“Bakıda şəhər təsərrüfatı ilə bağlı səlahiyyətlərin konkretləşdirilməlidir” Hadisə

“Bakıda şəhər təsərrüfatı ilə bağlı səlahiyyətlərin konkretləşdirilməlidir”

Razi Abbasbəyli: "Faktiki olaraq paytaxtda yol təsərrüfatı üzrə mühafizə mexanizmləri işləmir"

Nübar Seyidova: "İdarəetmənin mexanizmində dəyişdirilməsinə ehtiyac var"

Noyabrın 2-si günün ikinci yarısından 3-ü səhərədək ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti paytaxt rayonlarında və ətraf qəsəbələrdə ciddi problemlərə yol açıb. Üzləşdiyimiz real mənzərə Bakının qışa hazır olmadığını bir daha ortaya qoydu.
Qeyd edək ki, intensiv yağış paytaxt Bakı küçələrində problemlərə səbəb olub, bəzi evlərə su dolub. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxılmaz vəziyyətdə qalan 7 nəfəri xilas ediblər. Ən çox ziyan dəyən yerlərdən biri də Yasamal rayonundakı 225 nömrəli orta məktəb olub. Belə ki, adıçəkilən məktəbin hələ təmiri başa çatmamış dam örtüyünü külək uçurub. Nəticədə yuxarı mərtəbələrdə olan sinifləri su basıb. Siniflərin tavanında uçmalar meydana gəlib.
Güclü yağış Bakının Səbail, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında da problemlər yaradıb. Nərimanov rayonunda fərdi yaşayış evlərinə su dolub. Hadisə ilə əlaqədar Nərimanov rayonu ərazisində evdən çıxma çətinləşib, 5 nəfərə köməklik göstərilib. Yağan güclü yağış Səbail rayonunda bir evin uçmasına səbəb olub. Bəşir Səfəroğlu 152 ünvanında yerləşən fərdi yaşayış evi qəfildən çökməyə başlayıb. Məlumatlara görə, çökən mənzildə heç kim məskunlaşmır. Binəqədi sakinlərinin "Report"a verdiyi məlumata görə, yağan güclü yağış rayonun mərkəzi küçələrində iri nohurlar əmələ gətirib. Nəticədə maşınların hərəkət etməsi çətinləşib. "Axşamdan yağan yağış Binəqədi rayonunun "Mərkəz" adlanan hissəsinə gedən yolu keçilməz hala salıb. Maşınların hərəkət etməsi çətinləşib, uzun bir tıxac yaranıb" - deyə, rayon sakini Əbülfəz İsayev bildirib. Yağış paytaxtın Sabunçu rayonunda da əhaliyə çətinlikər yaradıb, bəzi yolları keçilməz edib.
Dünən səhər saatlarında isə paytaxtın əsas küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının verdiyi məlumata görə, yağışlı hava ilə əlaqədar Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac müşahidə olunub. Belə ki, Heydər Əliyev prospektindən şəhər istiqamətinə, Bakı-Sumqayıt şosesindən şəhər istiqamətinə, Yusif Səfərov küçəsi ilə hər iki istiqamətdə, Həsənoğlu küçəsindən şəhər istiqamətində, Atatürk prospektindən Ziya Bünyadov prospekti istiqamətinə, Binəqədi şosesindən şəhər istiqamətinə, Əlyar Əliyev küçəsindən Nərimanov küçəsi və Ziya Bünyadov prospekti istiqamətində tıxac yaranıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yaranmış acınacaqlı vəziyyətə görə məsuliyyəti təmsil etdiyi qurumun üzərindən yayındırmağa çalışır.
O deyib ki, Bakının avtomobil yollarının 20 faizinin kənarı ilə yağış kanalizasiyası şəbəkəsi çəkilib və bu, yağış sularının avtomobil yollarından çəkilməsi üçün nəzərdə tutulub: Hazırda paytaxtda mövcud olan yolların yenidən qurulması və yeni avtomobil yollarının tikintisi ilə bağlı fəal işlər görülür. Bu işlərin gedişində yağış sularının çəkilməsi üçün müasir norma və tələblərə uyğun yeni infrastruktur yaradılır. Lakin tikintisi zamanı bu gün üçün artıq köhnəlmiş standartların tətbiq edildiyi avtomobil yolları mövcuddur. Onların bəzilərində yağış sularının çəkilməsi üçün mövcud olan sistem qeyri-işlək vəziyyətdədir, bəzilərində isə bu sistem ümumiyyətlə yoxdur".
Mətbuat xidmətinin rəhbəri deyib ki, həmin çatışmazlıqları cari təmir yolu ilə aradan qaldırmaq mümkün deyil. Bunun üçün mərhələli şəkildə həyata keçirilən əsaslı təmir tələb olunur.
P.Mürsəliyev buna misal kimi yol örtüyünün dağıldığı, həmçinin yağış sularının çəkilməsi sistemində problemin olduğu Ziya Bünyadov prospektini göstərib.
O, qeyd edib ki, bu, yağış sularının vaxtında çəkilməsinə imkan vermir və nəticədə gölməçələrin yaranmasına, prospektin asfalt-beton örtüyünün vaxtından əvvəl dağılmasına səbəb olmuşdu.
ASC rəsmisi bildirib ki, məhz buna görə də hazırda prospektdə tamamlanma mərhələsində olan əsaslı təmir işlərinə başlanıldı: "Əsaslı təmir və yenidənqurma çərçivəsində prospektin yağış kanalizasiyası sistemi müasir norma və standartlara uyğun vəziyyətə gətirildi".
Onun sözlərinə görə, bundan başqa, avtomobil yollarının yenidən qurulması zamanı kanalizasiya quyularının montajına və qapaqlarının əvəz edilməsinə böyük diqqət ayrılır.
Hava şəraitinin kəskin dəyişməsi, güclü külək və yağış yağması paytaxtda və ətraf ərazilərdə istilik, qaz və su sistemində problemlər yaradıb. Binəqədidən gələn şikayətlərdə rayon sakinləri işıq və qaz problemindən gileyləniblər. Sakinlər deyiblər ki, ötən gecədən rayonun bəzi yerlərində işıqlar sönüb, qazın təzyiqi azalıb. Digər rayonlardan edilən şikayətlər yollarda kanalizasiya şəbəkəsinin tutulması, keçilməz gölməçələrin yaranması, tıxacların əmələ gəlməsilə bağlı olub.
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Modern.az-a dediyinə görə isə elektrik sistemində heç bir problem yaranmayıb. O deyib ki, qış vaxtına keçidlə bağlı sistem gücləndirilib: "Güclü külək əsməsinə baxmayaraq, bütün şəbəkələr normal çalışır. İşçilərimiz də fərdi qaydada bu prosesə nəzarət edirlər. Problem yaranarsa, operator dərhal onu aradan qaldırır. Vətəndaşların şikayəti olsa, 199 saylı " qaynar xətt" telefonuna zəng edə bilərlər".
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, havaların soyuması səbəbindən qaza olan tələbat artıb: "Buna görə əhaliyə verilən qazın da həcmi artırılıb. Dünəndən heç bir problem olmayıb. Mavi yanacağın kəsilməsi və ləngiməsi hallarına rast gəlinməyib. Müraciətlər də olmayıb".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sürücüləri yağışlı hava şəraiti ilə əlaqədar diqqətli olmağa çağırıb. O, sürücülərə texniki baxışdan keçməyən, şüşəsilənləri işləməyən, mövsümü təkərləri olmayan avtomobillərlə yola çıxmamağı tövsiyə edib. İşıqforlar işləmədiyi halda sürücülər yol nişanlarına uyğun hərəkət etməlidirlər. Vaqif Əsədov hazırda yol polisinin paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində iş apardığını bildirib.
Qeyd edək ki, məktəblərin istilik sistemində də problem yaranıb. Əlavə edək ki, kommunal ehtiyacı ilə bağlı lazım olan vəsait dövlət tərəfindən ödənilir. Yəni qurumlardan yalnız işinə məsuliyyətli yanaşaraq tədbir görmək tələb olunur. İqtisadçı Nübar Seyidovanın sözlərinə görə, hər il "Azəristiliktəchizat" ASC-yə təxminən 40 milyon manat vəsait ayrılır. 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə 112 milyon manat vəsait ayrılıb, investisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Bu isə təkcə təhsil deyil, digər obyektlərin də istiliklə təminatına bəs edəcək vəsaitdir. "Mən hələ Təhsil Nazirliyinin və digər dövlət qurumlarının fərdi qazanxanaya xərclədiyi vəsaiti nəzərə almıram. Yəni bu qurum kifayət qədər maliyyələşir" - deyə iqtisadçı bildirir. Ekspert hesab edir ki, idarəetmənin mexanizmində dəyişdirilməsinə ehtiyac var: "Təhsil ocaqlarının istiliklə təminatı üçün fərdi qazanxanaların sayı artırılmalıdır. Fərdi qazanxanalara nəzarət etmək asandır. Məsuliyyət daşıyacaq qurum olmalıdır, əks halda qurumların bir-birini ittiham etməsi ilə problem çözülməyəcək".
İqtisadçı ekspert Razi Abbasbəyli isə dedi ki, Bakı şəhərində şəhər təsərrüfatı ilə bağlı səlahiyyətlərin konkretləşdirilməsinə ciddi ehtiyac var: "Faktiki olaraq paytaxtda yol təsərrüfatı üzrə mühafizə mexanizmləri işləmir. Yolu inşa edən və ya təmir edən strukturlar sonradan digər kommunal sistemlərin müdaxiləsi ilə bərbad hala salınır. Su, qaz, hətta elektrik xətlərinin təmiri və ya dəyişidirliməsi zamanı istifadəyə tam yararlı yollar yararsız hala salınır. Xüsusilə ilə də yollarda ötürücü sistemlər işləmir. Kanalizasiya sistemləri bərbad haldadır. Bu baxımdan da Bakı şəhərində yol infrastrukturunun formalaşdırılması üçün ilk növbədə bir sıra islahatların həyata keçirilməsinə ehtiyac var. Xüsusilə də yolların mühafizə mexanizmi sərtləşdirilməlidir. "Azərsu", "Azərqaz" və digər qurumlar yolu mühafizə edən dövlət qurumundan icazə almadan yararsız hala salmamalıdır".

Əli