Zorla gözəllik... Hadisə

Zorla gözəllik...

Plastik əməliyyat yolunu seçənlərin bir çoxunun problemi psixolojidir, belələrinə plastik cərrahın yox, psixoterapevtin köməyi lazımdır

Bütün əsrlərdə insanların ahıl yaşlarına kimi gözəl və cazibədar qalma arzusu onları müxtəlif tədbirlərə əl atmağa sövq edib. Məsələn, XV əsrdə yaşamış Fransa kralı II Henrinin sevgilisi Diana de Puatıe öləndən sonra sümüklərini müayinə edən alimlər qeyri-adi halla qarşılaşıblar. Onun sümüklərində qızıl normadan 250 dəfə artıq olub. Araşdırmalar nəticəsində məlum olub ki, buna səbəb Diana de Puatıenin qızıl tozunu suya qatıb içməsidir. O, bu yolla gənc qalmağa çalışıb və istəyinə də nail olub. 60 yaşında üzündə heç bir qırış olmayıb. Sarayda gözəllikdə heç kimin rəqabət apara bilmədiyi bu qadın özündən 20 yaş kiçik olan II Henrinin ömür boyu bir nömrəli zövcəsi olub. Qədim Misirdə qadınlar gənc qalmaq və gözəl görünmək üçün süddə çimirdilər. Tarixən qadınlar gənc və gözəl qalmaq üçün bu kimi üsullardan istifadə ediblər. Zaman keçdikcə, gözəlləşmək üsulları da çoxalıb.
Hazırda qadınlarla yanaşı, kişilər də gözəlliklərini qorumaq, ya da mövcud qüsurlarından xilas olmaq üçün bir çox üsullar sınayırlar ki, onlardan ən sadə və rahatı plastik əməliyyatdır. Heç bir əziyyət çəkmədən bədəninin istənilən yerini yeniləmək, dəyişdirmək, arıqlayıb, kökəlmək çox asandır. Plastik cərrahiyyə - üz və bədən quruluşunun korreksiyası və rekonstruksiyasıdır. Plastik cərrahlar pasiyentin xarici görünüşünü rekonstruksiya və kosmetik (estetik) cərrahiyyə vasitəsilə yaxşılaşdıra bilirlər. Deyilənə görə, plastik əməliyyatlar Qədim Hindistanda meydana gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar buna öz razılığı ilə gedir və külli miqdarda pul ödəyirlər. İnsanda ən çox diqqət çəkən, əlbəttə ki, sifətdir. Üzün plastik əməliyyatı üzün toxuma və orqanlarının formasının dəyişdirilməsi, eləcə də onların yenilənməsidir (implantasiya). Amma bəzən əməliyyatdan sonra üzün harmoniyası zədələnə, təravət, təbiilik, cəlbedicilik itə bilər. Buna görə də düzgün ünvana, təcrübəli həkimə müraciət etmək lazımdır.
Yetkinlik dövründə bədən inkişafını dayandırmır. Həddindən artıq balaca və ya böyük görünən bədən hissələri zamanla harmoniyalı proporsiya qazanır. Məsələn, uşaqlıqda və yeniyetməlik dövründə iri və uzun görünən burun yaşlaşdıqca və üzün başqa cizgiləri formalaşdıqca tam yerində olur. Həssas insanlarda xarici görünüşlərini qiymətləndirmə emosiyalarla bağlı olur. Depressiyaya meyilli olanlar və ya xarici görünüşünü layiqincə qiymətləndirməyənlər bəzən düşünürlər ki, plastik əməliyyat onların bütün problemlərini həll edəcək. Bu, ciddi və təhlükəli yanılmadır. Onların problemi psixolojidir, ona görə belə insanlara plastik cərrahın yox, psixoterapevtin köməyi lazımdır. Bir çox cərrahlar yeniyetmələri, depressiyadan və digər psixoloji pozğunluqdan əziyyət çəkənləri emosional problemləri həll olunmayana qədər əməliyyat etməkdən imtina edirlər.
Estetik, plastik, rekonstruktiv cərrahiyyə uzmanı İlyas Axundzadə deyir ki, ona burun əməliyyatları üçün müraciət edənlər arasında da qadınlar üstünlük təşkil edir: "Xərçəng xəstəliyi ilə bağlı 40-60 yaş arasında olan şəxslər müraciət edirlər. Onların müraciəti boğaz xərçəngi, dəri xərçəngi və boğaz yollarının bərpası ilə bağlı olur". Həkimin bildirdiyinə görə, travma ilə bağlı 25-40 yaş arasında olan kişilər müraciət edir. "Onların da müraciəti daha çox çənə sümüyü ilə bağlıdır. 50-60 yaşlı qadınlar isə daha çox üz dərisinin dartılması, sallanmış süd vəzləri ilə əlaqədar müraciət edirlər". İlyas Axundzadə onu da vurğulayıb ki, estetik əməliyyatlar üçün müraciətlər daha çox burunun gözəlləşdirilməsi, sinənin formasının dəyişdirilməsi (dartmaq, böyütmək, kiçiltmək ), qarın sallanması ilə bağlıdır.
