Evlərdə “bomba” var Hadisə

Evlərdə “bomba” var

Nicat Göyüşlü

Qədim dövlətçilik ənənələrinin mövcud olduğu Azərbaycanda ailə amili də xüsusi çəkiyə malikdir. Ailə sosial baxımdan evlənmək və ya qohumluq xətti ilə gələn həyat birliyidir. Ailə sözü qərbdə əsasən ana-ata və uşaqlar mənasını verir. Şərq xalqları arasında isə eyni evdə yaşayan və ya eyni nəslin nümayəndələrinin cəmi anlamında işlənə bilir. Bu sözün əsli ərəbcədən gələn "ailə" sözündəndir. Ailə kəliməsi ərəbcədə dayanmaq mənasında olan "avl" kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir.
Ailəyə hörmət, qadına, uşağa diqqət azərbaycanlı ailə başçısının yaşadığı müddətdə ən böyük vəzifəsidir. Mental dəyərlərimizin fövqündə duran ailə məfumu çox təssüflər olsun ki, bəzi hallarda aşınmalara məruz qalır. Daha dolğun desək, son illərin statistikası ailədaxili problemlər səbəbilə neçə-neçə yuvanın dağılmasını sərgiləyir. Dəfələrlə müzakirə predmetinə çevrilsə də, televiziya tokşoularında, oxunaqlılığı daha çox olan qəzetlərdə, jurnallarda, kütlə içərisində populyar olan internet portallarında bu haqda nə qədər tənqidi, eyni zamanda maarifləndirici müzakirə və yazılar olsa da yenə ailələrlə bağlı arzuolunmaz məlumatlarla demək olar ki, hər gün rastlaşırıq. Yəni yuxarıda qeyd olunduğu kimi, insanlar ailədə bir-birilərinin sözlərinə, davranışlarına dayanmaq əvəzinə çox vaxt xırda məsələləri hətta asanlıqla ictimailəşdirə bilirlər ki, bunun da nəticəsində obrazlı səsləndirsək, əgər işıq gələn yer vardısa, necə deyərlər papaq tıxamış olurlar. Bir çox amillər ailələrdə çəkişmələrə gətirib çıxara bilir. Son illərin göstəricilərində mühüm yerlərdən birini də sosial şəbəkələrin gətirdiyi problemlər tutur. Kişinin qadını və ya qadının kişini anlamaması, ev işlərinin sosial şəbəkələrdən istifadəyə görə arxa plana keçməsi, xəyanət və s. kimi hallar əksərən tərəflər arasında dözülməz olur.
Valideynlər tərəfindən yeniyetmələrin vaxtından əvvəl nigahına dəstək də əksər hallarda neqativ sonluqla nəticələnir. Yəni öz ayaqları üzərində durmağı bacarmayan gənc oğlan ailə başçısı kimi mühüm vəzifəni daşımalı olur. Başı dumanlı və bir növ havadan asılı kimi olan gənc ailə başçısı evdəki mövcud xırda məsələlərdən sonra ən yaxşı halda ailəsini dağıtmağa üstünlük verir. Ailədaxili ziddiyyətlərin yaranmasına və boşanmalara gətirib çıxaran ən əsas predmet isə maddi çətinliklərdir. Ataların tarixin sal qayaları arasında dum-duru su saflığında çıxan, inci kimi düzülən "tövbə toxluqdan, üz-göz yoxluqdan" deyiminin günümüzdə də öz gücünü itirmədiyinin şahidi oluruq. Bəli, çox vaxt problemlər məhz maddi geçimsizlik ucbatından baş qaldırır. Çox təəssüf ki, müqəddəs saydığımız məfumu – ailəni maddiyyata qurban veririk. Sanki evlərdə mənəviyyatı məhv edən "bomba" var və məqsədli şəkildə ailələrin dağılması istiqamətində öz işini görür.
Bütün bu kimi halların yaşanmaması üçün yuxarıda sadalanan problemlər həll olunandan sonra evlənmələrə imkan tanınmalıdır. Ən əsası da sevgi münasibətləri fonunda ailənin qurulması arzuolunan nəticəni verə bilər.
P.S. Gözəllik, gülüş və sevgi dünyanı xilas edəcək!