Yeganə yol-təhsil, bilik, elmdir... Hadisə

Yeganə yol-təhsil, bilik, elmdir...

Arzu Şirinova

Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubleyi münasibətiıə akademiyanın elmi şurasının iclasıdakı çıxışı və bu zaman ictimaiyyəti narahat edən məsələlərə tənqidi yanaşmasıneçə gündür mətbatın gündəmini bəzəyir və bu çıxış ətrafında müzakirələr aparılır.
PA rəhbərinin toxunduğu mövzulardan biri də XX əsrin ortalarından etibarən Azərbaycanda savadsızlığın ləğvi və bunun böyük qürur hissi ilə qeyd edilməsi olub: "Həqiqətən, qısa müddət ərzində respublikamızda orta məktəblər, universitetlər, texnikumlar, texniki-peşə məktəbləri şəbəkəsi qurulub fəaliyyət göstərirdi. Bu gün bu fəaliyyətin daha səmərəli təşkil olunmasına həm dövlət, həm də qeyri-hökumət təşkilatları diqqət yetirir. Hamımıza bu rəqəmlər məlumdur. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" layihəsi böyük uğurla reallaşdırılır. Bütün bunlarla yanaşı, diqqətinizi ona yönəltmək istərdim ki, biz məktəbin maddi-texniki bazasını nə qədər yaxşılaşdırsaq da, onun yekun məhsulu savadlı və bacarıqlı şagirddir. Əvvəlki dövrlərdə təhsil prosesi yalnız ailəni və məktəbi əhatə edirdi, mənimsənilən biliklərin də həcmi kifayət qədər məhdud idi. Bu gün isə biz müstəqil şəkildə ömür boyu yeni biliklər əldə etməyə qadir olan insan və vətəndaş yetişdirməliyik. Bu, çox mürəkkəb prosesdir. Burada mövcud problemlərə dair bir neçə konkret rəqəmi gətirmək istərdim. Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd "hərfləri və rəqəmləri tanımır". Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi".
Pamiz Mehdiyev deyib ki, Azərbaycanda həmişə qadınların çox yüksək mövqe tutması, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunmaları ilə fəxr edilib: "Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir. Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim. 1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar".
Bəli, akademikin qaldırdığı bu məsələlər hər birimizi düşündürür, ancaq bütün bunların qarşısını alacaq, həllinə nail olacaq yeganə yol elmdir, bilikdir, təhsildir və bir də işlək, sərt qanunlardır ki, həmin qanunlara böyüyündən tutmuş kiçiyinə kimi hər kəs əməl etməlidir. Bir neçə dəfə yazılarımda vurğulamışam və yenə də o fükürdəyəm ki, savadlı qadın hüquqlarını bilərsə o, kimsənin basqılarından qorxmaz. Və onun hüquqları hələm-hələm pozulmaz. Sözünü deməyi bacarar və haqqını tələb edər. Ancaq bu gün biz bunun əksini görürük. Elə ailələr var-nə yazıq ki, bunların sayı, artan xətlə gedir-qızlarını oxutmaqdan vaz keçirlər. "Ev qızı" kimi anormal düşüncə belə ailələrin beynini necə zəhərləyibsə, onlar övladlarının gələcəyini fikirləşmədən bu deyimə əməl edirlər. Yəni "ev qızı" deyib evinə ilk elçi gələn birinə verirlər ki, təki qızı ərə getsin. Yaxşıdır, pisdir daha onları maraqlandırmır. Bunları maraqlandıran qızlarını gəlin köçürmək, qorxudan isə "qarımış qız" deyimidir. Son illər bir narahatçılığın miqyası da genişlənir. Qızlar başlarını örtməklə sanki ailə qurmağın təməlini qoyurlar. Yəni fikirləşirlər ki, cəmiyyətdə əksəriyyət tərəfindən başı bağlanan qız əxlaqlı, namuslu sayılır. Ona görə də bu addımı atmaqla əxlaq və namus məsələsini sığortalaya bilərlər. Halbuki, başını bağlayan qızların əksəriyyəti bunu ya məcburiyyətdən edir, ya da "palaza bürün, elnən sürün" psixologiyasının əsirinə çevrilirlər. Lap tanıdığım biri kimi. Ali məktəbə daxil olan kimi atası "münasib adamdır" deyib, qızını illlərdir başqa ölkədə yaşayan, yaşı 30-dan yuxarı olan birinə ərə verdi. Oğlan da söz verdi ki, qızı oxutduracaq. Oxutdurdu, ancaq pul verməklə diplom aldırdı. Buna da oxumaq demək olarsa... İşləmək üçün də bu qeyrətli ərin şərtləri oldu-başını bağlamalısan. Dşüncəsinə görə, onun qadınının saçını baçqa kişilər görməməlidir. Çünki şəriətlə bu, qadağandır. Heç kəbin yaşı çatmayan qızının ailə qurmağına sevinən valideynlər bu gün "dəli" deyib, qiymət verdikləri kürıkənin elədiklərinin zülmünü yaşayırlar. Sonradan belə zülmü yaşamamaq üçün övlada, ilk növbədə qız övladına, təhsil vermək şərtdir. Yoxsa, Fatmanisələrin, Tükəzbanların sayı çoxalacaq ...