Həkimin sözlərinə görə, bu ilin on ayında estetik əməliyyatlara görə müraciətlərin sayı 100-ə yaxın olub. Silikonlara gəlincə, İ.Axundzadə bunları bildirib: "Azərbaycanda 20-40 yaş arasında olan qadınlar daha çox döşləri silikon etdirmək üçün müraciət edirlər. Nadir hallarda qadınlar baldırlarına da silikon qoydururlar".
Digər estetik cərrah Vaqif Qələndərin fikrincə, təkcə Azərbaycanda deyil, bütün dünyada bu gün plastik əməliyyatlar geniş yayılıb. Səbəbi isə əməliyyat metodikasının yenilənməsi, dəyişməsi, müasirləşməsidir. Əvvəllər bu əməliyyatlar, məsələn, burun əməliyyatı 2,5 saat çəkirdisə, hal-hazırda bu əməliyyat 35-40 dəqiqəyə bitir. "Bundan əlavə əvvəllər üzdə qırışların alınması əməliyyatı dəri dartmaq kimi ümumi metodla aparılırdısa, indi dəri toxumalarının arasına piy köçürmək və sair də buraya əlavə olunub. Təbbi ki, dərinin tərkibinə silikon tərkibli maddələri vurmamaq şərtilə". Vaqif Qələndər deyir ki , plastik əməliyyatlar üçün daha çox qadınlar müraciət edir. "Məsələn, qadın səhər durub sifətindəki qırışları görür, bununla barışmır və ya burnunda əyrilik var, bu onu narahat edir. Əgər 40-50 dəqiqədə bunu düzəltmək mümkündürsə, qadın niyə bütün həyatı boyu komplekslə yaşasın? Ona görə, bu əməliyyatların sayı artıb. Plastik əməliyyatlar insanları psixoloji komplekslərdən qurtarır".
Hansı plastik əməliyyatlar üçün müraciət olunur? - sualına gəlincə cərrah-həkim bildirib ki, daha çox üç halda müraciət olunur. "Anadangəlmə anomaliyalarda, müxtəlif travmalardan sonra yaranan problemlərin aradan qaldırılması üçün və estetik xarakterli əməliyyatlar üçün. Estetik əməliyyatlardan isə daha çox burun əməliyyatlarına görə müraciətlər çoxdur. Bu onunla əlaqədardır ki, insan üzündə ən çox travmaya məruz qalan burundur. Burun insan gözəlliyinin 55-60 faizini təşkil edir. Buna görə də insanların burun əməliyyatları üçün müraciət etmələri bu baxımdan təbii bir haldır. Amma fərqli müraciətlər də olur". Estetik-plastik əməliyyatlarda yaş fərqinə diqqət çəkən Vaqif Qələndər deyir ki, ümumiyyətlə, əməliyyatların 17-18 yaşından sonra aparılması məsləhətdir. Əgər nəfəsalma yolunda problem varsa, zədə ciddidirsə, yanıq varsa, həkim göstərişi ilə əməliyyat aparıla bilər. Burunda olan əməliyyatların isə 14 yaşından erkən aparılması düzgün deyil, çünki qığırdaq-sümüyünün formalaşmasını nəzarət altında saxlamaq lazımdır. Xərclərə gəlincə, Vaqif Qələndər qeyd edib ki, əməliyyat metodikasına, ağırlıq dərəcəsinə görə fərqlənir. Hər kəsdə, hər pasientdə müxtəlifdir, yoxlamadan bunu demək mümkün deyil.
Lakin heç də həmişə nəticə xəstənin istədiyi kimi olmur. Bu əməliyyatlarda da ölüm riski digərlərindən az deyil. İnsanların həvəslə qol qoyduğu bu əməliyyatların orqanizmə vurduğu dəhşətli zərərləri haqda istər yerli, istərsə də xarici mətbuatda çox məlumatlar var. Məsələn, tanınmış müğənni Reyhan Müslümovanın artıq çəkidən azad olmaq istəyərkən dünyasını dəyişməsi bir çoxlarımızın xatirindədir.
