“Əmək müqavilələrini elektron qeydiyyatdan keçirməkdən yayınanlar mövcuddur” Hadisə

“Əmək müqavilələrini elektron qeydiyyatdan keçirməkdən yayınanlar mövcuddur”

Səlim Müslümov: "Dövlət nəzarəti zamanı aşkar olunan belə hallara qarşı ciddi inzibati tədbirlər həyata keçirilir"

"Bu gün ölkə rəhbərliyinin sosial-iqtisadi inkişaf strategiyasının ən mühüm uğurları eyni zamanda əhalinin sosial müdafiəsinin mütəmadi olaraq güclənməsində, sosial cəhətdən həssas əhali qruplarına qayğının davamlı olaraq artırılmasında öz əməli təsdiqini tapır". Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə iqtisadi idarəetmə və xidmətin yeni texnologiyalar əsasında müasirləşdiyi bir zamanda əmək və sosial müdafiə sistemində neqativ hallara şərait yaradan iş üsullarının qalması mümkün deyil və nazirliyin fəaliyyətində yeni yanaşmaların tətbiqi artıq günün tələbi kimi ortaya çıxır: "Bu prioritetlər əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində beynəlxalq normalara və milli reallıqlara əsaslanaraq qanunvericilik bazasının və praktik iş mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə müəyyənləşdirilmiş strategiya və qəbul olunmuş dövlət proqramlarının icrasının səmərəliliyinin artırılması, nazirliyin institusional və idarəetmə potensialının müasir çağırışlara adekvat olaraq yüksəldilməsidir. Konkret fəaliyyət istiqamətləri əmək münasibətləri sahəsində elektron qeydiyyat mexanizminin qurulmasına, əlillik və sosial yardımların təyinatı prosedurlarının avtomatlaşdırılmasına, beləliklə, bu sahələrdə şəffaflığın təmin olunmasına, əhalinin həssas kateqoriyalarının sosial müdafiə sistemindən şəffaf müstəvidə və daha rahat yararlanmaq imkanlarına malik olmasına yönəlmişdir".
Nazir deyib ki, ölkəmizdə məşğulluq imkanlarının getdikcə genişlənməsi, digər tərəfdən əmək bazarında formal əmək müqavilələrinin bağlanması hallarına tez-tez yol verilməsi və belə halların, nəticədə, həm işçi hüquqlarının təminatında, həm də vergi və sosial sığorta haqlarının ödənişində ciddi problemlərə yol açması bu sahəyə dövlət nəzarətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə daha səmərəli təşkili məsələsini aktuallaşdırıb: "Həmçinin, əmək bazarı ilə bağlı real və etibarlı məlumatları əks etdirən informasiya bazasının olmaması bu sahə ilə bağlı düzgün və obyektiv təhlillərin aparılmasını xeyli çətinləşdirirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 3 fevral tarixli Fərmanı bu aktual məsələnin həlli üçün mühüm islahatın aparılmasına əsas yaratdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qısa müddətdə mükəmməl proqram təminatına malik əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin hazırlanaraq "Elektron hökumət" portalı üzərindən istifadəyə verilməsi Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açdı.
Bununla da əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkili, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalardan irəli gələn, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan, qeyri-leqal məşğulluq hallarının aradan qalxmasına şərait yarandı. Sistemdən istifadə ilə bağlı işəgötürənlər arasında aparılan geniş nəlumatlandırma tədbirlərinin, eləcə də bu prosesdə işəgötürənlərin məsuliyyətlə və işgüzarlıqla iştirak etməsinin müsbət nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin 90 faizdən çoxu artıq sistemdə yerləşdirilib. Lakin etiraf edək ki, əmək müqavilələrini elektron qeydiyyatdan keçirməkdən yayınanlar da mövcuddur və dövlət nəzarəti zamanı aşkar olunan belə hallara qarşı ciddi inzibati tədbirlər həyata keçirilir".
Səlim Müslümov həmçinin bildirib ki, qeyd olunan islahat tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən əhaliyə göstərilən elektron xidmətləri sırasına daha 3 yeni e-xidmət növünün ("Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış") əlavə olunmasına imkan vermişdir. Bu e-xidmətlər hazırda ən yüksək istifadəçi sayı ilə seçilirlər: "Əmək potensialının keyfiyyətcə yüksəldilməsi üçün Dünya Bankının "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanmış 200 peşə standartı cari ilin əvvəllərində işəgötürənlərin istifadəsinə verilib. Bu il daha 70-ə yaxın yeni peşə standartının layihələri hazırlanıb. Kadr hazırlığının daim inkişaf edən əmək bazarının tələblərinə uyğun təşkilinə xidmət edən peşə standartlarının hazırlnması işləri davam edir və qarşıdakı dövrdə daha 5 minə qədər peşə standartının hazırlanması nəzərdə tutulur".
