliyi olmayacaq. Ancaq bu mövqe vətəndaşlarımızın ağır durumunu dəyişirmi? Təəssüf ki, dəyişmir. Ona görə də məsələyə başqa gerçəkçi mövqelərdən yanaşmağı məqbul hesab edirəm". Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Media Hüququ İnstitutunun hüquqşunası Xalid Ağaliyev deyib. O, olaya gerçək mövqedən yanaşılmasını doğru hesab edir.
Xalid Ağaliyevin qənaətincə, reallıq bundan ibarətdir ki, bu olayın ardında Ermənistan dövləti dayanır. Ermənistan beynəlxalq humanitar hüquq prinsiplərinə imza atıb, Cenevrə Konvensiyasına qoşulub. "Bu ölkə eyni zamanda bu öhdəliklərin ziddinə olaraq münaqişə durumundan istifadə edərək başqa ölkə vətəndaşlarının girov götürülməsi, onlara işgəncə verilməsi olayının arxasında dayanır. Münaqişə davam etdikcə belə durumlar da yaşanmaqda davam edəcək. Ona görə də, mümkün hüquqi imkanlardan maksimum yararlanmaq lazımdır. İlkin olaraq, humanitar məzmunlu beynəlxalq qurumların yardımından istifadə edərək vətəndaşlarımızın geri qaytarılmasına nail olmaq hədəf olmalıdır. Yəqin ki, hökumət bu yöndə zəruri addımları atır. Ancaq bu, qətiyyən yetərli olmamalıdır. Münaqişə davam etdikcə belə olayları minimala düşürmək üçün qarşı tərəfdən beynəlxalq öhdəlikləri pozmanın hüquqi hesabı sorulmalıdır. Bunun üçün məncə, yetərli hüquqi əsaslar, təcrübələr var" deyən Xalid Ağaliyev hökumətin Avropa İnsan Haqları Məhkəməsinin münaqişə zonlarındakı oxşar durumlarla bağlı beynəlxalq məhkəmə təcrübəsinə istinad edərək zəruri hüquqi addımları atmalı olduğunun zəruriliyini qeyd edir: "Avropa Məhkəməsinin arxasında Rusiyanın durduğu Abxaziya, Dnestryanı bölgə ilə bağlı xeyli nümunə ola biləcək qərarları var. Bu qərarlar Azərbaycana vətəndaşlarımızın girov götürülməsinin, işgəncələrə məruz qalmasının hüquqi haqq-hesabını Ermənsitanla çəkmək üçün lazımi əsaslar verir. Avropa Məhkəməsinin gürcü vətəndaşının Abxaziyada həbsdə tutulması ilə bağlı qərarı var. Issa və digərləri Türkiyəyə qarşı örnək məhkəmə qərarı var. Bu qərarlardan faydalanmaq olar. Avropa Məhkəməsinin İlasku və digərləri Moldova və Rusiyaya qarşı qərarı var. Bu qərar bizim vətəndaşların işi ilə bağlı olaya daha uyğundur. Həmin iş Rusiyanın nəzarətində olan Dnestryanı bölgədə Moldova vətəndaşının həbsdə saxlanmasından, ona işgəncə verilməsindən bəhs edir. Avropa Məhkəməsi bu işdə Rusiyanı səbəkar saydı və cəzalandırdı. Bu örnək Azərbaycan vətəndaşlarının Qarabağda saxlanması, işgəncəyə məruz qoyulması olayı ilə oxşardır və Azərbaycan tərəfi belə beynəlxalq məhkəmə nümunələrindən faydalanmalıdır".

Əli