Hazırda bütün klinikalarda plastik və rekonstruktiv cərrahiyə əməliyyatları aparılır. Əməliyyatların qiyməti isə bir-birindən fərqlənmir. Burun çəpəri əyriliyi və plastik əməliyyatı 1000-1500 manatadır. Burun daxilində başqa problemlər olsa, əməliyyatın qiyməti 2 min manatadək artır. Göz ətrafında qırışları gərdirmək üçün tələb olunan məbləğ isə 800 manatdır. Bədəndən artıq yağların götürülməsi xanımlara azı 1500 manata başa gəlir. Süd vəzisinə silikon qoydurmağın qiyməti 2 min manatdan az deyil. Dodaqlarının həcmindən razı qalmayanlar vurulan gelin təbii və ya süni olması, həmçinin miqdarına görə ödəniş edirlər. Maddənin süni olmasını istəyənlər qramına görə 50 manat, təbiiliyə üstünlük verənlər isə 250 manat ödəniş etməlidirlər. Əlbəttə, bu tam dəqiq qiymətlər deyil. Həkimin yerli və ya xarici olması, onun baxışından sonra qiymətdə artım ola bilər.
Klinikalar bildirirlər ki, əvvəl plastik cərrahlar xaricdən gətirilirdi, indi isə yerli həkimlərə daha çox etibar edirlər. Çünki xarici həkimlərin əməliyyat edib, pullarını alıb, ölkəni tərk edirlər. Bu da xəstəxana rəhbərliyi üçün sərfəli olmur. Xəstəxana rəhbərliyinin yaxası burnu, çənəsi, sinəsində istədiyi nəticəni görməyən xəstələrin əlində qalır. Həkim pulunu ölkəsində xərcləyərkən, onlar xəstəni yenidən əməliyyat edərək vəziyyətini düzəldəcəklərinə razı salmağa çalışırlar. Bu da klinika üçün əlavə xərc deməkdir. Əlbəttə, xəstə qarşısında heç bir öhdəlik daşımadığını düşünən klinikalar az deyil və onlar xaricilərlə işləməkdə davam edirlər.
Xatırladaq ki, ölkəmizdə fəaliyyət göstərən özəl klinikalar bütün plastik, rekonstruktiv əməliyyatlar həyata keçirir. Bura cinsin dəyişdirilməsi də daxildir, düzdür, onların heç birinin saytında əməliyyat siyahısında belə bir məlumat əks edilməyib. Cinsi dəyişdirmək qanunla qadağan edilən əməliyyatlar sırasında daxil deyil. Lakin bunun üçün tək həkimin qərarı yetərli deyil.
Plastik cərrah Tale Nemətzadə estetik əməliyyatlara marağın artdığını deyir. Onun sözlərinə görə, bunun əsas səbəbi əməliyyatın daha rahat, qısa müddətdə olmasıdır: "Müraciət edənlərin yaş məhdudiyyəti də azalıb. Əvvəl ortayaşlı qadınlar daha çox müraciət edirdilərsə, indi 18-20 yaş qrupunda olan insanların sayı artıb. 18 yaşdan aşağı plastik əməliyyat etmirik. Müraciət edənlərin sayının daha da artacağını düşünürəm. Çünki əməliyyat və sağalma dövrü azalıb. Əvvəl üzdartma əməliyyatı 8-10 saat olurdusa, indi daha qısa zamanda başa çatır. Müraciətlərdə qadınlar üstünlük təşkil edir, buna səbəb onların gənc qalmaq istəyidir. Xüsusən qarın, üzdə qadınlar, burun əməliyyatında isə kişilərin sayı az deyil".
Estetik əməliyyat etdirmiş şəxslər sonra yenidən bu prosedurlardan istifadəyə təkrar ehtiyac duyurlar. Həkimin sözlərinə görə, bu əməliyyatın düzgün aparılmaması ilə əlaqədardır: "Lakin üzgərdirmə əməliyyatında 10 il sonra yenidən bu prosedura ehtiyac duyulması yaşlanma ilə əlaqədardır. Çünki estetik əməliyyat, sadəcə, insanı olduğu yaşdan daha gənc göstərmək üçündür. Amma bu yaşlanmanın qarşısını ala bilmir. Ona görə də bir neçə il sonra yenidən eyni əməliyyat etdirməyə ehtiyac duyurlar".
Uğursuz əməliyyatların bir səbəbi də Azərbaycanda plastik cərrahların hazırlanmaması ilə əlaqədardır. T.Nemətzadə həkimin səhvinin bu sahədə ali təhsilin verilməməsi ilə əlaqədar olmasına münasibət bildirib: "Tibb Universitetində plastik cərrahiyə kafedrasının yaradılması ilə bağlı işlər aparılır. Bu cür təhsil verilmədiyinə görə mən Türkiyədə oxumuşam. Yaxın bir zamanda Azərbaycanda bu cür təhsil yaradılacaq".

Ülviyyə Tahirqızı