Səlim Müslümov onu da vurğulayıb ki, aparılan islahat tədbirlərindən biri də əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasıdır və bu məqsədlə yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə şərait yaradır: "Artıq əlillik vəziyyətlərinin müəyyən olunması üçün bütün məlumatların səhiyyə müəssisələrindən Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) və sonrakı mərhələdə əlillik müayinəsinin nəticəsi barədə məlumatın aidiyyatı qurumlara ötürülməsi elektron şəkildə həyata keçiriləcək. Sistem vasitəsilə yaradılmış elektron məlumat bazasına isə əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatlar daxil edilir. Artıq bu bazaya 137 minə yaxın şəxslə bağlı əlillik müayinəsinin nəticələrinə dair məlumat daxil edilmişdir və ilin sonuna kimi bu prosesin yekunlaşdırılması nəzərdə tutulur.
İnformasiya bazası aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunub və onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan götürəcəklər. Bu sistem əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına, neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə yönəlib.
İslahatların digər istiqaməti ünvanlı sosial yardımların təyinatı ilə bağlıdır. Bildiyiniz kimi, ötən ilin sonlarından etibarən ünvanlı sosial yardım təyinatında şəffaflığın təmin olunması üçün bu yardımları alanların siyahıları həm nazirliyin saytında, həm də Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanır. Bu siyahılarda adları olan, lakin əslində ünvanlı yardım almaq hüququ olmayan ailələr barədə nazirliyə daxil olan hər bir müraciət ciddi araşdırılır və ünvanlılıq prinsipinə əməl olunmadan yardım təyinatı həyata keçirən əməkdaşlarla bağlı dərhal inzibati tədbirlər görülür.
Eyni zamanda, ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri artıq yekunlaşmaqdadır. Qabaqcıl dünya təcrübəsindən yararlanmaqla bu sahədə Azərbaycana məxsus yeni bir sistem yaradılıb və bu elektron sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qəbulu və yardımların təyinatının avtomatik şəraitdə həyata keçirilməsini nəzərdə tutur. Digər tərəfdən, aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub".
Nazirin sözlərinə görə, son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunmasına nəzarətin xeyli güclənməsinin nəticəsi olaraq bu ilin ötən dövründə əlilliyi olan şəxslərdən tam reabilitasiya olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1645 nəfər artaraq 6938 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 2907 nəfər artaraq 3952 nəfər təşkil edib: "Həmçinin bu dövrdə təkrar əlillik müəyyən edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. Bu təbəqədən olanların mənzilllə və minik avtomobili ilə təminatında mühüm addımlar atılmaqla bərabər, bu ilin ötən dövründə əlilliyi olan şəxslərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verilib, ümumilikdə 4012 nəfərə protez-ortopedik xidmət göstərilib. Nazirliyin bərpa mərkəzlərində 6618 nəfər bərpa-müalicə xidməti ilə təmin olunub, 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib.
Əlilliyi olan insanların məşğulluğuna şərait yaradılması, əmək bazarına maneəsiz çıxışının dəstəklənməsi də diqqətdə saxlanılır. Cari ilin 9 ayında məşğulluq xidməti tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfərin məşğulluğu təmin edilib ki, onlardan 191 nəfəri əlilliyi olan şəxslərdir. Həmçinin bu müddətdə 340 nəfər əlilliyi olan şəxs, o cümlədən 60 nəfər gözdən əlil şəxs peşə hazırlığına cəlb edilib.
Ötən ilin dekabrında Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin əsaslı təmirdən sonra açılması dövlət başçısının əlilliyi olan şəxslərin məşğulluq imkanlarına yiyələnməsinə göstərdiyi qayğının növbəti ifadəsi oldu. Bu mərkəz məhz əlilliyi olan şəxslərin peşə hazırlığına xidmət edir və əlilliyi olan gənclərin burada müxtəlif peşələrə (xalçaçılıq, rəssamlıq, kulinariya, toxuculuq və s.) yiyələnməsi, həmçinin təlim müddətində lazımi qayğı ilə təmin olunmaları üçün bütün şərait mövcuddur. Ötən dövrdə bu mərkəzdə 272 nəfər sağlamlıq imkanları məhdud gənc yeni peşələrə yiyələnmək üçün qəbul edilmişdir. Onu da bildirim ki, ƏƏSMN-nin sifarişi ilə hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunan Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi qeyd olunan şəxslərin peşə reabilitasiyasında da mühüm rol oynayacaq".