İmtahanlarda köçürməyə yol verən 188 nəzarətçi müəllim bazadan xaric edilib Hadisə

İmtahanlarda köçürməyə yol verən 188 nəzarətçi müəllim bazadan xaric edilib

2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15657 nəfər olub.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahanlarda 13043 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq 28157 nəzarətçi) iştirak edib.
2020-ci ildə nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilən nəzarətçilərlə yanaşı, köçürməyə və digər qayda pozuntularına yol verən, cəlb edildiyi imtahanlara üzrlü səbəb olmadan gəlməyən nəzarətçilərlə də bağlı tədbir görülüb. Qeyd olunan səbəblərə görə 188 nəzarətçi bazadan xaric edilib və onlar haqqında məlumatlar müvafiq qurumlara göndərilib.