
Azərbaycanda bələdiyyə seçkiləri demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib. Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) seçki qərargahının dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin müşahidəsinə dair ilkin rəyində qeyd olunub. Bununla bağlı keçirdiyi mətbuat konfransında qərargahın sədri Məhərrəm Zülfüqarlı bildirib ki, seçki günü 5 dəfə məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, seçici fəallığının vəziyyəti və s. barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilib. Yekun hesabat isə 8 yanvar 2015-ci il tarixinə kimi ictimaiyyətə təqdim ediləcək.
M. Zülfüqarlı bildirib ki, AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış 400 məntəqədə seçici fəallığı 39,7 % təşkil edib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir.